İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan daha çox erməni olan Makron: Fransanı erməni lobbisinə satan adamın BMT-yə məktubu var...

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ermənistanın təşəbbüsü ilə müzakirəyə çıxarılmış və tam fiaskoya uğramış “Laçın yolu” məsələsindən sonra indi də Fransa prezidenti E. Makron “Azərbaycanın blokadası səbəbindən aclıqdan ölmək ərəfəsində olan Dağlıq Qarabağın 120 min sakininə yardım haqqında” BMT TŞ-da baxılmaq üçün layihə təqdim etməyə hazırlaşır.

Bir qədər öncə E. Makron Parisdəki erməni diasporunun üzvləri ilə görüş zamanı Ermənistan və ermənilər üçün N.Paşinyandan daha çox iş gördüyünü demişdi. Erməni lobbisinin əlində alətə çevrilmiş bu adam indi də erməni qardaşlarına verdiyi sözü əməlləri ilə təsdiq etmək istəyir.

Fransa Qarabağ torpaqlarımızda ermənilərin başlatdıqları oyunların əvvəlindən onların yanındadır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən yağmalanmasını, ermənilərin işğal etdikləri torpaqlarımızda törətdikləri soyqırımları görməzdən gələn Fransa bu gün Makron kimi cılız və cılız olduğu qədər də həyasız bir siyasətçinin simasında antiazərbaycan kursunu davam etdirir.

pashinyan_makron.jpg (120 KB)

Heç şübhə etmirəm ki, Fransa prezidentinin bu təşəbbüsü də bir neçə gün öncə olduğu kimi BMT TŞ-da fiaskoya uğrayacaq. Bunun belə olacağını hamıdan yaxşı bilən da elə E.Makronun özüdür. Adamın erməni lobbisi qarşısında borcu var və o, bu borcu qaytarmaq üçün çaba göstərir. Düşünürəm biz imkan edib Makronu Fransadakı erməni lobbisindən asılı vəziyyətə salmış bu borcun necə yarandığını araşdırıb bununla bağlı gerçəkləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Heç şübhə yoxdur ki, söhbət Fransadakı erməni lobbisi tərəfindən Makronun seçki kampaniyasının gizli şəkildə maliyyələşdirilməsindən gedir. İndi də Makron uğursuz bir şəkildə həmin borcu qaytarmaq istəyir və daha doğrusu bu məqsədlə siyasi hoqqabazlıq edir.

Azərbaycan diplomatiyasının beynəlxalq siyasi müstəvidə ardıcıl qələbələrindən sonra, ermənilərə yarınan Fransa prezidentinin BMT TŞ-na Azərbaycan əleyhinə layihə təqdim edərsə, Azərbaycan hökuməti buna etiraz əlaməti olaraq Azərbaycanın daxili işlərinə qarışdığına görə dərhal Fransa hökumətinə nota verilməlidir. Mən dəfələrlə yazmışam, biz Fransanın ölkəmizin daxili işlərinə kobud müdaxiləsi qarşısında çox humanist davranırıq. Bu həyasızlığı sərgiləyən Fransa hökuməti və onun prezidenti ilə onların başa düşdükləri dildə danışmaq lazımdır.

Heç kim düşünməsin ki, Fransa demokratik və bəşəri dəyərlərə qiymət verən bir ölkədir. Fransanın tarix boyu apardığı işğalçılıq siyasətinə baxsaq buna bir daha əmin olarıq.

26581b9c7bd4fbb21cf04de10569be1a.jpg (273 KB)

Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə 2 milyondan artıq dinc sakini kütləvi şəkildə qətlə yetiriblər. İşğal etdiyi Əlcəzair ərazilərində 17 nüvə sınağı gerçəkləşdirən, 5 milyondan artıq mina basdıran Fransa, bu günə qədər aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri və minaların xəritələrini Əlcəzair hökumətinə verməkdən imtina edir. Elə bunun nəticəsidir ki, Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında aparıcı yerlərdən birini tutur.

1961-ci il oktyabr ayının 17-də Fransada yaşayan on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə dinc nümayişə çıxsa da, Fransa polisinin açdığı atəş, habelə etirazçıların Sena çayına atılması nəticəsində onlardan 1500 nəfər qətlə yetirilmişdi. Fransız vəhşiliyinin bu səhifəsi tarixə ‘Sena qətliamı” kimi daxil olub. Eyni qayda ilə 1961-ci ildə, Tunisdə Fransa hərbi bazasının bağlanmasını tələb edən 5000-ə yaxın tunisli fransız hərbiçiləri tərəfindən qətlə yetirilmişdir.

Bu gün Fransanın paytaxtı Paris şəhərindəki İnsan Muzeyində müstəmləkə müharibələrində öldürülmüş 18 000 döyüşçünün kəllə sümükləri saxlanılır. Törətdikləri vəhşilikləri utanmadan belə bütün dünyaya nümayiş etdirirlər.
Tarixdə bütün bu cinayətləri törədən və ruhən ermənilərlə qardaş olan fransızlar artıq on illərdir ki, ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşilikləri dəstəkləyirlər. Dünyada koloniyaların mövcudluğu indiyə qədər davam etmiş olsaydı, heç şübhəsiz fransızlar tarix boyu törətdikləri vəhşilikləri eyni qaydada bu gün də davam etdirərdilər. Lakin dünya dəyişib, indi onlar bunu keçmişdə olduğu kimi açıq şəkildə deyil “daha sivil” yollarla etməyə çalışırlar.

1574937590_fikret-yusifov.jpg (29 KB)

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor,
sabiq maliyyə naziri

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR