Onlayn ictimai-siyasi qəzet
Bakının əsas tələbini icra etməkdən başqa çıxış yolu olmayan Ermənistan rəhbərliyi “bir addım irəli, iki addım geri” siyasəti yürüdür; partiya sədri: “Başa düşür ki, Azərbaycan belə bir tələb qoyubsa, mütləq yerinə yetirilməlidir”
Nikol Paşinyanın Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 34-cü ildönümü münasibətilə həftəsonu dərc olunmuş təbrik mətni erməni millətçi dairələrinin amansız hücumlarına səbəb olub.
Onların fikrincə, Paşinyanın müraciətində Müstəqillik Bəyannaməsi ilə hazırkı Ermənistan Konstitusiyası arasında ziddiyyətlərin olmasını vurğulaması təsadüfi deyil. Belə ki, bu müraciət konstitusiyanın preambulasından bəyannaməyə istinadların çıxarılmasına zəmin hazırlamaq cəhdidir. Erməni revanşistlərinin qəzəbinə Paşinyanın 1990-cı il avqustun 23-də qəbul edilmiş bəyannamənin 5-ci maddəsinə əsasən, silahlı qüvvələr, daxili qoşunlar, dövlət və ictimai təhlükəsizlik orqanlarının o vaxtkı Ermənistan SSR Ali Sovetinə tabe olması barədə dedikləri olub. Halbuki Ermənistanın hazırkı konstitusiyasına görə, onlar əvvəlcə ölkə prezidentinə, 2018-ci ilin aprelindən sonra isə hökumətə tabe olublar. “Bu, birbaşa və birmənalı şəkildə göstərir ki, Ermənistan Konstitusiyası yalnız Müstəqillik Bəyannaməsinin birbaşa, hərfi və birmənalı ifadə olunan müddəalarını ifadə edir və hər hansı digər şərh, sadəcə olaraq, yersizdir”, - Nikol Paşinyan müraciətində yazıb. Bununla bağlı xatırladaq ki, Ermənistanın hazırkı konstitusiyası, daha doğrusu, onun preambulası bu gün Azərbaycanla sülhün əldə olunmasına əngəl törədən əsas maneələrdən biridir. Məlum olduğu kimi, orada Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistana “ilhaq edilməsi” haqqında Müstəqillik Bəyannaməsinə istinad var. Paşinyan Azərbaycana ərazi iddiaları ilə bağlı bu prinsipial mühüm məsələdən yayınsa da, onun dünənki mesajı konstitusiyanın preambulasının çıxarılmasına hazırlıq kimi qəbul edilib.
Keçmiş prezident Serj Sərkisyanın rəhbərlik etdiyi “Respublika” Partiyası bəyan edib ki, “konstitusiyanın preambulasından Müstəqillik Bəyannaməsinə istinadların çıxarılması yolverilməzdir”. Keçmiş deputatı Qaqik Minasyan konstitusiyanın “Ermənistan dövlətçiliyinin əsas prinsiplərinə və Müstəqillik Bəyannaməsində əks olunmuş milli ideyalarına əsaslandığını” vurğulayıb. Məhz buna görə də konstitusiyanın preambulası onun təbirincə desək, “təkcə xarici düşmənlərin deyil, həm də daxili xain qüvvələrin spekulyasiya obyektinə çevrilib”. Keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresindən Aram Manukyan Paşinyanın Müstəqillik Bəyannaməsinin ildönümü şərəfinə etdiyi müraciəti “təbrik yox, ayıb” adlandırıb. Onun fikrincə, əslində Paşinyan belə bir fikri çatdırmaq istəyir ki, Müstəqillik Bəyannaməsi konstitusiyaya uyğun deyil və o, konstitusiyanın preambulasından çıxarılmalıdır. Daşnaksütyun Partiyası, gözlənildiyi kimi, konstitusiyanın preambulasının çıxarılmasına qarşı bəyanat yayıb və Paşinyanın müraciətini pisləyib. Beləliklə, bəlli olur ki, Ermənistandakı revanşist dairələr keçmiş Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınmasını “antikonstitusiya addımı” kimi qiymətləndirərək, konkret olaraq konstitusiyanın preambulasına istinad edirlər... Yada salaq ki, rəsmi Bakı Ermənistan Konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə hesab edir. Paşinyanın bu müraciəti Ermənistanın baş nazirinin yeni oyunu kimi də dəyərləndirilə bilər. Erməni baş nazir bu müraciəti ilə Qərbə və ona sülh sazişini imzalamaq üçün təzyiq edənlərə göstərmək istəyir ki, o, konstitusiyanı dəyişməyə hazırdır, amma erməni müxalifəti buna imkan vermir.
Qeyd edək ki, Azərbaycan Prezidenti sülhün imzalanması üçün rəsmi İrəvanın qarşısında iki şərt irəli sürüb, onlardan biri Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının əksini tapdığı konstitusiyaya, həmçinin ölkənin normativ hüquqi aktlarına dəyişiklik edilməsidir. Paşinyan da anlayır ki, bu addımı atmasa, sülh olmayacaq, amma radikallardan yayınaraq addım atmaq üçün də cəhdlər göstərir.
Arzu Nağıyev
Deputat Arzu Nağıyev “Yeni Müsavat”a bu mövzu ilə bağlı maraqlı fikirlər söylədi: “Uzun illərdir ki, ermənilər Dağlıq Qarabağ və Ağrı dağı kimi simvollarla manipulyasiya edirlər... Amma 2023-cü ilin sentyabrında İrəvan nəhayət ki, Qarabağ üzərində nəzarəti tam itirdikdən sonra və Ermənistan hakimiyyəti ölkənin konstitusiyasının, gerbinin və himninin dəyişdirilməsindən danışmağa başladı... Təbii ki, həmin vaxtdan da Paşinyan ölkənin əsas sənədinə münasibətini dəyişdi və ölkəni daha "rəqabətli" etmək üçün onu dəyişdirməyi təklif edir. Ermənistan hakimiyyətinin güzəştə getməsinin əsas səbəbi Azərbaycanla yeni müharibədən və Ermənistanın özünün müstəqilliyini itirməsindən qaçmaq istəyidir... Ermənistan konstitusiyasının preambulasında müstəqillik aktı kimi verilən müddəa birbaşa Azərbaycan ərazilərinə qanuni iddialar deməkdir və buna görə də Ermənistan konstitusiyanı dəyişməlidir!"
A.Nağıyev əlavə etdi ki, bundan başqa gerbdəki bir sıra simvollar da dəyişməlidir: “Ermənilərin bir çoxu Azərbaycanın guya Türkiyənin dəstəyi ilə ölkənin bir hissəsini işğal etməyə və ya güc yolu ilə dəhliz açmağa cəhd edəcəyindən qorxur. İrəvan bu və ya digər şəkildə narahatlıqlarını Qərbə çatdıra bildi və müəyyən qədər də inandırdı... Təbii ki, Qərbin də regionda özəl maraqları var - Rusuya faktoru və sair. Ermənistan hakimiyyəti öz təkliflərini təbii ki, referenduma çıxarmağa çalışır və qanunda dəyişiklik etmək iddiasındadır. Çünki sülh müqaviləsi imzalanması məhz bunu tələb edir Əks halda, parlament ratifikasiyası mümkün olmayacaq... Eyni zamanda Paşinyanın təklifləri Ermənistan cəmiyyətində qızğın müzakirələrə səbəb olub və İrəvanın guya Bakının tələblərini həvəslə yerinə yetirdiyindən xəbər verir”.
Deputatın sözlərinə görə, Ermənistanda belə düşünülür ki, Qarabağda ərazi güzəştinə gedən istənilən erməni lideri dərhal devriləcək: “Amma Paşinyan əvvəlcə ərazilərin bir hissəsini itirdiyini etiraf etdi, sonra isə Qarabağdan tamamilə imtina etdi. Müxalifət liderləri onu satqın və sair adlandırıb və kütləvi etiraz aksiyaları keçiriblər. Amma devriliş baş vermədi... Hökumət bu dəfə əsas qanunu dəyişdirmək üçün referendumda uğur lehinə 600 mindən çox səs toplamalı olacaq. Təbii ki, öz gələcəyini fikirləşən xalq buna getməlidir, əks halda, daima qorxu və rəzalət içində mövcudluğa məhkumdurlar”.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı isə hesab edir ki, Ermənistandakı situasiya getdikcə bir neçə istiqamətdə mürəkkəbləşir: “Hakimiyyətlə müxalifət arasında qarşıdurma daha da kəskinləşir. Xalqın içərisində də hakimiyyətə qarşı etirazlar var. Paşinyan yaranmış vəziyyətdə müəyyən xarici sifarişləri icra etməyə çalışır. Belə sifarişlər əsasən Qərbdən, ABŞ-dan gəlir. Ona görə də çalışır ki, onların sifarişlərini icra etsin. Eyni zamanda Nikol Paşinyan Rusiyanın təzyiqlərindən yayınmağa çalışır. Onun həyata keçirdiyi siyasi xətt bundan ibarərtdir”. A.Nağı güman etmir ki, Ermənistan rəhbərliyi Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır: “Paşinyanın hərəkətləri bunu göstərir ki, o, Azərbaycanla sülh müqaviləsini imzalamağa maraqlı deyil. Sadəcə olaraq, o, bir neçə istiqamətdə manevr etməyə cəhd göstərir. Burada əsas məqsəd də öz hakimiyyətini möhkəmləndirməkdir. Ermənistan Konstitusiyası və Müstəqillik Bəyannaməsi ilə bağlı dediyi fikirlər də özünün maraqlarına uyğun müəyyən məsələləri reallaşdırmaq istəyi ilə bağlıdır. Paşinyan konstitusiyanı dəyişmək istəyir, amma cəmiyyətdə onun bu planına etirazlar var. O, ölkə konstitusiyasını həm Azərbaycanın tələblərinə uyğun olaraq dəyişdirmək istəyir, başa düşür ki, Azərbaycan belə bir tələb qoyubsa, o, mütləq yerinə yetirilməlidir, amma müxlifət də Paşinyana qarşı hücumları davam etdirir, onun Azərbaycanın diqtəsi ilə hərəkət etdiyini əsas götür. Ona görə də Paşinyan çalışır ki, mövcud konstitusiyanın Ermənistanın maraqlarına uyğun olmadığını, içərisində ziddiyyətlər olduğunu göstərsin və dəyişikliklərə gedilməsi məsələsində o ziddiyyətlərə əsaslansın. Məhz bu səbəbdən güc nazirlərinin kimə tabe olması ilə bağlı - parlamentə, yoxsa hökumətə - bəyannamədəki məqamlarla bağlı fikirlər ortaya qoyur. Eyni zamanda müstəqillik bəyannaməsinin özünü şübhə altına alır ki, bəyannamədə məntiq var, konstitusiyanın maddələri ilə uyğunluq təşkil edir, yoxsa yox?”
A.Nağının fikrincə, göründüyü kimi, bu məsələlərə diqqət yönəldir və rəqiblərinin etirazlarına baxmayaraq, faktlarla danışır: “Ortaya faktlar qoyur ki, doğrudan da konstitusiyanın preambula hissəsi ilə və preambula hissəsindəki müstəqillik bəyannaməsinə istinadların mahiyyəti ziddiyyət təşkil edir. Amma müxalifət sübutlarla ona qarşı mövqe ortaya qoya bilmir. Hətta müəyyən qədər konstruktiv mövqedə olan Levon Ter Petrosyan nümayəndəsi belə, qərəzli şəkildə hücuma keçib, fakt, sübut ortaya qoymadan Paşinyanın haqsız olduğunu sübut etmək istəyir. Serj Sərkisyanın, Daşnaksütyunun mövqeyi aydındır, istənilən məqamdan istifadə edib, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Ona görə də mən bu mübarizəyə Paşinyanın öz hakimiyyətini möhkəmləndirmək cəhdi kimi baxıram. Konstitusiyanı dəyişdirdikdən sonra hətta prezident üsul-idarəsinin tətbiqi ilə bağlı müzakirələr dolaşır. O, bu yolla öz hakimiyyətini möhkəmləndirməyə çalışır. Çünki bu dəfə seçkilər yolu ilə parlamentdə səs qazanacağı ehtimalı nisbətən azdır. Çünki onun əleyhinə çox böyük təbliğat kampaniyası aparılır. Bu mənada konstitusiyada elə bir dəyişiklik etmək istəyir ki, hansısa formada hakimiyyəti saxlasın. Əslində əks tərəf üçün konstitusiyada hansı maddənin qalması elə də maraqlı deyil. Onlar bu kartdan hakimiyyət gəlmək üçün istifadə etmək istəyirlər. Məsələnin mahiyyətində bu dayanır”.
Beləcə, Azərbaycanın əsas tələbini icra etməkdən başqa çıxış yolu olmayan Ermənistan rəhbərliyi “bir addım irəli, iki addım geri” siyasəti yürüdür. Reallıq isə bunu diqtə edir: Ermənistan Konstitusiyası ya dəyişməlidir, ya da dəyişməlidir! Qarşıda sayılı günlər var. Hər halda, Qarabağ separatçılarının qondarma günündə Paşinyanın özünü necə aparacağından da çox şey asılı olacaq. Nikol ənənəvi səhvini təkrar edərsə...
E.PAŞASOY,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ