Onlayn ictimai-siyasi qəzet
Gah sülhə yönəlik, sülh prosesini irəlilədəcək çıxışlar edir, gah da anti-Azərbaycan xarakterli bəyanatlar verir - bəli, bu günlərdə N.Paşinyan bizi növbəti dəfə təəccübləndirdi. Belə ki, o, ötən həftə Niderlanddakı çıxışında Azərbaycanı humanitar öhdəliklərini yerinə yetirməməkdə qınamışdı. Biz, əlbəttə, əvvəlcə deyə bilərik ki, qoy, erməni baş naziri Bakıya təqdim etdiyi mina xəritələrindən danışsın, amma məsələ bunda deyil. Ondadır ki, Paşinyanın çıxışı bizi elə də təəccübləndirmədi və biz belə bir çıxışı təxmin edirdik, çünki paytaxtdakı etirazlar Paşinyanı az qala küncə dirəmişdi və Nikol buna qədər verdiyi sülh məzmunlu bəyanatlarını anti-Azərbaycan xarakterli çıxışlarla kompensasiya etməli və bir növ tarazlıq yaratmalı idi.
Təsadüfi deyil ki, anti-Azərbaycan xarakterli çıxışla bahəm sərhəd komissiyasının yaradılması və onların bu günlərdə görüşəcəyi haqqında da xəbərlər yayıldı, İrəvanın Azərbaycanın beş bəndlik təkliflərinə cavab olaraq altı bəndlik təklifi gündəmə gəldi.
Beləcə, çox çətinlıiklə olsa da, sülh danışıqları davam edir. Əlbəttə, Paşinyan birinci Ermənistan prezidentinin aqibətini təkrarlamaq istəmir, ona görə də radikalların və küçə etirazçılarının damarını tutmağa çalışır.
Biz Ermənistandakı etirazların artıq bəzi məqamlarını ötən yazılarda qeyd etmişik. Bu məqamlar əsasən ondan ibarətdir ki, etirazçı müxalifət Rusiyaya bağlıdır. O səbəbdən də belə fərz etmək olar ki, Moskva Nikola işarə edir ki, tələsməsin, çünki Kreml üçün Ukrayna məsələsinin yekunlaşması vacibdir və Rusiya bu yaxın dövrlərdə Qarabağ məsələsinin həllində maraqlı deyil. Ermənistanın bir neçə bəndlik cavabında daha əvvəlki kimi Dağlıq Qarabağa müstəqillik tələb olunmur və onun üçün sadəcə status istənilir. Bu isə o deməkdir ki, tərəflər prinsipcə, öz aralarında danışa və razılığa gələ bilərlər, çünki indiyədək ortaqlıqdakı ən böyük maneə status məsələsi idi. Ermənistan bir xeyli müddət Dağlıq Qarabağa müstəqillik istədi və bunun üçün problemin həllinin paket variantında israr etdi. Azərbaycan isə mərhələli həll variantını təklif edir və Dağlıq Qarabağa veriləcək statusun yalnız və yalnız Azərbaycan Konstitusiyası çərçivəsində həllinin mümkün ola bilməsini bildirirdi. Bir ara Rusiyanın vasitəçiliyilə bu iki variantı birləşdirməyə cəhd edildi: Dağlıq Qarabağa aralıq status təklif olundu, di gəl, ermənilər bunu da qəbul etmədilər. İndi isə, işğal olunmuş rayonların azad olunmasından sonra tamam yeni situasiya yaranıb və Bakı İrəvandan fərqli olaraq daha hansısa status haqqında danışmır və erməmilərin cavabının altıncı bəndindən fərqli olaraq daha Minsk Qrupunun vasitəçiliyinə ehtiyac duymur.
Ona görə də tam pessimizm üçün əsas yoxdur. Düzdür, etirazçı müxalifətin səsi bərk gəlir, amma onlar Ermənistanın siyasi palitrasında elə də qabarıq görmürlər, həm də Kremlin diqtəsilə köməkçi funksiya yerinə yetirirlər. Gələcəkdə bizi ən böyük qarşıdurma Rusiya ilə gözləyə bilər, çünki on illərdən sonra Moskva nəhayət ki, Azərbaycanda da öz hərbi iştirakını təmin edibdir və bu səbəbdən də rus sülhməramlılarının buradan çıxması heç də asan məsələ olmayacaq...
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ