Onlayn ictimai-siyasi qəzet
Qərb və Şərqin arasında yerləşən, bəlkə də məhz buna görə Şərq dünyasında Qərb mədəni irsini ilk mənimsəyən və bu irsə layiqli töhfə verən ölkəmizin bu istiqamətdə atdığı mühüm addımlardan biri də mətbuatla əlaqədar olmuşdur. Demək olar ki, bütün müsəlman dünyası “kafir icadı” deyib qapılarını mətbəəçiliyə, qəzetçiliyə bağladığı bir zamanda Həsən bəy Zərdabi ilə bu sahədə ilk addımlarını atan Azərbaycan jurnalistikası qısa zaman ərzində indiyə qədər unudulmayan “Molla Nəsrəddin” jurnalı, "Təkamül" “Yoldaş”, "Bakinski raboçi", "Dəbistan", "Hilal", "Tərəqqi", "Tuti", "Kəlniyyət", "Babayi Əmir", "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik" “Azərbaycan” və s. kimi mətbu orqanlarla öz inkişafını davam etdirmiş və sovet hakimiyyəti dövründə azadlığını itirsə də, yeni yaradıcılıq metod və üslubuna yiyələnmişdir.
70 illik sovet hakimiyyəti dövründən sonra yenidən müstəqillik qazanan ölkəmizin ən öndə gedən və cəmiyyətimizə yön göstərən sahəsi yenə milli mətbuat olmuşdur və bu gün də belədir. Milli-azadlığın ilk təbliğatçılarından biri də bu gün 35 yaşını qeyd etdiyimiz “Yeni Müsavat” qəzeti olmuşdur. Yarandığı gündən indiyə qədər keşməkeşli və şərəfli yol keçən bu qəzet Azərbaycan oxucusunun sadəcə informasiya kanalı olmamış, həm də milli dövlətçilik ideologiyasının yayılmasında, vətəndaşlarımızın rus imperializminə qarşı təşkilatlanmasında mühüm rol oynamışdır.
Bu gün də ölkənin ən tanınmış, çox satılan və ictimai rəy formalaşdıran mətbu orqanı olan “Yeni Müsavat”ın sözügedən uğuru təsadüfi deyil. Həmin nailiyyət qəzetin təsisçisi və baş yazarı Rauf Arifoğlunun qətiyyəti, istedadı, əməksevərliyi ilə yanaşı, həm də yaradıcı kollektivin işgüzar qabiliyyəti hesabına qazanılmışdır. Öz sabit-qədəmliyi və prinsipial yazıları ilə oxucu rəğbəti qazanan Xalid Kazımlı, Zamin Hacı, Azər Ayxan, Ələsgər Suleymanov,Elşad Paşasoy, Elşad Məmmədli, Kənan Rövşənoğlu, Dünya Sakit,Sevnc Telman qızı və s. adını çəkmədiyim istedadlı jurnalistlərin göz nuru ilə ərsəyə gələn “Yeni Müsavat” indi də Azərbaycan mediasının liderlərindəndir və yəqin ki, sabah da belə olacaq. Azərbaycan reallığında 35 il yaşamaq və liderliyi qorumaq hər mətbuat orqanına nəsib olmur.
“Yeni Müsavat”la eyni vaxtda dərc olunmağa başlayan bir çox qəzetlər artıq çoxdan tarixə qovuşublar. “Yeni Müsavat” isə hələ də təsir gücünü nəinki itirməyib, əksinə, get-gedə daha da artırır. Ümid edirəm ki, bu yüksəliş uzun illər davam edəcək və Azərbaycan mediasının dünyada tanınan brendinə çevriləcək, CNN, BBC, Əlcəzirə, AFP, AP, Reuters və s. kimi qlobal media qurumları arasında yer alacaq.
İndiyə qədər qazandığı, bundan sonra da əldə edəcəyi uğurlar və 35 yaşı münasibəti ilə başda Rauf Arifoğlu olmaqla, “Yeni Müsavat”ın bütün kollektivini səmimi qəlbdən təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram.
Qələminizi həmişə bu cür iti saxlayın, əziz dostlar
Mürvət Həsənli
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ