İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “A”dan sonra “B” demək problemi - Bakı  gözləməyi bacarır

ATƏT-in Minsk Qrupu (MQ) 2022-ci ilin fevralından sonra fəaliyyətini de-fakto dayandırıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı söyləyib.

Yəni artıq Ermənistan rəhbəri də ilk dəfə olaraq etiraf edir ki, bu adda vasitəçi (qurum) yoxdur. Elədirsə, yəni Bakı ilə sülh danışıqlarında o səmimidirsə, nədən rəsmi İrəvan Bakının təklifini qəbul edib MQ-nin de-yure ləğvi üçün ATƏT-ə birgə müraciət etmir?

Yada salaq ki, Prezident İlham Əliyevin həmin təklifi ilə bağlı parlamentin spikeri Alen Simonyan bildirmişdi ki, sülh müqaviləsindən sonra MQ-yə onsuz da ehtiyac qalmayacaq. Halbuki iki ölkə arasında imzalanacaq sülh sənədinin “Dağlıq Qarabağ konflikti”nin həlli üçün yaradılan (1994) MQ-yə dəxli yoxdur. Bu iki ayrı məsələni süni şəkildə bir-birinə bağlamaq cəhdi isə dolayasıyla Azərbaycana qarşı torpaq iddiasının davam etdiyinin, erməni tərəfinin hələ də “bəlkə də qaytardılar” ümidi ilə yaşadığının təzahürü sayıla bilər.

Paşinyan MQ ilə bağlı “A”dan sonra “B” də deyəcəkmi? Nə zaman?

Hər halda Bakı gözləməyi bacarır... 

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

Elçin Mirzəbəyli 

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın Minsk Qrupu ilə bağlı söylədikləri ilə Bakının təklifi arasında yanaşma fərqi var. Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun defakto ömürünün və fəaliyyətinin çoxdan başa çatdığını, təsisatın özünün missiyasının öhdəsindən gələ bilmədiyini və uğursuzluğa düçar olduğunu bildirir. Təbii ki, Ermənistan tərəfinə də artıq heç bir əhəmiyyəti olmayan, ömrünü başa vuran bir təsisatdan imtina eləməyi tövsiyə edir. Bu tövsiyənin təməlində həm də o aspekt dayanır ki, Azərbaycan da Ermənistan da prinsip etibarilə ATƏT-ə üzvlük haqqı ödəyirlər və bu üzvlük haqqı hal-hazırda heç bir faydası olmayan bir təsisatın saxlanılmasına xərclənir, ATƏT Minsk Qrupunun fəaliyyət göstərmədən heç bir əsas olmadan mövcudluğu ATƏT-ə ayrılan vəsaitlərin boş yerə xərclənməsi anlamına gəlir: “Ermənistan isə bunu fərqli kontekstdən deyir-yəni ATƏT-in Minsk Qrupu fəaliyyətini dayandırıb, amma bu fəaliyyətin bərpa olunmasına ehtiyac var. Bu mesaj tək faktiki olaraq ATƏT-ə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, daha çox ABŞ-a və Fransaya ünvanlanıb. Nikol Paşinyan həm də burada Rusiyanın konkret Minsk Qrupu çərçivəsində fəaliyyət göstərmədiyini və ya fəaliyyətinin mümkünsüz olduğunu önə çəkir. Biz Paşinyanın açıqlamalarına kompleks şəkildə yanaşmalıyıq. Bu açıqlamaların içərisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Belarusa ünvanlanmış ittihamlar da var. Nəticə etibarilə KTMT-nin tərkibində əsas dominant rolu Rusiyanın oynadığını nəzərə alsaq, dolayısı ilə bu həm də Rusiyanın Minsk Qrupundakı fəaliyyətsizliyinə diqqət çəkmək xarakteri daşıya bilər. Amma mən Nikol Paşinyanın ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması, artıq mövcud olmadığı  və onun fəaliyyətinə ehtiyac duyulmadığı barədə dediklərinin səmimi olduğuna inanmıram. Nəticə etibarilə ola bilsin ki, indiki halda Ermənistan hansısa təhlükəsizlik mexanizmlərini və bu mexanizmlərin alt qatında ABŞ-ı nəzərdə tutur. Bu da bir da Paşinyanın yanaşma tərzinin nədən ibarət olduğunu göstərir. Paşinyan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin məhz Rusiyaya görə dayandığını önə çəkmək istəyir”. 

İlyas Hüseynov: Yerli istehsal maskalarla bağlı süni qiymət artımının  qarşısını alacaq | Kaspi.az

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzini sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun fəaliyyət göstərmədiyini deyərək bunun səbəblərini özünəxas formada ifadə eləyib. Paşinyan Minsk Qrupunun 2022-ci ilin fevralından fəaliyyət göstərmədiyinə eyham vuraraq bildirməyə çalışır ki, Rusiya-Ukrayna müharibəsi başlayandan etibarən Fransa və ABŞ Rusiya ilə birlikdə Cənubi Qafqazdakı proseslərdə iştirak etmək istəmir və bu da faktiki olaraq Minsk Qrupunun fəaliyyətsizliyi anlamını verir: “Lakin bu xüsuda qeyd etməliyik ki, Bakının tələbləri kifayət qədər ədalətli və hazırkı reallıqları əks etdirən yanaşmadır. Çünki Bakı ilə İrəvan birlikdə ATƏT-ə müraciət edərlərsə o zaman Minsk Qrupunun fəaliyyətinə rəsmən son qoyular. Biz Nikol Paşinyanın bundan öncə davranışları ilə müqayisədə görürük ki, Paşinyan indi Bakının müraciətinə müəyyən qədər pozitiv yanaşma sərgiləyir. İndi bizim üçün önəmli olan Paşinyanın fikirlərindən sonra onun atacağı praktiki addımların nədən ibarət olmasıdır. 

Mənə belə gəlir ki, ATƏT-in Minsk Qrupu buraxılacaq. Ermənistan konstitusiyası da dəyişiləcək. Hesab edirəm ki, qarşıdakı dönəmdə ATƏT-in Minsk Qrupunun buraxılmasına dair Azərbaycanla Ermənistan arasında birgə rəsmi fikir ifadə olunar. Bakı ilə İrəvanın bunun üçün ATƏT-ə birgə müraciət etməsi ikitərəfli münasibətlərdə yeni bir müsbət hadisə olacaq, yeni bir mənzərəni formalaşdıracaq. Əgər belə bir hadisə baş versə keçmiş həmsədr dövlətlər üçün də bir işarə olacaq ki, Azərbaycan və Ermənistan ortaq mövqe taparaq mənasız vasitəçilərdən imtina edirlər".   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR