Onlayn ictimai-siyasi qəzet
Hərbi cani Araik Arutyunyanın məhkəmədə etirafları Azərbaycanın beynəlxalq məhkəmələrdə əlini gücləndirir
Qarabağda mövcud olmuş xunta rejiminin rəhbərlərindən biri, hazırda Bakıda mühakimə olunan Araik Arutyunyan Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamaq istədiyini, lakin Ermənistanın baş naziri Nikol Paşinyanın buna imkan vermədiyini etiraf edib.
Araik deyib ki, “Qarabağ Müdafiə Ordusu”nun “komandanı” Ermənistan Respublikasının Baş Qərargah rəisinə tabe olub. “Onilliklərlə "Qarabağ ordusu" ayrıca ordu kimi fəaliyyət göstərməyib. “Qarabağ ordusu”nun komandanına qarşı Ermənistanda cinayət işi başlanılıb. Əgər mənə tabe olsaydılar, ona qarşı cinayət işi Qarabağda başlanardı", - deyə o bildirib. Onun sözlərinə görə, 2020-ci ilin yayında və iyunun sonunda “Qarabağ ordusu”nun təlimlərinə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyan rəhbərlik edib. Araik habelə Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların Ermənistan tərəfindən verildiyini söyləyib: “Onik Qasparyan mənə dedi ki, bəli, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarabağ tərəfindən endirilir”.
Bu ifadələr Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını bir daha sübut edir. Araikin etirafları növbəti dəfə təsdiqləyir ki, Qarabağda heç də “artsaxın özünümüdafiə batalyonu” olmayıb, bu silahlı qüvvələr Ermənistan ordusuna tabe olub. Elə antiterror əməliyyatından sonra təslim olan erməni silahlı birləşmələrinin 10 min üzvünün Qarabağı tərk etməsi faktı da sübut edirdi ki, onlar Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri olublar. Əslində bu reallıqlar çoxdan hamıya məlumdur. Sadəcə, indi fərq ondadır ki, bunu Qarabağda terrorçuluq, separatçılıqla məşğul olmuş ermənilərdən biri məhkəmədə dilinə gətirir. Halbuki Ermənistanın baş naziri Nikol Paşinyan, spiker Alen Simonyan çıxışlarında hiyləgərcəsinə iddia edirlər ki, Qarabağda guya “artsax ordusu” olub və Ermənistan onlara dəstək verib, sadəcə, özləri döyüşməyib təslim olublar. Bu da dolayısı ilə İrəvanın işğalçı mahiyyətini ortaya qoyan mövqedir.
Bundan əlavə, Ermənistan məhkəməsi Qarabağda döyüşmüş hərbçilərin bir qismini, o cümlədən Cəlal Arutyunyanı mühakimə edir. Lakin onlar heç də başqa dövlətin ərazisində qanunsuz hərbi birləşmələrdə iştiraka görə təqsirləndirilmirlər, Ermənistan Müdafiə Nazirliyinin tapşırıqlarını Qarabağda düzgün yerinə yetirmədikləri ilə bağlı ittiham olunurlar. Yəni həmin erməni hərbçilərin İrəvandakı məhkəmədə mühakimə edilməsi də Ermənistanın işğalçılığını sübut edir. Bunun davamı kimi, Araikin söylədikləri Ermənistanın ölkəmizə vurduğu zərərlə bağlı beynəlxalq məhkəmələrdə təzminat tələblərini gücləndirmək baxımından Bakı üçün əlavə yeridik vəsait deməkdir. Kəsəsi, Bakı Məhkəmə Kompleksində mühakimə edilənlər yalnız Arutyunyan, Vardanyan, Qukasyan, Saakyan deyil, həm də Ermənistanın özüdür. Üstəlik, Araikin etirafları Ermənistan hakimiyyətinin canına vəlvələ salır. Çünki baş nazir Paşinyanın rəhbərliyi altında qərargah rəisinin verdiyi əmrlərin icra olunmasından söhbət gedir. Hərçənd ki, Paşinyan və digər erməni rəsmiləri Bakıda keçirilən məhkəməni “teatr” adlandırırlar və belə qələmə verməklə özlərini sığortalamağa çalışırlar. Lakin hər şey göz qabağındadır. Azərbaycan atalar məsəlində deyildiyi kimi, “görünən kəndə nə bələdçi”...
Bəs hüquqşünaslar bu qəbil ifadələri necə qiymətləndirir, Araikin Ermənistanın siyasi və hərbi rəhbərliyi ilə bağlı etirafları bizə hansı yeni arqumentlər qazandırır?
Akif Nağı
Qarabağdan olan siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağının “Yeni Müsavat”a bildirdiyinə görə, bu məhkəmənin gedişində təkcə Araikin yox, digərlərinin ifadələrində də maraqlı faktlar olacaq. Onun fikrincə, sonra bu etiraflar cəmləşdirilməlidir. “Bu məhkəmənin əhəmiyyəti ondadır ki, Qarabağda qondarma vəzifə tutanlar törətdiyi cinayətləri etiraf etsinlər. Onlar mülki əhalinin qətlə yetirilməsinə görə məsuliyyət daşıyırlar və buna görə cəza almalıdırlar. Bu, işin bir tərəfidir. Ermənistana gəlincə, Qarabağda yaratdıqları terrorçu rejimi idarə ediblər. Həmin xunta rejimi Ermənistanın müdafiə nazirinin təlimatı ilə hərəkət edib. Yəni 90-cı illərdən belə olub”. Partiya sədri hesab edir ki, bu faktların hamısı üzə çıxacaq: “Məsələn, Kəlbəcərə hücum Ermənistandan olmuşdu. Araik indi həqiqəti ortaya qoyur ki, bəlkə özünü xilas edə bildi. Ancaq digərləri də ifadələrində cinayətləri açıqlayacaqlar. Hərçənd Ermənistan Bakıdakı məhkəmə ilə bağlı qarayaxma kampaniyası aparır, amma bilirik ki, bu da hakimiyyətin qorxusundan irəli gəlir. Onlar bilirlər ki, Paşinyanın verdiyi əmrlər üzə çıxacaq. Azərbaycan isə bu faktlar əsasında beynəlxalq məhkəmələrdə ayrıca iş qaldırmalıdır, xüsusi tribunal yaradılmalıdır. Ermənistan rəhbərliyinin işğal aktını həyata keçirdiyi bu ifadələrlə bir daha təsdiq edilir. Ona görə də 90-cı illərdən bəri Ermənistanın siyasi və hərbi rəhbərliyində olanlar bu cinayətlərin məsuliyyətini daşıyır və Azərbaycana vurduğu ziyanın indi təzminatını ödəməlidir”.
Natiq Ələsgərov
Hüquqşünas Natiq Ələsgərovun sözlərinə görə, Ermənistanın törətdiyi cinayətlərin siyahısı çox genişdir, bu səbəbdən bir istiqamətdə hüquqi prosedurlar həyata keçirmək mümkün deyil. Onun fikrincə, Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi, Beynəlxalq Arbitraj Məhkəməsi, eləcə regional məhkəmələrdə təzminat iddiaları qaldırmaqla hərtərəfli iş aparmaq mümkündür: “Qarabağdan köçən ermənilərin müdafiəsinə qalxan və Azərbaycanı etnik təmizləmədə ittiham edən beynəlxalq təsisatlar indi Araikin ifadələrinə susqunluq nümayiş etdirirlər. Bu da ədalətsizlikdən xəbər verir. Biz beynəlxalq qurumlardan və məhkəmələrdən Azərbaycana münasibətdə heç zaman obyektivlik gözləməmişik. Ona görə də hərbi caninin etiraflarını da görməzdən gəlirlər. Ancaq biz boş oturmalı deyilik və bu ifadələr əsasında Ermənistanla bağlı beynəlxalq məhkəmələrdə yeni vəsatətlər qaldırmalıyıq”.
Hüquqşünas hesab edir ki, nəticənin müsbət olmaması istisna deyil, amma bizim işimiz müraciət etməkdir: “Araik təsdiq edir ki, Qarabağ Azərbaycan ərazisidir və bu torpaqlarda başqa dövlətin göstərişi ilə cinayətlər törədiblər. Bəs Fransa kimi ölkələr deyirdilər ki, "artsax" var? Ən dəhşətlisi odur ki, Azərbaycan Ordusu heç zaman Ermənistanın şəhərlərini atəşə tutmayıb. Amma həyasızlığa baxın ki, beynəlxalq təşkilatlar bizim üstümüzə gəlirlər. Yəni bizim ərazidə qanunsuz rejim qur, onu silahlandır, azərbaycanlıları yurdundan didərgin sal, mülki əhalini qətlə yetir, sonra da heç nə olmamış kimi sülhdən danış. Ermənistan cəzasını almalıdır. Bu qondarma dövlət də bizim tarixi torpaqlarda yaradılıb. Ona görə də işğalçı və terrorçu dövlət həm təzminat ödəməlidir, həm üzr istəməlidir. İrəvanda olan digər hərbi canilər də mühakimə edilməlidir. Eləcə də anklav kəndlər geri alınmalıdır. Ermənistanda bir qarış torpağımız qala bilməz. O baxımdan, bu gün Bakıda keçirilən məhkəmədə həqiqətən də təkcə hərbi canilər deyil, onların simasında işğalçı Ermənistan mühakimə edilir".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ