İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın anonsu - Naxçıvana 1 yox, 9 kənd qaytarmalı...

Sərhədlərin tanınması üçün kəndlərimiz qaytarılacaq?

"Amerikada aparılan danışıqlardan sonra Ermənistan baş naziri Nikol Paşinyan müsahibəsində “bəzi ərazilər Azərbaycana qayıtmalıdır” fikri səsləndirib. Onun Qazaxın 3 kəndi ilə yanaşı, Naxçıvanın Kərki kəndini də nəzərdə tutduğunu bizim əksər media yazıb". Bu sözləri tarixçi alim Zaur Əliyev qeyd edib.

O bildirib ki, təkcə Kərki deyil, Nüvədi başda olmaqla, 1929-cu il fevral ayının 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 9 kəndinin - Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, az sonra isə Kilit kəndinin torpaqlarının bir hissəsinin əkin sahələri ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul edilib: “O dövrdə Moskva tərəfindən Azərbaycanda həyata keçirilən sərhəd bölgüsü siyasətində birinci yerdə Sovet Rusiyasının iqtisadi maraqları, sonuncu yerdə isə region əhalisinin milli maraqları dayanırdı. 1920-ci ilin noyabrından başlayaraq Azərbaycan əraziləri mərhələ - mərhələ Ermənistan Sovet Respublikasına verilməyə başladı. Azərbaycanın sərhəd bölgələrindən Zəngəzur, Naxçıvan, Gədəbəy, Qazax, Tovuz ərazilərinin bir hissəsi Ermənistanın tərkibinə verildi. Ermənistan SSR Qars müqaviləsinə əsasən Azərbaycan SSR tərkibində Naxçıvanın muxtariyyətini rəsmən tanısa da, öz niyyətindən əl çəkməyib və bir müddət sonra Naxçıvan MSSR torpaqlarının bir hissəsini qopararaq öz ərazisinə birləşdirməyə nail olmuşdu. Məlumat üçün vurğulayım ki, Naxçıvan ilə Ermənistan arasında sərhədlər 1921-ci il Qars müqaviləsi ilə tənzimlənmişdi. Naxçıvan MSSR yaradıldığı vaxt ərazisi Qars müqaviləsinin III əlavəsi əsasında 5 min 988 kvadratkilometr müəyyən edilmişdi. Təxminən 486 kvadratkilometr Naxçıvandan ilk iki ildə Ermənistana verildi. O dövrdə Naxçıvan ərazilərinin Ermənistana verilməsindən nə Azərbaycanın, nə də Türkiyənin xəbəri vardı. Türkiyə bu qərara etiraz notası ilə cavab verdi. Bildirildi ki, Qars müqaviləsi Türkiyə ilə bağlandığına görə, onun müddəaları yerinə yetirilməlidir. Lakin bolşevik Rusiyası buna reaksiya belə vermədi.  1963-cü ildə Naxçıvanın Ermənistana verilməsi barədə hazırlığa başlanıb. Ermənistana verilən sözügedən kəndlərin əhalisi ermənilərə qarşı mübarizə aparıb, kəndləri tərk etmək istəməyib. Lakin qırmızı terror orada repressiyalar həyata keçirəndən sonra ermənilərlə birgə yaşamaq istəməyən naxçıvanlılar dədə-baba torpaqlarını tərk edərək Azərbaycana köçüblər”.

todaypress.az | Oqtay Qasımov: “USAID-in bölgədəki fəaliyyəti  qəbuledilməzdir”

 Oqtay Qasımov

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov isə “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan “bəzi ərazilər Azərbaycana qaytarılmalıdır” dedikdə əslində 4 kəndimizin qaytarılmasına işarə edib. Bunlar Qazaxın hazırda Ermənistanın işğalı altında olan 3 kəndi və Naxçıvanın Kərki kəndidir: “Sülh müqaviləsi layihəsinin mətnində də qeyd olunur ki, ərazilər Sovet İttifaqı dağılan müddətdə malik olduqları sərhədlər və Alma-Atı bəyannaməsinə istinad edirlər. Bu da o deməkdir ki, SSRİ zamanında Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilmiş Naxçıvanın qeyd olunan 9 kəndi, Zəngilanın kəndləri nəzərə alınmayacaq. Geri qaytarılacağı ehtimal olunanlar Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Cəfərli kəndləri, Naxçıvanın Kərki kəndidir. Çünki bu kəndlər Qarabağ müharibəsi başlayandan sonra Ermənistan tərəfindən işğal olunmuş anklav kəndlərimizdir”.

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, açıqlanan paraflanmış sülh sazişi layihəsində SSRİ dövründəki sərhədlərin qarşılıqlı surətdə tanınmasından söhbət gedir. Azərbaycanın ərazilərinin Moskva tərəfindən 1920-ci ildən başlayaraq zaman-zaman qeyri-qanuni olaraq Ermənistana verilməsi prosesi aparılıb. Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Məsələyə buradan yanaşdıqda Azərbaycanın sərhədləri Xalq Cümhuriyyəti dövründə mövcud olmuş və tanınmış sərhədlər olaraq qəbul edilməli və tanınmalıdır: “Bu halda SSRİ zamanında Ermənistana birləşdirilmiş kəndlərimiz, ərazilərimiz qaytarılmalıdır və sərhədlər tanınmalıdır. SSRİ dövründəki sərhədlər dedikdə isə, 1921-ci il Moskva və Qars müqvailələri ilə razılaşdırılmış sərhədlər nəzərdə tutulmalıdır. Eyni zamanda 1922-ci il dekabrın 30-da SSRİ-nin yaranması ilə bağlı qəbul olunmuş sənədlərdə əksini tapmış sərhədlər nəzərdə tutulmalıdır. Yəni əgər Azərbaycan və Ermənistan sərhədlərinin qarşılıqlı tanınması məsələsi qoyulursa ya 1918-1920-ci illərdə təsdiqlənmiş sərhədlər, ya da 1921-1922-ci illərdə təsdiqlənmiş sərhədlər tanınmalıdır. Bu, həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına uyğundur. SSRİ zamanında sonrakı illərdə Azərbaycanın əraziləri mərhələ-mərhələ qanunsuz olaraq Ermənistana verilib. Naxçıvanın sözügedən 9 kəndi, Zəngilanın Mehri, Nüvədi və digər kəndləri məhz bu yolla-qanunsuz olaraq Ermənistana verilib. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin belə bir qərar verməsinə ixtiyarı yox idi. Ona görə də qeyd olunan kəndlərimiz geri qaytarılmaqla Azərbaycanın sərhədləri tanınmalıdır. SSRİ-nin sərhədləri dedikdə SSRİ yaranan vaxt qəbul edilmiş sərhədlər nəzərdə tutulmalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR