Onlayn ictimai-siyasi qəzet
Ermənistan rəhbərinin Prezident İlham Əliyevlə görüşməyə üzü yoxdur, yoxsa son aylar xüsusilə ABŞ rəsmilərinin İrəvana müntəzəm səfərləri Ermənistan rəhbərini ürəkləndirib?
Ermənistanın baş naziri Nikol Paşinyanın Dumanlı Albionda - Londonda keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi ilə bağlı reaksiyalar davam edir. Yada salaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa Siyasi İcmasının Londonda keçirilən tədbiri çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün baş tutmamasının səbəbini açıqlayıb.
“Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk. Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başa düşülən deyildir və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirmək, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk” deyə, H.Hacıyev bildirib.
Böyük Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb. Tərəfdaş ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Qırx dörd günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgiləyib. İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Bu ölkə 2023-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına ümumilikdə 83 milyard dollar sərmayə qoyub. 2023-cü ildə Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 790 milyon dollardan çox olub. Cari ilin yanvar-may aylarında isə ticarət dövriyyəsinin həcmi 140 milyon ABŞ dollarından artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çoxdur.
Paşinyanın imtinasının Böyük Britaniyanın müharibə zamanı tutduğu ədalətli mövqeli ilə əlaqəsi varmı? Ermənistan rəhbərinin Prezident İlham Əliyevlə görüşməyə üzü yoxdur, yoxsa son aylar xüsusilə ABŞ rəsmilərinin İrəvana müntəzəm səfərləri Ermənistan rəhbərini ürəkləndirib?
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, Ermənistan rəhbərliyinin, xüsusən, işğalçı ölkənin baş nazirinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi onun yox, Qərbdəki havadarlarının beyninin məhsuludur: “Nikol Paşinyan sadəcə olaraq, Sorosun əmrini yerinə yetirir. Bu da o deməkdir ki, Ermənistan müstəqil siyasət yürütmək və sülhə töhfə vermək iqtidarında deyil. Bu da gələcək həftələrdə və ya aylarda Qərbin diktəsi ilə yenidən gərginliyin yaranmasına səbəb ola bilər. Görünür, Ermənistan yenidən silahlanma yolunu tutub və Azərbaycana qarşı işğalçı zehniyyətindən hələ də əl çəkməyib. Nikol Paşinyan heç şübhəsiz ki, Böyük Britaniyanın 44 günlük müharibə və ondan sonrakı proseslərdə Azərbaycanın yanında olmasını həzm edə bilmir. Əgər bu görüş ABŞ və ya Fransada baş tutsaydı, o zaman Ermənistan tərəfi qaçaraq bu görüşə gələrdi. Görünür, Hindistan, Fransa və Yunanıstandan aldığı dəstək İrəvana yeni qol-qanad verib. Amma bütün bunlar yeni reallıqları dəyişməyəcək. Azərbaycan azad etdiyi torpaqlara əbədi qayıdıb. Görünən odur ki, payız-qış kampaniyasında Ermənistan Azərbaycana qarşı növbəti təxribatlara hazırlaşır. Bu görüşdən imtina da həmin təxribatlara hazırlığın bir ismarışıdır. Bu baş verərsə, Ermənistan adlı müstəqil dövlətin mövcudluğu da sual altına düşə bilər. Qərbin bundan sonrakı proseslərdə hansı mövqe sərgiləyəcəyi çox maraqlı olacaq. Çünki Qərb regionda sülh olmasını dilə gətirir. Ermənistanın son addımı isə sülhdən yayınmadır”.
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu görüşün baş tutmamasında bir sıra səbəblər görür: “Erməni baş nazir Nikol Paşinyan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı ikili oyun oynayır. Bir tərəfdən sülh razılaşmasının tezliklə imzalanmasına hazır olduğunu bəyan edir, digər tərəfdən isə bundan qaçır. Ölkəsini NATO silahları ilə silahlandırır, militarizasiya siyasəti yürüdür. Ermənistan həqiqi sülhə nail olmaq istəyirsə, bütün formatlardan və danışıqlar üçün əlverişli olan fürsətlərdən imtina etməməlidir. Avropa Siyasi Birliyinin tədbirində hər iki dövlət başçılarının görüşməsi və danışıqlar aparması sülh gündəliyinin irəli aparılması üçün çox yaxşı imkan idi. Lakin məlum olduğu kimi, Paşinyan həmin görüşə maraq göstərmədi. Bunu mən bir sıra amillərlə izah edərdim. Bildiyiniz kimi, Birləşmiş Krallıq dünyada, o cümlədən, Avropada sülhün və təhlükəsizliyin qorunmasında xüsusi rol oynayır. Qərbdə böyük nüfuza və təsirə malikdir. London keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe sərgiləməyə çalışırdı və beynəlxalq hüquq normalarını əsas tutaraq Bakının halı sayırdı. 44 günlük ikinci Qarabağ müharibəsində də haqqı nahaqqa vermədi. Londonla Bakı arasında çox sıx iqtisadi-ticari və siyasi əlaqələr mövcuddur. Böyük Britaniya ilə Fransa arasında həmişə rəqabət olub. Hətta eyni birlik və bloklarda təmsil olunsalar da, Paris və London nüfuz uğrunda barışmaz mövqe sərgiləyiblər. Fikrimcə, Paşinyanın Böyük Britaniyada və onun vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsinin səbəblərindən biri Fransanın Paşinyana təzyiqidir. Paris istəməz ki, London təşəbbüsü ələ alsın. Digər səbəblərdən biri də, Azərbaycan Prezidenti İlham Əliyevin həmişə bütün formatlarda və görüşlərdə Paşinyanın üzərində siyasi və psixoloji üstün mövqeyinin onu indiki daxili böhran dövründə bir qədər də çətin vəziyyətə salacağından ehtiyat olunmasıdır. Çünki belə görüşlərdən sonra Ermənistanda rəqibləri tərəfindən Paşinyana qınaq və hücumlar artır. Erməni baş nazir müzakirə olunacaq məsələlərin detallarını da, Azərbaycanın prinsipial mövqeyini də bilir. Bəhanə və manevretmə imkanları demək olar ki qalmadığından o, açıq müzakirələrdən qaçır. Son dövrlər Birləşmiş Ştatların Ermənistana diqqətini artırması, yüksək rütbəli rəsmilərin İrəvana intensiv səfərləri və verdiyi bəyanatların da Paşinyanın görüşdən imtinasına təsiri ola bilər. Səbəb hər nə olursa-olsun Paşinyanın görüşdən imtina etməsini Azərbaycan tərəfi haqlı olaraq onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndirib. Beynəlxalq ictimaiyyət gördü ki, Cənubi Qafqaz regionunda davamlı sülh və təhlükəsizliyin əldə olunmasına Ermənistan maneədir və onun bu hərəkətlərinin arxasında Paris dayanır. Rəsmi İrəvanın sülh sazişinin tezliklə bağlanmasına hazır olduğu barədə səsləndirdiyi bəyanatlar da dünyada özünü sülhpərvər göstərməklə aldadıcı mahiyyətdən başqa bir şey deyil. Azərbaycan bütün platforma və tribunalarda dialoqa hazır olduğunu və sülhə maraq göstərdiyini ifadə edib. Ermənistanın yanlış mövqeyi tutduğu xətt təkcə region üçün deyil, ümumi Avropa təhlükəsizlik arxitekturasına zərərlidir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ