Onlayn ictimai-siyasi qəzet
“Ermənistan ordusunun fərari hərbi qulluqçular ABŞ-la birgə təlimlər zamanı Hindistan istehsalı olan dəbilqəyə quraşdırılan termal görüntülü monokulyardan istifadə ediblər. Hindistanın “Tonbo Imaging” şirkətinin istehsalı olan bu avadanlıqlar hay ordusunda əvvəllər mövcud olmayıb. Hazırda isə Ermənistandan başqa hind ordusu da “Spartan-SH” adlanan bu monokulyardan məhdud sayda əldə edib. Şirkətin digər məhsulları isə İsrail, Fransa və Hindistanda az miqdarda istifadə olunur”.
Musavat.com bildirir ki, bu fikirlər hərbi ekspert Ədalət Verdiyevə məxsusdur. Ekspert xatırladıb ki, müharibədəki məğlubiyyətdən sonra hind və erməni mətbuatında dəfələrlə İrəvanın Hindistandan artilleriya sistemləri, “Pinaka” reaktiv buraxılış qurğularının, müxtəlif atıcı silahların, döyüş sursatı və partlayıcı maddələrin alınması barədə məlumatlar tirajlanırdı: “2022-ci ildən sonra məğlub Ermənistan fərari ordusunu modernləşmək və müdafiə qüvvələrinə yardmı etmək üçün dəfələrlə Hindistana müraciət edib. Ermənistanın bəzi müraciətləri müharibədən az əvvəl baş tutub. 2020-ci ildə Ermənistan Hindistandan 40 milyon dollara dörd ədəd “Svathi” kontrbatareya atəş radarı əldə etdi, lakin onlar Azərbaycanla müharibə zamanı uğurlu tətbiq edilmədi. Müharibədən sonra isə Ermənistan Hindistandan “Pinaka” reaktiv yaylım atəşi sistemini və “Akash” zenit raket kompleksini alıb. Lakin bu silahları Ermənistan müharibədən sonrakı dövrdə istifadə etməyib. Ümumiyyətlə Azərbaycan Ermənistana şərti dövlət sərhəd xəttinə hücum silahı yaxınlaşdırmamaq üçün bir neçə dəfə ciddi xəbərdarlıq edib”.
Ə.Verdiyev sosial şəbəkədəki şəxsi səhifəsində yazıb ki, Ermənistanın silahlandırması nəticəsində Hindistanın əldə etdiyi vəsait kifayət qədər kiçikdir və 1.5 milyard əhalisi olan bir ölkə üçün “dənizdə damla” deməkdir: “Bu silahlanma prosesi Hindistan tərəfindən daha çox İrəvanın əsas rəqibi olan Azərbaycan və onun müttəfiqləri olan Türkiyə - Pakistan qarşısında ayaq üstə qalması üçün həyata keçirilir. Hazırda Hindistan Ermənistan ilə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq üzrə birgə işçi qrupunun yaradılmasına çalışır. Bu ilin may ayında hər iki ölkənin müdafiə nazirlikləri arasında ilk rəsmi məsləhətləşmələr də keçirib. Məsləhətləşmələr zamanı Ermənistan və Hindistan arasında müdafiə sektorunda əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, o cümlədən hərbi-texniki, hərbi təhsil və şəxsi heyətin döyüş hazırlığı, təcrübə mübadiləsi və digər məsələlər müzakirə edilib. Maraqlı burasıdır ki, Ermənistan dəfələrlə Azərbaycanla sülh sazişinin əldə olunmasında maraqlı olduğunu bəyan edib, amma Fransa və Hindistan vasitəsilə hücum xarakterli silahların alınmasını da dayandırmır.
Ermənistan üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə, xüsusilə də Zəngəzur dəhlizinin açılmasına, delimitasiya və demarkasiya prosesinin davam etməsinə, Qərbi Azərbaycan icmasının doğma yurd yuvalarına qayıdış məsələsinə və s. qətiyyən toxunmur”.
Hərbi ekspert bildirib ki, Paşinyan komandasında təmsil olunan nazir və qubernator səviyyəsində isə sülh prosesinə ziyan vurmaq istəyənlərin sərsəm bəyanatlarının sayı da durmadan artır: “Belə bir vəziyyətdə İrəvanın sülhdən danışması riyakarlıqdır. 35 illik işğal tarixinə malik Ermənistanın çox sayda silahlar əldə etməsi, onun milli maraqlarına zidd olması aşkardır. Kənar qüvvələrin təzyiqi ilə regionda yeni gərginlik və eskalasiya yaratmaq niyyəti Ermənistana yalnız yeni və geri qaytarılması mümkün olmayan böyük itkilər vəd edir. Bu itkilər yenidən Ermənistanda etiraz aksiyaları və ictimaiyyətin daha dərin bölünməsi ilə müşahidə edilən təlatümlərə səbəb olacaq. Dili kölgəsindən də uzun olan erməni rəsmilərinin bəyanatları və fəaliyyətləri Azərbaycanın səbrini daşırmağa hesablanıb. Çox təhlükəli oyunlara bulaşan Ermənistan hakimiyyəti birmənalı olaraq sülh istiqamətində əldə olunan kövrək nailiyyətləri yenə kobud şəkildə pozdu. Paşinyan Londonda İlham Əliyevlə görüşdən imtina etdi və bununla sülh danışıqlarını dalana dirədi. Əgər Ermənistan tərəfi öhdəliklərinə əməl etmirsə, sülh danışıqlarına aid görüşlərdən imtina edirsə, o zaman Azərbaycan tərəfi də sülh danışıqlarından rahatlıqla geri çəkilə bilər. Məsələn, rəsmi Bakı Ermənistana qarşı aşağıdakı məhdudiyyətləri rahatlıqla tətbiq edə bilər:
1.Zəngəzur dəhlizi açılana qədər Ermənistan-Gürcüstan yolundan istifadəyə məhdudiyyətlərin tətbiqi;
2.Qazaxın və Naxçıvanın işğal altında olan 4 esklav kəndi qaytarılmayana qədər demarkasiya prosesini birtərəfli qaydada Göyçə mahalı istiqamətində davam etdirilməsi;
3.Ermənistanın təkrar silahlanmasını qarşısını almaq və fərari rəhbərliyin isti beyinlərini soyutmaq üçün preventiv tədbirlərin görülməsi”.
Ekspert sonda bunları bildirib: “Deyəsən Vətən Müharibəsinin 5-ci günündə əməliyyatları təcili dayandırmaq barədə erməni generallar Paşinyana ünvanlanan məktubun mətnini unudublar. “Hərbi Qənimətlər Parkı” bəzi zəif yaddaşları oyatmaq üçün, həm də kifayət qədər boş ərazi ilə inşa edilib. Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsində maraqlıdırsa, buyursunlar. Amma bu fəaliyyətlər darmadağın hay ordusu üçün müsbət heç nə vəd etmir. Ermənistan əgər israrla təkrar əzilmək və alçaldılmaq istəyirsə, o zaman qəhrəman Ordumuz düşmənin bu “arzusunu” mütləq diqqətə alacaq. Buna nə Ermənistanın, nə Paşinyanın, nə də onu silahlandıran və cəsarətləndirənlərin heç şübhəsi olmasın”.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ