İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın ən yaxın adamı onu devirməyə çalışır: ABŞ və Qərb yenə Rusiyanı qabaqlayır

Paşinyan hakimiyyətindən sızan məlumatlara görə, erməni baş nazir son vaxtlar uğraya biləcəyi siyasi xəyanət təhlükəsinə həmişə olduğundan daha ciddi yanaşmağa başlayıb... ABŞ və Qərbin Rusiyaya qarşı konkret addımlardan çəkinən erməni baş naziri əvəzləmək üçün artıq “düyməyə” basdığı, hakim komandanın önəmli bir hissəsini onun siyasi rəqibinin tərəfinə keçməsini təmin etməyə nail olduğu bildirilir...

Ermənistan dövlətçilik ənənələrindən və idarəçilik prinsiplərindən uzaq ölkəyə çevrilməkdə davam edir. Rəsmi İrəvan bu ölkəni qanunlar çərçivəsində deyil, məhz özəl siyasi maraqlar üzərindən idarə etməyə çalışır. Paşinyan hakimiyyəti özəl siyasi maraqlarının təmin olunması üçün isə ilk növbədə “şayiə texnologiyası”ndan geniş şəkildə istifadə edir. Və Ermənistan cəmiyyəti məqsədyönlü şəkildə Paşinyan hakimiyyətinə sərfəli istiqamətə yönəldilir.

Təbii Paşinyan hakimiyyəti “şayiə texnologiyası”ndan istifadə edərkən, eyni vaxtda bir neçə məqsəd güdür. Belə ki, bir tərəfdən Ermənistan cəmiyyətinin yaxın gələcəkdə atılacaq addımlara mümkün reaksiyası yoxlanılır. Digər tərəfdənsə, ictinai məkanda bəzi məsələlərin həlli metodlarına münasibətdə çaşqınlıq yaradılır. Və nəticədə rəsmi İrəvan gələcək manevrlər üçün əlavə həm zaman, həm də imkanlar qazanmış olur.

Maraqlıdır ki, Ermənistanın “Hraparak” nəşri Paşinyan hakimiyyətinin “şayiə texnologiyası”na bağlı növbəti siyasi oyunları barədə məlumat yayıb. Erməni nəşri iddia edir ki, rəsmi İrəvan yerli idarəetmə orqanlarına dövlətlərarası yollar üzərində olan, dini xarakter daşıyan bəzi abidələrin, memorialların ləğv olunması barədə tapşırıq verib. Məlumata görə, Paşinyan hakimiyyəti bu tapşırığı Azərbaycanla sülh danışıqlarını və delimitasiya prosesinin özəllikləri ilə əsaslandırmağa çalışır.

62373ab36e936.jpg (54 KB)

Məsələ ondadır ki, “Hraparak” rəsmi İrəvanın Ermənistanı blokadadan çıxarılması üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını vacib hesab etdiyini vurğulayıb. Guya, iki qonşu ölkə ilə nəqliyyat kommunikasiya xətləri açıldıqdan sonra dövlətlərarası magistral yollardakı xristian simvolları müəyyən problemlər yarada bilər. Ona görə də, bu məsələlərin həmin vaxta qədər həll edilməsinə önəm verilir. Və bunun nə qədər həqiqətə uyğun məlumat olduğu indi ciddi mübahisə mövzusudur.

Unutmaq olmaz ki, hazırda Paşinyan hakimiyyəti Ermənistanın Qriqorian kilsəsi ilə kəskin ziddiyyətlər yaşayır. Erməni kilsəsi Ermənistanda Paşinyan hakimiyyətinin dəyişdirilməsinin əsas tərəfdarı rolunda çıxış edir. Rəsmi İrəvan isə din xadimlərinin Ermənistan cəmiyyəti üzərində olan təsir gücünü zəiflətməkdə birbaşa maraqlıdır. Ona görə də, Paşinyan hakimiyyəti məhz Ermənistanı tədricən erməni-xristian simvollarından “təmizləmək” niyyətinə düşüb. Bu niyyətini isə Azərbaycan və Ermənistan ilə münasibətlərin normallaşdırılmasının vacibliyi ilə ört-basdır etməyə çalışır.

Rəsmi İrəvanın digər önəmli propoqanda mövzusu isə məhz Ermənistanın dövlət simvollarının dəyiıdirilməsi ətrafında aparılır. Paşinyan hakimiyyəti indiki dövlət simvollarını dəstəkləyən erməni ideoloji düşüncə tərzini dəyişmədən Ermənistanı idarə etməyin çox çətin olduğunu anlayır. Ona görə də erməni siyasi radikalların ideoloji dayaqlarını sarsıdaraq, zəiflətmək üçün dövlət simvollarını yeniləri ilə əvəzləmək qərarına gəlib. Və bunu da sülh prosesinin tələbləri ilə ört-basdır etməyə çalışır.

09b42f4e-9643-41d5-9767-33a583ce5dbf.jpg (88 KB)

Halbuki, rəsmi İrəvan bu məsələdə müəyyən mənada, haqlıdır. Çünki qonşu ölkələrə qarşı aqressivlik, düşmənçilik və ərazi iddiaları ilə yüklənmiş dövlət simvolları Ermənistanın sülh prosesində uğur qazanmasına ciddi əngəl törədə biləcək faktordur. Hər halda, Azərbaycan və Türkiyə ərazi iddialarından imtina etməmiş Ermənistanla münasibətləri normallaşdırmağa qətiyyən həvəs göstərməz. Və bu baxımdan, Ermənistan konstitusiyası, qerbi, himni qonşu ölkələrə qarşı düşmənçiliyi ifadə edir.    

Nəhayət, Paşinyan hakimiyyətini həm də Ermənistanda dövlət çevrilişi ehtimalı narahat etməyə başlayıb. “Hraparak” nəşrinin iddalarına görə, bu dəfə təhlükənin Rusiyadan deyil, məhz ABŞ və Qərbdən gəlməsi Paşinyan hakimiyyəti daxilində çaşqınlıq yaradıb. Belə ki, baş nazir Nikol Paşinyanın yaxın ətrafı artıq Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryana etibar etmir. Əsas səbəbsə, Armen Qriqoryanın ABŞ və Qərblə təmaslarda ciddi şəkildə ön plana keçməyə nail olub.

Bəzi məlumatlara görə, son vaxtlar rəsmi İrəvan Armen Qriqoryanın baş nazir Nikol Paşinyanı hakimiyyətdə əvəzləyə biləcəyi barədə mesajlar da almağa başlayıb. Üstəlik, bu mesajlar əsasən ABŞ və Avropa Birliyinin təmsilçiləri tərəfindən gündəmə gətirilməkdədir. Rəsmi İrəvana eyham vurmağa başlayıblar ki, əgər, Paşinyan hakimiyyəti ABŞ və Qərbin təlimatlarını, istəklərini yerinə yetirməkdən imtina edərsə, onu əvəzləyəcək şəxs artıq hazırdır. Və Armen Qriqoryan Qərbin bütün istəklərini qeyd-şərtsiz icra edə bilər.

2d3bbafb868e834f7976d7b27d18a453.jpg (296 KB)

Maraqlıdır ki, ABŞ və Qərbin Paşinyan hakimiyyətini konkret seçim qarşısında qoyduğu da bildirilir. Belə ki, Qərbdə rəsmi İrəvanın Rusiya siyasətindən o qədər də məmnun deyillər. Çünki ABŞ və Qərb Paşinyan hakimiyyətinin Rusiyaya qarşı qətiyyətli siyasət yürüdə bilmədiyi qənaətindədir. Ona görə də, rəsmi İrəvandan Rusiyaya qarşı daha sərt və birbaşa addımların atılması tələb olunur. Və Qərb bu məsələdə güzəştə getmək, yaxud da uzun müddət gözləmək niyyətində deyil.

Paşinyan hakimiyyətindən sızan məlumatlara görə, erməni baş nazir son vaxtlar bu məsələyə həmişə olduğundan daha ciddi yanaşmağa başlayıb. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın ABŞ və Qərblə müstəqil oyunlar qurmağa çalışması artıq onu narahat etməyə başlayıb. Hər halda, vaxtilə Qərbin dəstəyi və “Soros” Fondunun qurduğu planlar üzərindən hakimiyyəti ələ keçirtmiş baş nazir Nikol Paşinyan onun əvəzlənməsinin o qədər də çətin olmayacağını anlamamış deyil.

Bu baxımdan, erməni baş nazirin artıq siyasi rəqib kimi gördüyü Armen Qriqoryanın sıradan çıxarılmasına çalışacağı qətiyyən istisna deyil. İndi onun qarşısındakı ən böyük təhlükə bu qarşıdurmada hakim komandada çatların əmələ gələrək, parçalanma prosesinin başlanması ilə birbaşa bağlıdır. Hər halda, ABŞ və Qərbin baş nazir Nikol Paşinyanı əvəzləyərkən, hakim komandanın əhəmiyyətli bir hissəsinin Armen Qriqoryanın tərəfinə keçməsini təmin edəcəyi qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR