Onlayn ictimai-siyasi qəzet
Ermənistan referenduma gedir və müstəqillik bəyannaməsindən iki ölkəyə qarşı ərazi iddiaları çıxarıla bilər; qondarma “artsax” ideyasının, eləcə də qondarma “soyqırımı” iddialarının rəsmi səviyyədə saxlanılması fonunda Azərbaycan və Türkiyə ilə normallaşma mümkün deyil
Ermənistanın hazırkı konstitusiyasına görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hələ də bu ölkənin ərazisi sayılır. Belə ki, 1995-ci ildə qəbul olunmuş həmin konstitusiyanın preambula hissəsində Ermənistanın Müstəqillik Aktına istinad edilir, Müstəqillik Aktında isə keçmiş DQMV-nin Ermənistana birləşdirilməsi haqda müddəa var.
Yəni “Ermənistan ərazisi” deyəndə indiki konstitusiya təkcə 29.8 min kv km-lik Ermənistan SSR-i deyil, həm də 4.4 kv km-lik DQMV-i özündə ehtiva edir - 34.1 kv km. Müstəqillik haqqında Aktda (maddə 11) və konstitusiyada (maddə 13) həmçinin Türkiyə ilə bağlı “soyqırım” və təzminat iddiaları yer alır: qardaş ölkənin torpaqları 6 vilayəti - 187 min kv km, yəni iki Azərbaycan Respublikası qədər (!) “Qərbi Ermənistan” kimi təsbit edilir. Həmçinin kapitulyant ölkənin gerbində Ağrı dağı (“Ararat”) əks olunub. Yəni Azərbaycanla yanaşı, Türkiyəyə də rəsmi səviyyədə ərazi iddiası davam edir. Bu azmış kimi, 1992-ci ildə Ermənistan parlamentinin qəbul elədiyi və hələ də qüvvədə olan qanuna əsasən heç bir erməni rəsmisi “Dağlıq Qarabağın Azərbaycan tərkibində göstərildiyi hər hansı sənədə imza ata bilməz”.
Aydındır ki, barıt qoxulu “miatsum” konstitusiyası qaldıqca Bakı və Ankara ilə daimi sülhdən danışmaq mümkün olmayacaq - hətta tərəflər arasında sülh müqavilələri imzalansa belə. Şübhə yox ki, bunu baş nazir Nikol Paşinyan hamıdan yaxşı bilir. Ötən həftəsonu o, ölkəsinin yeni konstitusiyaya ehtiyacı olduğunu söyləyib. Sitat: “Mənim, eləcə də bir sıra həmkarlarımın fikrincə və mən bu fikri ona görə deyirəm ki, daha geniş müzakirə mövzusuna çevrilsin, Ermənistana konstitusiya dəyişiklikləri yox, yeni konstitusiya lazımdır. Dünyada dəyişikliklər baş verir və bu, istər-istəməz Cənubi Qafqaz regionuna, eləcə də Ermənistana təsir edəcək. Bu dəyişikliyə müxtəlif yollarla yanaşmaq olar. Ancaq təkamülə münasibətimizin necə olmasından asılı olmayaraq, bu baş verir. Ona görə də bizim mövqeyimiz və yanaşmamız bu təkamülü dayandırmaqdan ibarət olmamalıdır. Bu, özlüyündə məntiqsizdir, çünki təkamülü dayandırmaqla biz deqradasiyaya gedəcəyik, onu Ermənistanın dövlət maraqlarına uyğun idarə etməliyik”.
Lakin hələlik məlum deyil ki, Nikol “yeni konstitusiya” deyəndə onu həm də beynəlxalq hüquq normalarına uyğunlaşdırmağı nəzərdə tutur, ya yox? İstisna deyil ki, bu hədəf də var. O zaman o, cəmiyyətin radikal-revanşist kəsiminin müqavimətini qıra biləcəkmi? Qeyd edək ki, az öncə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bildirmişdi ki, konstitusiya islahatlarının yeni konsepsiyası ilin sonuna qədər hazır olacaq. Bu arada “Hraparak” erməni nəşrinin yazdığına görə, Paşinyan məhdud çevrədə deyib ki, onun əsas vəzifəsi konstitusiyanın preambulasının Azərbaycana qarşı ərazi iddialarına istinad edən mətnindən xilas olmaqdır. “Çünki bu, Ermənistanın Azərbaycan və Türkiyə arasında sülhün bərqərar olmasına mane olur”.
Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğlunun sözlərinə görə, gözlənildiyi kimi, Ermənistanın radikal müxalifəti baş nazir Nikol Paşinyanın üstünə düşüb ki, bəs o, yeni konstitusiyanın qəbulu vacibliyini söyləməklə əsas qanunda Azərbaycana və Türkiyəyə ərazi iddiaları olan bəndləri çıxarmaq istəyir: “Ayrı necə olmalıydı ki? Məğlub durumda olan Ermənistan Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq istəyirsə, konstitusiyasından məlum bəndləri çıxartmalıdır, əks halda, iki qonşusu ilə dayanıqlı barışa ümid edə bilməz. Radikalların xəstə məntiqinə görə, Ermənistan ərazi iddialarından əl çəkməməli və əbədiyyətə qədər iki qonşusu ilə düşmən olmalıdır. Bununla radikallar ermənilərə Cənubi Qafqazda əbədi nifaq və məhrumiyyətlər vəd edirlər”. Politoloqun fikrincə, Nikol Paşinyana konstitusiya dəyişiklikləri yolunda kənardan dolayı dəstək vermək lazımdır: “Misal üçün Azərbaycan Xarici İşlər Nazirliyi qısa mətndən ibarət bəyanat yaya bilər və orada göstərər ki, Ermənistan Konstitusiyasında ərazi iddialarını əks etdirən bəndlərin varlığı bölgədə sülh və əməkdaşlığa əngəldir və münasibətlərin normallaşması üçün həmin bəndlərin əsas qanundan çıxarılması bugünkü reallığın diqtə etdiyi şərtlərdən biridir. Bu bizim erməni cəmiyyətinə mesajımız olar ki, sülh istəyirsinizə, yeni konstitusiyanın qəbulunda baş nazirinizə dəstək verin!”
Asif Nərimanlı
Siyasi təhlilçi Asif Nərimanlının müşahidələrinə görə, Paşinyanın “yeni konstitusiyanın qəbul edilməsi” fikri Ermənistanda əsas müzaki mövzusuna çevrilib: “Hakimiyyət bunu konstitusiyanın mövcud reallığı əks etdirmədiyi ilə əsaslandırır, müxalifət iqtidarı Bakı və Ankaranın "sifarişini" yerinə yetirməkdə ittiham edir. Ermənistan hakimiyyəti haqlıdır, çünki mövcud konstitusiya “müstəqillik bəyannaməsi”nin yerinə yetirilməsini tələb edir. Ki, 12 bəndlik bəyannamədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülür. Bəyannamənin 11-ci bəndində qeyd olunur: “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda (qondarma) erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”. Azərbaycan Qarabağ üzərində suverenliyini təmin edib. Bu reallıq fonunda Ermənistanın mövcud konstitusiyasının saxlanılması Azərbaycana qarşı ərazi iddiasının davam etdirilməsi deməkdir və Bakı ilə münasibətlərin qurulması prinsipi ilə ziddiyyət təşkil edir. Rəsmi İrəvan sülh sazişi imzalamaq, regional kommunikasiyaların açılmasına nail olmaq və Ermənistanı “dalandan” çıxarmaq niyyətindədir". Ekspert hesab edir ki, bunun üçün Bakı və Ankara ilə normallaşma vacib şərtdir: “Və qondarma "artsax" ideyasının, eləcə də qondarma “soyqırımı” iddialarının rəsmi səviyyədə saxlanılması fonunda Azərbaycan və Türkiyə ilə normallaşma mümkün deyil. Paşinyanın yeni konstitusiya istəyi bu reallığa uyğunlaşmaq məqsədi daşıyır. Yeni konstitusiya qəbul ediləcəyi təqdirdə, Ermənistanın gerbinin də dəyişdirilməsi aktuallaşacaq. Çünki gerbdə əksini tapan simvollar Türkiyəyə qarşı ərazi iddialarını əks etdirir".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ