Onlayn ictimai-siyasi qəzet
Elm nazirliyimizin açıqlamasına görə son illərdə beynəlxalq hörmətli jurnallarda məqalə dərc edən alimlərimizin sayında artım yaranıbdır. Neçə faiz, dəqiq yadımda qalmayıb.
Açığı, mən Narxozda oxuyan vaxtdan da belə rəqəmləri çox yadda saxlaya bilmirəm. O üzdən sənətin dalıyca getmədim, getsəydim indi bəlkə gömrükdə general işləyirdim, sahibkarlarımızın dərisinə saman təpirdim.
Hərçənd bu qabiliyyət ki məndə var, ola bilsin orada da ac-yalavac oturacaqdım, son aylarda tamojnada baş verən qəribə hadisələrin iştirakçılarından biri olacaqdım. Yəqin siz də görmüsünüz. Gah gömrüyün işçiləri maaş üsyanına qalxır, gah deyirlər pensiyamızı verin.
Hətta dünyanın ən absurd hadisələrindən biri Gömrük Hospitalında yaşanmışdı. Həkimlər deyirdi ki, 2 ildir maaş almırıq (?! - Bu müddətdə hava ilə yaşamışlar, bunun özü fiziologiya elmində görünməmiş hadisədir, çünki insanın yeməksiz uzağı 50 gün, susuz isə 5-6 gün yaşaması məlum idi, bizim həkimlər isə 2 il, yəni 730 gün ac-susuz qalaraq vətənə xidmət göstərmişlər).
Bəs bu müdhiş xeyriyyəçiliyin səbəbi nə imiş? Gəlin bunu həkimlərin öz dilindən eşidək: “2 il əvvəl rəhbərlik maddi problemlərin olduğunu və bu səbəbdən bir müddət maaşlarımızdan tutulacağını bildirdi. O vaxt bizi bir yerə topladılar və dedilər ki, Dövlət Gömrük Komitəsinin (DGK) maddi durumu yaxşı deyil, Mərkəzi Gömrük Hospitalına tibbi alətlərin alınması üçün vəsait ayıra bilmir. Bunun üçün də biz həkimlər köməklik göstərməliyik”.
Mövzudan çox uzaqlaşdıq, qayıdaq alimlərimizin elmi kəşfləri temasına. Belə inkişaf hərtərəfli hiss olunur. Məsələn, hazırda müsəlmanlarımız Ramazan bayramını qeyd etməkdədir, Qafqaz Müsəlmanları İdarəsi orucun açılması vaxtlarını (sahur və iftar) yüksək dəqiqliklə göstərməyə başlayıb. Örnək üçün, əgər Bakıda və Abşeron yarımadasında mart ayının 18-i üçün imsak vaxtı 05:21-dirsə, Ağcabədi rayonunda bunu plyus 10 dəqiqə sonra, Ağdamda isə 11 dəqiqə sonra etməliyik. Ucar +8, Zərdab +9 dəqiqə və sairə. Bütün regionlarımız təqvimdə göstərilib. Hesab edirəm QMİ-də bunun üçün atom saatı var. Ya da AMEA Şamaxı rəsədxanasıyla birgə çalışırlar. Bütün hallarda Allah işlərini savab eləsin. Ramiz Mehdiyev AMEA sədri olanda Xızıda torpaq əkişdirib villa tikdirən akademiklərimiz üçün də bir salavat zikr edək.
Mənim üçünsə bu sahədə xüsusi yenilik Günəşin Ucardan Zərdaba 1 dəqiqəyə, Ağcabədiyə isə daha 2 dəqiqə sonra çatması oldu. Böyük məsafə qət edirmiş. Şəxsən elə bilirdim bütün ölkəmiz eyni saat qurşağındadır. Deyilmiş.
Əziyyətli işdir. Günəşin işini nəzərdə tuturam. Hər gün Bakıdan Ağcabədiyə getməlisən. Üstəlik, bunun yayı-qışı var, təsəvvür edirəm yazıq Günəş iyulun qızmarında Ucardan Zərdaba çatanacan nə qədər tər tökür. Mən özüm axırıncı dəfə rayona kamandirovkaya gedərkən Kürdəmirin “Bığ” restoranında yediyim çolpanın üstündəyəm.
İnsan gərək hər əziyyətə qatlaşsın. İnsanı insan edən çəkdiyi əziyyətlərdir. Şair bu temada yaxşı yazıbdır: “Çün Nəsiminin susamış qanına yarın ləbi, Noldu, ey münkir, sana kim, qaynadı qanın yenə”.
Təkcə mən belə düşünmürəm, təhsil ekspertlərimiz də oxşar mövqedədir. Yadıma gəlir, bir dəfə hörmətli təhsil ekspertimiz təklif etmişdi ki, gəlin biz orta məktəblərdə Çin modelini tətbiq eləyək. Deyir, orada uşaq yaxşı oxumayanda valideynini cəzalandırırlar. Ta bunu necə edirlər, açığı, bilmirəm. Valideyni küncə qoyurlar, ya COVİD virusu olan yarasa yeməyə məcbur edirlər? Bəlkə Si müəllim tanka minir, valideynin üstündən keçir? Yaxşı olar cəza üsulları da açıqlansın, işimizi bilək. Nigarançılıq pis şeydir.
Hələlik bu qədər. Təhsillə bağlı başqa təklif və yeniliklərimiz də olacaq, paxlavanın hamısını bir günə yeməyin, yolumuz uzundur.
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ