İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Moskvada niyə narazı danışdı, istədiyi nə...

Ekspertlərə görə, onun KTMT-yə ittihamı daha çox öz maraqlarına xidmət edir

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitində təşkilatdan narazılıq edib. Paşinyan çıxışında KTMT-nin 44 günlük müharibədə Ermənistanın gözləntilərini doğrultmadığını bildirib.

O, KTMT-nin təşkilatın Kollektiv Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən 2010-cu il 10 dekabr tarixli böhranlı vəziyyətlərə reaksiya barədə sənədə uyğun hərəkət etmədiyini vurğulayıb: “Təəssüf ki, təşkilat Ermənistan Respublikasının gözlədiyi kimi reaksiya vermədi”. Paşinyan uzun müddət Ermənistanın KTMT-yə üzv olan ölkələr tərəfindən Azərbaycana silah satışı ilə bağlı məsələni də qaldırdıqlarını əlavə edib: “Düzünü desək, KTMT-yə üzv ölkələrin 2020-ci ildə 44 günlük müharibə zamanı və müharibədən sonrakı dövrdə reaksiyaları Ermənistanı və erməni xalqını çox da şad etmədi”.

Bununla belə, Paşinyan Putinin İkinci Qarabağ müharibəsinin dayandırılmasında oynadığı rolu qeyd edib. O, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarına ölkəsinin sadiq olduğunu təsdiqləyib. Maraqlıdır ki, Paşinyan həm də KTMT-nin Azərbaycan-Ermənistan dövlət sərhədinin problemli sayılan ərazilərində monitorinqlərin aparılmasını istəyir. Paşinyanın MDB-nin yubiley toplantısında Rusiyadan başqa bütün digər üzvlərdən narazılıq ifadə etməsi onun üzv olduğu təşkilatda belə təkləndiyinə dəlalət edirmi?

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı sualımızı bu cür dəyərləndirdi: “KTMT-də Ermənistanın təklənmiş vəziyyətə düşməsi təkcə Paşinyan hakimiyyəti dövründə yox, ondan əvvəl də mövcud idi və bu, rəsmi Bakının ittifaqın hər bir üzv ölkəsi ilə ayrı-ayrılıqda münasibətlərin inkişaf etdirilməsi strategiyasının nəticəsi idi. Paşinyanın indi KTMT-ni ittiham etməsi isə daha çox öz maraqlarına xidmət edir. Çünki Ermənistan hakimiyyəti də bilir ki, KTMT-nin nizamnaməsində üzv ölkənin ərazisinə təhlükə olduqda dəstək verilir. Qarabağ Ermənistanın işğal etdiyi ərazi idi və KTMT-yə üzv ölkələr də daxil olmaqla dünya tərəfindən Azərbaycan ərazisi olaraq tanınır. Paşinyanın bunu bildiyi halda açıq şəkildə belə deməsinin iki səbəbi var. Birincisi, 44 günlük müharibədə məğlubiyyətinin məsuliyyətini bölüşməyə çalışır və ermənilərə göstərir ki, müttəfiqlərimiz tərəfindən tərk edildik. İkincisi, Rusiyaya mesaj verir ki, Moskva müharibənin dayanmasında rol oynamaqla yanaşı, Ermənistana tam dəstək də verməyib və bunu unutmurlar. Bu mesaj da daha çox hakimiyyətini qorumaq məqsədindən irəli gəlir. Çünki hazırda İrəvandakı aksiyanın arxasında Rusiyanın dayandığı ehtimalını Ermənistan hakimiyyəti də dəyərləndirir. Paşinyanın KTMT-nin monitorinq qrupunun sərhədə gətirilməsi niyyəti Rusiyanı, ümumilikdə Azərbaycanla münasibətləri daha yüksək olan ittifaq ölkələrini bu prosesdə tərəfə çevirmək niyyətindən irəli gəlir. İrəvan indiyə qədər dəfələrlə belə cəhdlər edib, lakin baş tutmadı, indi yenidən eyni məsələni gündəmə gətirir. Bu, həm də sərhədlərin delimitasiyasından sonra Ermənistan cəmiyyətində yarana biləcək narazılığa qarşı ”müttəfiqlərimiz kömək etmədi" tezisini irəli sürmək imkanı verə bilər. İndiki halda müttəfiqləri ilə problemin yaranması Paşinyana sərf edir, həm daxili auditoriyada oynaya bilmək, həm də Qərbin daha çox dəstəyini əldə etmək baxımından. Paşinyanın iclasda etiraz çıxışı da sanki buna hesablanmışdı. Ümumilikdə bir daha bəlli oldu ki, Ermənistan üzvü olduğu ittifaqlarda təklənib, çünki heç bir ölkə Azərbaycanla münasibətləri Ermənistana görə korlamaq istəmir, analoji vəziyyət artıq Qərb ölkələrində də müşahidə olunur".

Şuşa Bəyannaməsi

 Züriyə Qarayeva 

Politoloq Züriyə Qarayeva qeyd etdi ki, Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixində üzərinə götürdüyü öhdəliklərdən yayınma ritorikasına hələ də sadiqlik nümayiş etdirir: “Kapitulyasiya sənədinin imzalandığı gündən bu yana baş verən təxribatların KTMT çərçivəsində baş tutmuş görüşdən sonra da davam etməsi göstərir ki, bu təxribatlarda məqsəd sülh gündəliyinə aparan yolun nəyin bahasına olursa-olsun yubadılmasıdır. Hətta Ermənistandakı iğtişaşlar belə sülh prosesini sabotaj etmək üçün vasitə olaraq istifadə edilir. Bir tərəfdən Ermənistandakı siyasi qüvvələr bununla dünya ictimaiyyətinə Azərbaycanla münasibətlərin normallaşmasına maneələrin olduğunu göstərməyə çalışırlar, digər tərəfdən, hökumət bu aksiyalar vasitəsilə özünü sərbəst toplaşmaq azadlığını qoruyan, demokratik dəyərlərə hörmətlə yanaşan dövlət kimi göstərməyə cəhd edir. Revanşist qruplar və xaricdəki bəzi qüvvələr cəmiyyətlə hakimiyyət arasında uçurumu dərinləşdirməyi bacarıb. Paşinyan həm də ölkəsində revanşistlər və onların ayağa qaldırdığı kəsimlə qarşı-qarşıyadır, hakimiyyətini itirmək astanasındadır. Digər tərəfdən isə hakimiyyətin Rusiya və Avropa İttifaqı arasında manevr imkanları kasadlaşıb. Ona görə də hesab edirəm ki, indiki məqamda Paşinyan özü də proseslərin sülh danışığı ilə deyil, Azərbaycan Ordusunun məcburetmə əməliyyatı vasitəsilə həllini tapmasında maraqlıdır. Çünki həm müharibə dövründə, həm də postmünaqişə periodunda xalqı cidd-cəhdlə inandırmağa çalışdı ki, kapitulyasiya aktını imzalamağa məcbur idilər. Lakin məlum qüvvələr cəmiyyətin barışma prosesini ləngitməyə çalışdığı üçün artıq Paşinyan hökuməti tamamlanmamış işin yenidən Azərbaycan Ordusunun müdaxiləsi ilə bitirilməsinin tərəfdarıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR