Onlayn ictimai-siyasi qəzet
Ermənistanın sərhəddə silahlı təxribatları getdikcə intensiv hal alır, İrəvan isə atəşkəsin pozulmasını araşdırmaq üçün ikitərəfli mexanizm yaratmağı təklif edir; hərbi və siyasi analitiklər bu ideyaya fərqli yanaşır
Ermənistanın Azərbaycanla sərhəddə silahlı təxribatları getdikcə intensiv hal alır. Bir neçə gün ardıcıl olaraq Naxçıvan istiqamətində atəşkəsi pozan erməni tərəfi Kəlbəcər istiqamətində də təxribat törətdi.
Belə ki, Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz ermənilərin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutuldu. Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ofisi diplomatik kanallar vasitəsilə Azərbaycan Prezident Administrasiyasına atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin yaradılmasını təklif edib. “...Ermənistan hökumətinin gərginliyin yaranmasının qarşısını almaq niyyətində olduğunu əsas götürərək, Baş Nazirin Aparatı diplomatik kanallar vasitəsilə Azərbaycan Prezidentinin Administrasiyasına atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmağı təklif edib”. Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Maraqlıdır ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın təklifinə dərhal dəstək verib. Klaar Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmaq təklifini yüksək qiymətləndirib. “Gərginliyi azaltmaq üçün Ermənistan-Azərbaycan sərhədində iddia edilən atəşkəs pozuntularının aradan qaldırılması üçün ikitərəfli mexanizm yaratmaq təklifi alqışlanmalıdır. 15 ildir ki, Avropa İttifaqı Aİ-nin Gürcüstandakı missiyası vasitəsilə Gürcüstanda analoji görüşlərin təşkilinə kömək edib və öz təcrübəsini bölüşməyə hazırdır”, - Klaar əlavə edib.
Bəzi ekspertlərin fikrincə, son günlər müxtəlif istiqamətlərdə atəşkəsin pozulmasında ilk növbədə Ermənistan ordusu daxilində xaricə bağlı olan qüvvələrin əli var. Atəşkəsin tez-tez pozulması Paşinyanın komandasının ordu daxilində öz hakimiyyətini tam olaraq bərqərar edə bilmədiyini göstərir. Çünki onun danışıqlar apardığı bir ərəfədə sıravi əsgərin, zabitin təxribat məqsədilə Azərbaycan tərəfinə özbaşına atəş açması inandırıcı görünmür. Demək ki, ordu daxilində ən yüksək səviyyədə Paşinyanın siyasətinə qarşı çıxan, xaricdən və daxildən dəstək alan qüvvələr var.
Şair Ramaldanov
Polkovnik Şair Ramaldanov hesab edir ki, mexanizm yaradılsa belə, onlara atəşkəsi pozduğunu sübut etmək çətin olacaq: “Azərbaycan Ordusunun Ermənistanın ərazilərini ələ keçirmək gücü var, amma belə niyyəti yoxdur. Biz şərti sərhədi normal dövlət sərhədinə çevirməyə köklənmişik. Buna hazırlaşan dövlət heç zaman atəşkəsin pozulmasında maraqlı ola bilməz. Bu, sadə məntiqdir. Lakin Paşinyan ordu daxilində bəzi qüvvələr olduğunu bəhanə gətirir, guya İrəvan sülh istəyir, amma imkan vermirlər. Əgər Nikolun sülh sənədini imzalamağa iradəsi çatsaydı, havadarlarının bu vəziyyətdən manipulyasiya etməsinə şərait yaratmasaydı, belə hallar olmazdı. Ermənistan hakimiyyəti və onun himayəçiləri dildə sülhdən danışır, əməldə isə regionda maraqları naminə başqa addımlar atdığını görməkdəyik”. Ramaldanovun sözlərinə görə, Ermənistandan müsbət fikirlər səslənir, hərəkətlər isə fərqlidir: “Bu addımlar isə regionu təhlükəli vəziyyətə gətirib çıxarır. Yad ölkələrin maraqlarının təmin edilməsi Paşinyanın siyasətidir və bu da bölgədə gərginliyə səbəb olur. Ermənistanın baş naziri baş komandan kimi bütün məsələlərə cavabdehdir, onun yerinə niyə deməliyik ki, orduya nəzarət edə bilmir?! Məncə, orduya nəzarət olunur, sadəcə, Paşinyan və ya onu idarə edənlər tərəfindən bu məsələlər həyata keçirilir. Ona görə də rəsmi İrəvan atəşkəsin pozulmasına cavab verməlidir”.
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova atəşkəsin pozulmasını araşdırmaq mexanizmi təklifini etimad mühitinin möhkəmlənməsi istiqamətində yaxşı ideya sayır. Onun fikrincə, bütün məsələlər ikitərəfli qaydada müzakirə olunursa, bu problem də qarşılıqlı şəkildə həllini tapa bilər: “Ən azından belə bir təşəbbüs var və müdafiə nazirləri birbaşa rabitə yarada bilərlər. Hətta 2021-ci ildə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə əlaqəsinin yaradılması barədə razılığa gəliblər. Amma hiss olunur ki, bu razılaşma sonra praktik olaraq inkişaf etmədi. İndi isə İrəvanın bu təklifi üzərindən müdafiə nazirlərinin birbaşa rabitəsini qurmaq mümkündür. Sözsüz ki, atəşkəsi araşdırmaq mexanizmi mürəkkəbdir. Ermənistan etiraf etməyəcək ki, bunu özü edib. Bundan əvvəl bir dəfə erməni ordusunda yoxlamalar aparılıb, nəticəsi haqda ictimaiyyətə məlumat verilməyib. Üstəlik, Ermənistanın bizimlə sərhədində "Yekrapa" könüllü dəstələri yerləşib və onların atəşkəsi pozması inandırıcıdır. Nenkin And tərəfdən atəş açılanda rəsmi İrəvan rus hərbçilərinə eyham vuraraq ittiham irəli sürmüşdü".
Ekspertin rəyi ondan ibarətdir ki, yəni həm rus hərbçiləri, həm “Yekrapa”, həm ordu daxilində başqa kanallara bağlı bölmələr təxribata yol verə bilər: “Azərbaycanı isə maraqlandırmır ki, bunu kim edib, fakt Ermənistan tərəfdən mövqelərimiz atəşə tutulub. Ona görə Paşinyan özü kontrolu gücləndirməlidir. Amma həmin təklifin da inkişaf etdirilməsi mümkündür və ən azı sərhədlərin dəqiqləşdirilməsi işi ilə yanaşı bunu da ikitərəfli təmaslarla həyata keçirə bilərik. Bu, gərginliyi azalda, etimadı artıra bilər. Sadəcə, Nikol bu təklifi irəli sürməklə özünü təmizə çıxarmağa çalışıb. Guya onluq bir iş yoxdur və ordu daxilində kontrolsuz qruplar var. Amma bu da onu bir ali baş komandan kimi rüsvayçı statusa salır. Sən necə ali baş komandansan ki, ordunun içində sənin iradəndən kənar hərəkət edən qüvvələr var?!”
Elxan Şıxəliyev
Hərbi ekspert Elxan Şıxəliyev isə hesab edir ki, biz Ermənistanla nə sülh, nə də müharibə vəziyyətindəyik, hazırda atəşkəs rejimidir, lakin Ermənistan tərəfindən təhriklər mövcuddur: “Son bir həftə ərzində Naxçıvan istiqamətində atəşkəsi pozmaları buna sübutdur. Atəşkəs pozulursa, demək, əməliyyatların başlanması ehtimalı həmişə var. Ermənistanın ikili oyunu yaxşı nəticələr vəd etmir və Azərbaycan onların müharibə ritorikasını açıq-aydın sezir”.
Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Bizim.media-ya deyib ki, Paşinyanın sözügedən təklifdə səmimi olmasını gözləmək lüzumsuzdur: “Açığı, söhbət Azərbaycanı Ermənistan üçün faydalı olacaq hansısa birgə fəaliyyətə cəlb etməkdən gedir. Ona görə də hesab edirəm ki, burada ilk növbədə Azərbaycanın dövlət strukturlarının müvafiq arqumentlərə əsaslanaraq, bunu etmək lazım olub-olmaması ilə bağlı Ermənistana tutarlı cavab verə biləcək mövqeyinə diqqət yetirmək lazımdır.
Nəzərə alsaq ki, Paşinyanın arxasında Fransa və ABŞ, eləcə də təxribat xarakterli kəşfiyyat fəaliyyəti ilə məşğul olan Avropa Birliyinin müşahidə missiyası dayanır, Paşinyanın Azərbaycana təkliflərinin Qərbin böyük geosiyasi oyununun tərkib hissəsi ola biləcəyi göz qabağındadır. Əlbəttə ki, əsl niyyətlər arxasınca getmək yerinə, tamamilə fərqli problemləri həll etmək taktikasını seçiblər. Ordu Paşinyanın bütün əmrlərini yerinə yetirir, ona görə də generallar daxili siyasi böhranlara qarışmayıb".
Emil SALAMOĞLU
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ