Onlayn ictimai-siyasi qəzet
Tərtərdə avtomobillə qadını vuraraq öldürməkdə təqsirləndirilən Arzuman Tağızadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesin yekununda A.Tağızadəyə hökm oxunub. Bildirilib ki hadisə 2022-ci il noyabrın 18-i saat 19 radələrində rayonun Kəbirli kəndində baş verib.
Kənd sakini, 30 yaşlı Tağızadə Arzuman Əhliman oğlu sürücülük hüququ olmadan idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən həmkəndlisi, 32 yaşlı Kərimova Aynur Murad qızını vurub. Nəticədə yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb mərkəzinə yerləşdirilib. A.Kərimova bu il yanvarın 13-də Bakıda müalicə olunduğu tibb mərkəzində ölüb.
Mərhum A.Kərimovanın atası bildirib ki, hadisə onun gözü qarşısında olub: “Qızım rayonun Xoruzlu kəndi ərazisində yerləşən “Patron“ adlı şirkətdə işləyirdi. Hər gün işə saat 08-də gedib axşam saat 19:00 radələrində qayıdırdı. Həmin gün də iş yoldaşının maşınında evə gəlirmiş. Mən də həmişəki kimi onu qarşılamaq üçün yola çıxdım.
Saat 7-də Kəbirli kəndinin giriş hissəsinə çatandan sonra maşından düşüb yolun əks istiqamətinə keçmək istədi. Bu zaman qarşı tərəfdən gələn “Ford Transit” markalı avtomobil qızımı vuraraq yoldan 30 metr kənara tulladı. Cəld yolun digər hissəsinə keçib övladımı tapdıqdan sonra onu orada olan şəxslərin köməkliyi ilə öz maşınımda - “Mersedes” markalı avtomobildə Bərdədəki Diaqnostika Mərkəzinə apardım. İlkin yardım göstərildikdən sonra qızımı Gəncə şəhərində yerləşən Mərkəzi Klinakaya apardıq.
Vəziyyəti ağır olduğu üçün bir müddət orada müalicə alsa da, onu Bakı şəhərində yerləşən Mərkəzi Klinikaya təxliyyə etdik. Maddi imkanımız zəif olduğu üçün övladımı dövlət xəstəxanasına köçürdük və Rəsulzadə qəsəbəsindəki Məlikov adına xəstəxanada vəfat etdi”.
Məhkəmədə M.Kərimov 2 azyaşlı uşaq atası olan 30 yaşlı sürücünü bağışladığını və ona humansit cəza verilmsini xahiş edtiyini deyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda A.Tağızadə Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sürücülük hüququ olmadan pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.
O, 3 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və cəzasını məntəqə tipli müəssisədə çəkəcəyi qeyd edilib.
A.Tağızadə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ