İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Paşinyanı yıxmaq istəyir – Rusiya Ermənistana hərbi mesaj verir

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. Baş tutacaq görüşün vasitəçisiz olacağı gözlənilir.

Musavat.com xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bununla bağlı diqqətçəkən fikirlər irəli sürüb.

O hesab edir ki, Azərbaycanla sülh sazişinin imzalanmasını gələn ilə saxlamaq Ermənistan baş naziri Nikol Paşinyan üçün risklidir:

“Ona qarşı 3 qüvvə - radikal müxalifət, kilsə və bir qrup iş adamı birləşib. Bu 3 qüvvənin arxasında Kreml dayanır. Moskva Ermənistanda gələn il parlament seçkisinə qədər Nikol Paşinyanın mövqelərini zəiflətməyə, imkan daxilində onu devirməyə çalışacaq. Nikol Paşinyan bundan xəbərdar olduğuna görə hər 3 qüvvəyə qarşı radikal addımlar atır, parlamentdə daha çox bağıran müxalifət təmsilçilərini, Rusiyaya bağlı keşişləri və işadamlarını həbs edir.

elxan.jpg (68 KB)

Ancaq hadisələr Paşinyanın nəzarətindən çıxa da bilər. Təsadüfi deyil ki, Rusiyanın Gümrüdəki hərbi bazasını gücləndirməsi barədə xəbərlər çoxalıb. Rusiyanın Ermənistandakı hərbi bazasının Kremldən alınan təlimat əsasında Paşinyan əleyhinə hərəkətə keçəcəyini istisna etmək olmaz.

Bu vəziyyətdə Paşinyanın xilası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından, sülh sazişinin imzalanmasından, Zəngəzur dəhlizinin açılmasından, regional əməkdaşlığa yaşıl işıq yandırmasından keçir. Açıq demək lazımdır ki, Nikol Paşinyanın devrilməsi və ya gələnilki parlament seçkisində mümkün məğlubiyyəti Azərbaycanla Türkiyənin maraqlarına cavab vermir.

Digər tərəfdən, Kreml Paşinyanı sıxışdırmaqla paralel olaraq Bakı ilə də münasibətləri korlayıb. Bunun özü Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının aktuallığını artırıb. Bu baxımdan Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə görüşü sülh sazişinin imzalanması ilə yekunlaşmasa da, prosesi sürətləndirə bilər”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR