Onlayn ictimai-siyasi qəzet
Mütəxəssislər deyir ki, vaxtında həkimə müraciət edilməsə, ağırlaşma ola bilər
Payız fəsli gələr-gəlməz insanlar müxtəlif virus-infeksiyasına yoluxmasından şikayətçidir. Bununla belə, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərin də sayı az deyil. Bəs bu fəsildə insanlar özlərini müxtəlif xəstəliklərdən qorumaq üçün nələrə diqqət etməlidirlər? Digər tərəfdən, növbəti ayda COP29 kimi mötəbər tədbirə görə ölkəmizə dünyanın hər bucağından qonaqlar gələcək. Nəzərə alsaq ki, bəzi ölkələrdə bir sıra xəstəliklər yayılıb, bəs bu xəstəliklərin ölkəmizdə yayılma ehtimalı nə qədərdir? Qabaqlayıcı nə kimi tədbirlər görülməlidir?
“Kəskin respirator virus infeksiyaları olduqca çoxdur. Bunların arasında mövsümi qrip nisbətən daha təhlükəli olub ağırlaşmalar və əlverişsiz nəticələrlə fərqlənir”.
Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “93 FM” dalğasında yayımlanan “Sağlam radio”da açıqlayıb.
Onun sözlərinə görə, bu infeksiyalardan qorunma yolları əsasən qeyri-spesifikdir və hava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün ümumidir (maskanın geyilməsi, əl gigiyenası və s.):
“Qripə qarşı spesifik və effektiv qorunma vasitəsi peyvənddir. Hər il sentyabr-oktyabr aylarında dövriyyədə olan fəsli qrip viruslarına qarşı olunan peyvənd həmin şəxsi növbəti vaksinasiyayadək qoruyur”.
Mütəxəssis-ekspert qeyd edib ki, ölkəmizdə hər il Səhiyyə Nazirliyi tərəfindən belə peyvəndlər gətirilərək ambulator-poliklinik müəssisələrə paylanılır və qripə qarşı vaksinasiyanın əhali, birinci növbədə risk qrupları arasında aparılmasına çağırışlar edilir: “Yadda saxlamaq lazımdır ki, yalnız vaxtında edilən peyvənd bir çox xoşagəlməz fəsadların və ağır nəticələrin qarşısını ala bilər”.
Adil Qeybulla
Tanınmış həkim, tibb elmləri doktoru Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, hava-damcı yolu ilə yayılan infeksiyaların qarşısını almaq mümkün deyil: “Çünki insanlar danışır, asqırır, öskürür, yaxud da ünsiyyətdə olur. Bu viruslar nəfəs yolu ilə insanlara keçir. Karantin tədbirləri, təcrid olunmaqla qorunmaq olar. Bundan başqa, maska taxılması, məsafə gözlənilməsi, əllərin gigiyenasına diqqət edilməsi aktual olaraq qalır. Təəssüflər olsun ki, bu gün heç kim maska taxmır, məsafə gözləmir. Sanki bu virus infeksiyalarını rədd etmiş kimi, heç nəyi görmürlər. Əllərin dezinfeksiyası fərdidir. Yaxşı olar ki, əllər isti su ilə sabunla bir neçə dəfə yuyulsun, evə gələndə, yemək yeyəndə, işə başlayanda. Amma buna nə dərəcədə əməl olunur, bu da sual altındadır”.
O ki qaldı ölkəmizdə tədbirlərin keçirilməsinə, professor deyib ki, insanlar arasında təbliğata diqqət etmək lazımdır: “Onsuz da tədbirlərdə müxtəlif infeksiyalar ola bilər. Bunu heç kim proqnozlaşdıra bilmir. Amma bu istiqamətdə müəyyən təbliğat TV-lərdə olsaydı, yaxşı olardı. Hər halda, bunun nəticələri ola bilər”.
Vaqif Qarayev
Tanınmış pediatr Vaqif Qarayev də mövzu ilə fikrini bildirib: “Payız gəldi, mövsümlə bağlı uşaqlarda "payız “ xəstəlikləri də artır. Əsasən soyuqdəymə müşahidə edilir, bu zaman hərarət yüksəlir, burun tutulur, öskürək, ümumi zəiflik, halsızlıq kimi əlamətlər olur. İlk yardım kimi hərarət salıcılardan istifadə etmək olar. Evdə uşaq çoxlu maye qəbul etməlidir. Xəstə uşaq kollektivə (məktəbə, bağçaya) buraxılmamalıdır. Çünki həm başqasını yoluxduracaq, həm də özü gec sağalacaq. Bu halda müxtəlif ağırlaşmalar da yarana bilər. Kiçik yaşlı uşaqlarda hərarət yüksəkdirsə, mütləq həkimə müraciət olunmalıdır. Daha sonra, bu mövsümdə allergik problemlər kəskinləşir. Xüsusən bronxial astmalı uşaqlarda tutmalar tezləşir. Ona görə payız aylarında həkimin yazdığı müalicəyə mütləq əməl etmək lazımdır. Sinusitlər (haymorit, frontit), otit payızda kəskinləşir. Bu xəstəliklərdə özünümüalicə yolverilməzdir. Mütləq həkimə müraciət edilməlidir. Sistit, Pielonefritə də (sidik kisəsi və böyrəklərin iltihabı) soyuq havalarda tez-tez rast gəlinir. Uşağın ayağı mütləq isti olmalıdır. Əgər uşaqda tez-tez ağrılı sidiyə getmə müşahidə edilirsə, təcili həkimə müraciət edilməlidr. Revmatizm, revmatik ağrılarının (oynaq ağrıları) payızda kəskinləşməsi çox xarakterikdir. Ona görə revmatoloqun təyinatına məsuliyyətlə yanaşmaq lazımdır. Xroniki qastrit, mədə yarası kimi xəstəliklər də payızda kəskinləşir. Bundan başqa, bəzi viruslar uşaqlarda qusma, qarın ağrısı yaradır. Bütün hallarda özünü müalicə ilə məşğul olmaq olmaz”.
Pediatr əlavə edib ki, payız aylarında uşaq qalın geyindirilməli (xüsusən başında və ayaqlarında isti geyim olmalıdır). Gündəlik menyusunda meyvə-tərəvəz daha çox olmalıdır. Hava imkan verirsə, təmiz havada gəzməlidir. İnsanların sıx toplaşdığı qapalı məkanlarda olmasa yaxşıdır...
Havaların soyuduğu, xəstəliklərin artdığı, infeksion xəstəliklərin çoxaldığı bu dönəmdə düzgün qidalanmaq çox önəmlidir. Mütəxəssislər payız mövsümündə qidalanma ilə bağlı aşağıdakı məsləhətləri verirlər: Payız aylarında immuniteti qoruyaraq, daha da gücləndirmək üçün təsiredici vasitələrdən biri yetərincə və planlı qidalanmaqdır. Xüsusilə infeksiyalara qarşı daha həssas olan uşaqlar, hamilə qadınlar, süd verən analar və qocalar üçün düzgün qidalanma daha çox önəmlidir.
Düzgün qidalanma gün ərzində hər növ qidadan kifayət qədər qəbul etməklə mümkündür. Beləliklə, ehtiyacımız olan zülal, karbohidrat, yağ, vitamin və mineralları da qəbul etmiş oluruq. Xatırladaq ki, A və C vitaminləri, antioksidant effekti göstərirlər və bu vitaminlər həzm sistemini gücləndirərək xəstəliklərlə mübarizədə bədənə güc verir. Kök, yaşıl bibər, mandarin və s., keşniş, şüyüd kimi göyərtilər vitaminlərlə zəngindir. Meyvə şirəsi çəkildikdən sonra qısa müddətdə içilməlidir. Meyvə şirəsi saxlanlıdıqda tərkibindəki C vitamini itir. Çünki bu vitaminə işıq və isti tez təsir edir. Bundan əlavə, çay və qəhvə yerinə bitki çayları və ya C vitamini ilə zəngin olan itburnu çayına üstünlük verin. Yemək zamanı və ya yeməkarası çoxlu miqdarda salat yemək də bizi ehtiyacımız olan vitaminlərlə təmin edəcək. Tərkibindəki C vitamini itməsin deyə salatları da meyvə şirəsi kimi hazırlandıqdan sonra tez zaman ərzində qəbul edin.
Düzgün qidalanmada digər bir şərt, kifayət qədər zülal qəbul etməkdir. Xüsusilə süd, qatıq, pendir, yumurta, ət, toyuq və balıq kimi qidalar zülalın ən yaxşı mənbəyidir. Sözügedən məsləhətlərə əməl etməklə immun sisteminizi gücləndirib, xəstəliklərdən qoruna bilərsiniz.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ