Onlayn ictimai-siyasi qəzet
“Xüsusi texnikalar süpürgəçiləri işsiz qoyacaq, ondansa təhlükəsizlik artırılsın” - ekspert
Paytaxtımızın ən riskli peşələrinin siyahısını tərtib etsək, küçə təmizlikçiləri birincilər sırasında olacaq. Bakıda yolu təmizləyən təmizlik işçilərinin avtomobillə vurulması kimi hadisələr dəfələrlə baş verib. Bəzi Asiya ölkələri kimi, Azərbaycanda da küçəni qadınlar süpürür.
Təmizlikçilərin bir qismi nisbətən təhlükəsiz həyətləri, bəziləri isə yol kənarlarını təmizləyir. Dünyanın bir çox ölkəsində yollar, küçələr, xüsusən də sürət həddi yüksək olan magistralların kənarları xüsusi texnikalar vasitəsilə təmizlənir. Paytaxtın sürət həddi yüksək olan yollarında isə təmizlik işlərinə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin qadın əməkdaşları cəlb edilir və onların həyatı təhlükə altına düşür. Odur ki, bədbəxt hadisələrin qarşısının alınması üçün tədbirlərin görülməsi zəruridir.
İlk növbədə qeyd etmək lazımdır ki, yüksək riskli ərazilərdə işlədikləri üçün təmizlikçilərin həyatları sığortalanmalıdır. Ekspertlərə görə, ümumiyyətlə, təmizlikçilər yolun hərəkət hissəsində işləməməlidirlər və onlar da nəhayət, zibil toplamaq üçün lazımi müasir cihazlarla təchiz olunmalıdırlar.
Təhlükəli, hərəkətin gur və intensiv olduğu yerlərdə texnika tətbiq edilsə, insan itkisi yaşanmaz. İnkişaf etmiş ölkələrin çoxunda sistem avtomatlaşdırılıb və küçə təmizliyi texniki vasitələrlə həyata keçirilir. Bu sistem təmizlik işlərinin insan faktorundan azad olunması üçündür. Eyni zamanda bir çox ölkələrdə təmizlik işçilərinin maaşları da kifayət qədər yüksəkdir.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirir ki, texnikaların təmizliyə cəlb olunması məsələnin ilkin həlli yoludur: “Təmizlik hər şeydən öndədir, insan həyatından dəyərli heç bir şey yoxdur. Bacardıqca texnikanın əməyindən istifadə olunmalıdır. Texnikaların alınıb Bakıya gətirilməsi müəyyən məbləğ tələb edir. Gəncədə kommunal texnikanın istehsalını yaratmaqla işi daha ucuz qiymətə başa gətirmək olar. Belarusda kommunal texnikalar istehsal edilir, onlarla müştərək nələrsə etmək mümkündür. Bu növ texnikaya tək Bakıda deyil, Mingəçevirdə, Lənkəranda və digər böyük şəhərlərdə də ehtiyac var. Magistralları təmizləyən texnikaları isə təkmilləşdirmək olar. Bu işdə bacardıqca insan əməyindən az istifadə etməklə təhlükəsizliyi təmin etmək mümkündür”.
Elməddin Muradlı
Nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə bu işlərdə insan əməyindən istifadə olunur: “Mən müəyyən araşdırmalar edib görmüşəm ki, dünyada da bu cür əl əməyindən istifadə olunur. Çünki küçələrdə elə yollar var ki, oraya texnika girmir, insan əməyi lazım olur. Doğrudur, Azərbaycanda bu sahədə vəziyyət lap bərbaddır. Texnikalar çox az hallarda istifadəyə verilir. Bakı Şəhər İcra Hakimiyyəti gecə 12-dən sonra bəzi prospekt və küçələrdə işıqları söndürür. Səhər saat 4-5 radələrində isə təmizlikçiləri küçəyə çıxardır ki, gedib yeri süpürsünlər. Qaranlıq küçədə həmin süpürgəçilərin həyatları təhlükədə olur, hər an onları maşın vura bilər. Süpürgəçilərin yanında bələdçi olmur, işıq qaytarıcı geyimlər verilmir, geyim qaydalarına nəzarət olunmur. Məsələn, qaranlıq küçədə bir süpürgəçi qara rəngdə geyinirsə, onu hər an görmək mümkün deyil. Təmizlikçi qadını maşınla vuran sürücü ilə söhbət etmişəm. Deyib ki, küçə qaranlıq olub, görməyib. Maşın vuranda elə bilib zibil torbasına dəyib. Sonra məlum olub ki, süpürgəçini vurub. Göründüyü kimi, onları qaranlıq vaxtı işlətmək daha təhlükəlidir. Burada təmizlikçilərin də məsuliyyətsizliyi var, yolun ortasında rahat gəzirlər. Bununla bağlı onlara çox ciddi təlimlər keçməlidirlər. Sərt döngə, görüntü məhdudiyyəti, dumanlı hava ilə bağlı məlumatlar verilməlidir. Bu cür qəzaların qurbanları ən çox süpürgəçi qadınlar olur. Yaxşı olardı ki, təmizlik işləri aparılan zaman yanıb sönən fənərlə sürücülərə işarə verilsin”.
Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında deyib ki, kommunal təsərrüfat idarəsində işləyən işçilərin hər biri istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri halları ilə bağlı İcbari Tibbi Sığorta haqqında qanuna uyğun olaraq sığortalanmalıdırlar: “Onları sığortalamayan hüquqi şəxslər 5 min manat cərimə olunur. İkincisi müvafiq tədbirlər görülməlidir. Məsələn, onların təmizlik işləri apardıqları ərazilərdə yolun kənarında müəyyən məsafələrdən bir rəngli işarələr qoyulmalıdır ki, sürücülər oradan yan keçsinlər. Süpürgəçilərə işıq saçan geyimlər verilməlidir ki, toranlıq vaxtı görünsünlər. Mütəmadi olaraq əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair təlimatlandırılmalıdırlar.
Texnikanın alınması da ucuz başa gəlmir, kifayət qədər kapital lazımdır. Belə olan halda niyə daha çox insan işləyib, maaş almasın?!"
Şahanə RƏHİMLİ,
Yeni Müsavat
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ