İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın revanşistlərə qarşı “B planı” - bəs sülh müqaviləsi?

Ermənistanda vəziyyət idarəolunmaz şəkil alarsa, növbədənkənar seçkilərə gedilə bilər; ekspert: “Kreml müxalifətin Paşinyanı devirmək gücündə olmadığının fərqindədir”

Kapitulyant Ermənistanda radikal-revanşist müxalifətin hakimiyyət əleyhinə küçə etirazları davam edir. “Yeni Müsavat” xəbər verir ki, “Hraparak” qəzeti belə vəziyyətdə hakimiyyətin növbədənkənar parlament seçkiləri haqda düşündüyünü yazıb.

Nəşrin iddiasına görə, əgər vəziyyət idarəolunmaz şəkil alarsa və hökumətin etirazçıları cilovlamaq üçün resursları qalmazsa, növbədənkənar seçkiləri yenidən elan etməyə dəyər. “Bu, mövcud rejimin təzə ”nəfəs" alması və ömrünün uzanması demək olacaq. Etiraz dalğasını yatıra bilməsələr, hökumətin “B planı” işə düşəcək", - qəzet iddia edib.

Ermənistanda sonuncu parlament seçkiləri (o da erkən olub) ötən ilin iyununda keçirilib. Həmin seçkilərdə baş nazirin “Vətəndaş İttifaqı” partiyası qalib gəlib. Lakin hökumət rəsmisi bu qəbildən iddiaları təkzib edərək, erkən seçkilərin olmayacağını açıqlayıb. Hərçənd bu da var ki, ötən il də Ermənistanda oxşar vəziyyət mövcud olub. Yekunda isə hakimiyyət seçkilərə getdi.

Başqa yandan, erkən seçkilərlə Paşinyan yenə “bir güllə ilə iki dovşan” vurmaq fikrinə düşə bilər: bir daha radikal müxalifəti ciddi ictimai dəstəyə malik olmadığını göstərib susdurmaq; Bakı ilə sülh prosesini ləngitmək üçün əlavə bəhanə, vaxt qazanmaq.

Bəs Nikolun “B planı” reallaşa bilərmi? Bakının bu plana reaksiyası, əks-planı nə olacaq? Ümumiyyətlə, erməni iqtidarının erkən seçkiyə ehtiyacı varmı?

Bu arada, mayın 20-də Nikol Paşinyan Ermənistan Demokratiya Forumunda bildirib ki, hökumət ölkə rəhbərliyinin elan etdiyi sülh gündəliyinin mahiyyətini vətəndaşlara aydın şəkildə izah etməlidir. Baş nazir əmindir ki, Ermənistanın siyasi rəhbərliyi və xalq bu missiyanın həyata keçirilməsinin zəruriliyi ilə həmrəydir. Paşinyan bütün demokratik qüvvələrin bu vəzifə ətrafında birləşməsini vacib hesab edib.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, küçədə “döyülənlər” və həbs edilənlər Rusiyanın təsiri altına olan qüvvələrdir: “Bu halda Vaşinqton Rusiyanın dəstəkçilərinə və Paşinyanı devirmək istəyənlərə niyə dəstək verməli və ya həbs edilənlərin taleyi ilə maraqlanmalıdır? Radikal müxalifətin təmsilçiləri ABŞ səfirini tənqid edərkən Kremlin daha çox xoşuna gəlmək istəyirlər. Bəllidir ki, Kreml Amerikanı tənqid edənləri yanında görmək istəyir. Buna baxmayaraq, Kreml radikal müxalifətin Nikol Paşinyanı devirmək gücündə olmadığının fərqindədir. Amma yalandan məlumat yayırlar ki, guya Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son toplantısında Rusiya prezidentindən xahiş etmək istəyib ki, təşkilat yanvar ayında Qazaxıstanda olduğu kimi Ermənistana da hərbi qüvvələr göndərsin. Bu Paşinyan əleyhinə xəbər təxribatına bənzəyir. Ermənistan polisi Paşinyana tabedir və küçədəkiləri neytrallaşdırır. Bu halda Paşinyanın kənar müdaxiləyə niyə ehtiyacı olsun ki?”

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu 

Siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, Paşinyan etirazçılara kütləvi həbslər, polis zorakılığı ilə sərt şəkildə cavab verir. “Belə ki, hadisə yerinə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Onların insanlara zorakılıq tətbiq etdiyi görüntülərdən də aydın müşahidə edilir. Bundan əvvəl etirazçılara butulka atan Ermənistan polisi bu dəfə də vətəndaşları döyərək onları dayandırmağa çalışıb. Saxlanılanlar arasında qadınlar da var. Maraqlıdır ki, Ermənistanda nə aksiyalar fonunda baş verən polis zorakılığı, nə də kütləvi həbslərə dair ABŞ, Qərb ölkələri reaksiya verir”.

Təhlilçi hesab edir ki, Paşinyan öz hakimiyyətini qorumaq üçün istənilən addımı atmağa hazırdır: “Bu baxımdan əslində o sələfləri Sekj Sərkisyan və Robert Köçəryandan fərqlənmir. Misal üçün, hazırda polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq edir. ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Vaşinqton Paşinyanı dəstəkləyir. Yəni küçədə bağıranların demokratiya ilə əlaqələri yoxdur”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova düşünmür ki, hökumət erkən seçkiyə getsin. Onun fikrincə, iqtidar üçün hələlik fors-major vəziyyət, yaxud xaos yaranmayıb: “Ermənistanda aksiyalar davamlı olsa da, iştirakçıların sayı artmır. Bunu hakimiyyət müşahidə edir və görür ki, mitinqlərdə kütləvilik yoxdur. Üstəlik, son bir neçə gündə aksiyaların dağıdılması daha sərt şəkildə edilir. Görünür, Paşinyanın səbri tükənib. Hətta Daşnaksütyun partiyasının sədri barəsində cinayət işi açılıb. Hakimiyyət artıq müxalifətin nazı ilə oynamır və aksiyaların kobud surətdə dağıdılması təlimatı verilib. Ona görə Paşinyanı erkən seçkiyə sürükləyən proses getmir. Bundan əlavə, mayın 22-də Brüsseldə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq. Yəni, Ermənistan hakimiyyəti Moskvanın təzyiqlərinə, Kremlin əlaltısı olan müxalifətin etirazlarına baxmayaraq, Avropa İttifaqının moderatorluğu ilə görüşləri davam etdirməkdədir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR