Onlayn ictimai-siyasi qəzet
İki gündür ki, Ermənistan ordusu Naxçıvan istiqamətində yerləşən mövqelərimizi intensiv şəkildə atəşə tutub. Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Rəsmi məlumatda bildirilib ki, iyunun 13-ü saat 17:40-da və iyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan hərbçiləri Arazdəyən bölgəsindəki mövqelərdən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Ordumuz təxribata əl atan Ermənistan silahlı qüvvələrinə layiqli cavab verib.
Bəs Ermənistanın Naxçıvan istiqamətində təxribat törətməsi nədən xəbər verir?
Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, atəşkəsin Naxçıvan istiqamətində pozulması erməni ordusunda hələ də mövcud hücrələrin işi ola bilər:
“Paşinyan Azərbaycanın gücünü bilir. Bununla bağlı açıq və ya gizli etiraflar edir. Ona görə düşünmürəm ki, Paşinyan bunda maraqlıdır. Azərbaycan-Türkiyə-Rusiya üçlü formatı da işləyir. Regional sistemin qurulmasında maraqlıdır. İranla münasibətlər də normallaşır. Qəribə də olsa hesab edirəm ki, bu, bəzi Qərb dairələrinin marağında ola bilər. Çünki revanşist diaspor və erməni varlıları Qərbdədir. Paşinyanı Qərb gətirib. Amma o tam da Qərbin istədiyi kimi oynamamağa başlayıb”.
Ekspert əlavə edib ki, Qərb üçün burada da regional proyektlərin Cənub xəttində pozulması lazımdır: “Hətta Ermənistan və ya onun bir hissəsi qurban verilsə də. Ona görə yenidən eskalasiya lazımdır. Nəzərə alsaq ki, Qərbi Azərbaycan bizim torpaqlarımızdır. Biz Allahın izni ilə güclüyük. Bu atəşkəsin pozulması halları Ermənistanın ziyanınadır. Paşinyan hər halda Zelenski bataqlığına düşmək istəməz. Amma onun yanında onu əvəz etmək arzusu ilə gizli hücrə olanlar da az deyildir. Əgər belə davam edərsə, sonunda Azərbaycan Ermənistanın silahsızlaşdırılması tələbini qoymalıdır”.
Xatırladaq ki, may ayında Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında demişdi ki, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında keçid məntəqələri yaratmağa və əlaqəni təmin etməyə hazırdır: "Azərbaycanda deyirlər ki, Ermənistan bu imkanı verməsə, o zaman İrandan keçəcək yol inşa edəcəklər. Buna cavab olaraq bildiririk ki, biz də İran kimi yolu açmağa hazırıq”.
Afaq Mirayiq,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ