İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “Nürnberq” xofu - Bakıdan şillə kimi cavab

Erməni baş nazir çərənləyib ki, guya Araik Gəncənin vurulması ilə bağlı məhkəmədə etirafını narkotik təsiri altında edib; XİN İrəvanın layiqli cavabını verdi - görəsən, regional gərginliyi artıran kimdir?

Separatçıların Bakıda başlanan məhkəməsinin Ermənistanın siyasi çevrələrində, hakimiyyətində çaxnaşma yaradacağı barədə öncədən yazmışdıq. Məlumdur ki, hərbi cinayətlərdə ittiham olunan Araik Arutyunyan məhkəmədə öz təşəbbüsü ilə söz alaraq, Gəncənin gecə vaxtı, insanlar yatdığı halda və deməli, daha çox mülki əhalinin qətli üçün raketlərlə vurulması haqqında qərarı onun vermədiyini bildirib.

Onun bu sözləri baş nazir Nikol Paşinyanı əməlli-başlı qorxuya salıb. Məntiqlidir, çünki o vaxt işğalçı ölkənin ali baş komandanı Paşinyan olub. İndi də özüdür. 10 noyabr kapitulyasiya sənədinə Ermənistan adından imza atan da odur - Paşinyan. Ötən həftə Ermənistanın İctimai Televiziyasına müsahibəsində bu haqda danışan Paşinyan tipik erməni həyasızlığı ilə iddia edib ki, guya Araikin belə söz deməsinə səbəb ona qanunsuz psixotrop dərmanın təsiri altında olması ilə bağlı olub: “Regional gərginliyi qızışdırmağa yönəlmiş ifadələr almaq üçün bu insanlara qarşı psixikaya təsir edən, qadağan olunmuş narkotiklərdən istifadə olunur və həmin məhkəmə Ermənistana (oxu; Paşinyana - red.) qarşı istifadə ediləcək”.

Qeyd edək ki, Araik Arutyunyan Gəncəni vurmaq qərarını vermədiyini, bu qərarı verməyə səlahiyyətinin çatmadığını məhkəmədə etiraf edib. O, 44 günlük müharibə zamanı Gəncənin vurulmasını özünün əmr etdiyi barədə yaydığı videonu yada salaraq, bu videonun çəkilmə səbəbi haqda istintaqa ifadəsində danışdığını bildirib. Eyni zamanda bu hadisəyə görə Azərbaycan xalqından üzr istəyib. Artıq Azərbaycan XİN erməni baş nazirin axmaq iddiasına cavab verib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə guya regional eskalasiyaya rəvac vermək məqsədilə separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirilən iddiaları əsassız və gülünc adlandırıb. “Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu təsbit edilib. Ermənistan tərəfindən belə bir bəyanatın verilməsinin, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər əsəbi olduğunu nümayiş etdirdiyi aydındır. Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistanın baş nazirinin ölkəmizin ərazilərində saxladığı qondarma rejimi təbliğ etdiyini və 2 sentyabr 2023-cü il tarixində, nümayəndələrinin Azərbaycan tərəfindən məsuliyyətə cəlb edilməsindən bir neçə həftə əvvəl, separatçı xunta rejimini qondarma "müstəqillik" münasibətilə təbrik etdiyini heç kim unutmayıb", - Hacızadə qeyd edib. Bəs Paşinyan niyə narahatdır və Bakıya niyə bu cür böhtan atır? Hətta şantaj edir bizi: guya məhkəmə regional gərginliyi artıra bilər. Görəsən, regional gərginliyi artıran tərəf kimdir?

Bölgəyə avropalı “casus”ları cəlb edən, Zəngəzur dəhlizinin açılmasını yubadan, amerikalı hərbçiləri sərhədə dəvət edən, Fransadan, Hindistandan silahlanan ölkə regional gərginliyi artırır, yoxsa dinc həyata, dayanıqlı sülhə, iqtisadi blokadadan çıxışa çağırış edən Azərbaycan? Görünür, Paşinyan Gəncənin vurulması ilə bağlı Araikin etirafından təşvişə düşüb. Bu terrorda Ermənistanın siyasi-hərbi rəhbərliyinin məsuliyyəti heç də az deyil. Ona görə də Paşinyan olduqca bəsit və cəfəng “bəhanə” tapıb - guya Araik narkotikin təsiri altında olub.

Bakupost.az - Akif Nağı da namizəd oldu

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Paşinyanın təlaşlanması təbiidir: “Onlar Araik və digərlərinə kömək edə bilməyiblər. Bu cinayətkarlar isə istintaq dövründə bir sıra məsələləri açıqlayıblar, məhkəmədə də etiraflar etməkdədirlər. Sadəcə, Ermənistan indidən uydurmalar irəli sürür və özünü həmin situasiyaya hazırlayır. Əslində Paşinyan qorxur ki, Araik onun adını çəkəcək. Bu, zəncirvari prosesdir və məhkəmə prosesləri getdikcə daha böyük həqiqətlər üzə çıxacaq”. A.Nağı bildirdi ki, Azərbaycan Baş Prokurorluğu Ermənistanı əməkdaşlığa dəvət etdi, amma İrəvan buna reaksiya vermədi: “Əvəzində, Paşinyan məntiqsiz açıqlamalar verməkdədir. Bu da özünüqoruma instinktidir. Hərbi canilərin mühakiməsinin regionda gərginliyin artması ilə əlaqəsi yoxdur. Onlar hərbi canilərdir və məhkəmə istintaqı davam edir. Bu məsələni siyasiləşdirmək, guya regionda hər şey qaydasında imiş, amma bu məhkəmə prosesi onu pozur demək, bunlar cəfəngiyyatdır. Belə məlum olur ki, Ermənistan sərhəddə təxribata hazırlaşır, indidən zəmin hazırlayır, adını da "regionda gərginliyi artıran məhkəmə işi" qoyur".

Mühacirlərə “tərs şillə” - Ehtiram Mehdiyev | İCTİMAİ.AZ

Ehtiram Mehdiyev

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə vurğuladı ki, Paşinyan qorxur: “Bunun səbəbi sadədir - Araik əmrin Ermənistanın baş nazirindən gəldiyini açıqlaya bilər. Çünki bu əmri vermək səlahiyyəti olmadığını deyib. O zaman bu hüququ ona verən Paşinyan və ölkənin müdafiə naziri olub. Əgər bu fakt açıqlansa, Qərb dairələrində məsələ qaldırmalıyıq. Paşinyanın terrorçu və hərbi cani mahiyyətini ifşa etməliyik. Əlbəttə ki, Gəncənin, Bərdənin bombalanmasının məsuliyyətini təkcə qondarma rejimin rəhbərləri daşımır, onlarla birlikdə bütün cinayətlərə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi də cavabdehdir. Ona görə də Nikol həyəcanlanıb ki, birdən adı çəkilər və özünü "demokrat" kimi sırıyan bir baş nazir hamının gözündə müharibə canisinə çevrilər". E.Mehdiyev regionda gərginliyi Brüssel-Vaşinqton-İrəvan triosunun yaratdığını açıqladı: “Cənubi Qafqaza müdaxilələr kövrək sabitliyi pozmağa səbəb ola bilər. Bakıda mühakimə edilənlərin isə regiondakı proseslərə aidiyyəti yoxdur. Paşinyan yenə də spekulyasiya etməyə çalışıb”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR