Onlayn ictimai-siyasi qəzet
“Gələcəkdə ərazi iddialarının baş verməməsi üçün Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə təminat istəyir” - bu sözlər erməni baş naziri Nikol Paşinyanın ən son bəyanatlarındandır. Əlbəttə, burada dərhal sual yaranır: söhbət hansı təminatlardan gedir? Gəlin, tələsməyək və daha bir detalın üzərində dayanaq.
Təxminən eyni vaxtda N.Paşinyan qeyd etdi ki, Ermənistan konstitusiyası daha “rəqabət qabiliyyətli” konstitusiya ilə əvəz olunmalıdır. Elə bu bəyanat da az sual doğurmur. Amma əvvəlcə qeyd edək ki, erməni baş naziri ölkə konstitusiyasını dəyişməyin zərrurətindən birinci dəfə deyil ki, danışır. İndiyədək onun bu niyyəti bir neçə aspektdən yozulub.
Bəzi siyasi təhlilçilər, xüsusən də hakim partiyanın opponentləri qeyd edirlər ki, Paşinyanı parlament idarəçiliyi elə də qane etmir və o, geriyə qayıtmaq, prezident üsul-idarəsini bərpa etmək, özü də prezident olmaq istəyir. Onun indiki konstitusiyanın “rəqabət qabiliyyəti”nin aşağı olmasından danışması bu cür mülahizələri bir az da gücləndirir. Amma bu məsələ ilə ilə bağlı başqa məqamlar da var və vaxtilə Paşinyan onlara da işarə edibdir.
Söhbət ondan gedir ki, Ermənistanın “müstəqillik bəyannamə”sində və konstitusiyasında qonşu ölkələrə - Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları var. Elə bu səbəbdən də dinc qonşuluq münasibətlərinin və əməkdaşlığının bərqərar olması, münaqişənin bütün nəticələrinin tam aradan qaldırılması üçün Ermənistanın ali qanunvericiliyi son reallıqlara uyğun dəyişdirilməli və sözügedən ərazi iddiaları “müstəqillik bəyannaməsi”ndən və konstitusiyadan çıxarılmalıdır. Odur ki, siyasi təhlilçilər N.Paşinyanın konstitusiya ilə bağlı növbəti qeydlərini eşidən kimi bunu gələcəkdə imzalanacaq Azərbaycan-Ermənistan sülh sazişi ilə bağladılar.
Əlbəttə ki, onlar bu məsələdə haqlı görünürlər, ona görə ki, gələcək sülh sazişi digər hakimiyyətlər tərəfindən ölkə konstitusiyasına və “müstəqillik bəyannaməsi”nə zidd elan oluna bilər. Ortada həm də Türkiyə ilə münasibətlər var, hansı ilə ki, əlaqələr İrəvan üçün müstəsna əhəmiyyətə malikdir. Odur ki, Türkiyəyə qarşı da ərazi iddialarına son verilməlidir...
Amma Paşinyan bütün bunları edə biləcəkmi? Çətin sualdır. Hələ ki onun ictimai dəstəyi var. Amma siyasətdə heç kim əbədi deyil. Odur ki, erməni baş naziri bir az tələsməlidir. Amma Paşinyan tələsmir - o, özünün erməni xisləti, Rusiya və Qərb arasında vurnuxur. Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov bir çox məsələlərə aydınlıq gətirdi.
Belə məlum oldu ki, Moskva sülh sazişinin Rusiya platformasında imzalanmasına, hətta Naxçıvana dəhliz verilməsinə hazırdır və bütün bu məsələlər Ermənistan tərəfindən uzadılır və yubadılır. Ən əsası da budur ki, Rusiyanın baş diplomatı qismən də olsa, haqlıdır. Məsələ bundadır ki, əvvəllər Ermənistanın bir ağası vardı, indi onların sayı ən azı üçdür: Paşinyan bilmir ki, kimə qulaq assın? Rusiyaya, Fransaya və yaxud da ki, ABŞ-a?..
Bugünlərdə Fransa prezidenti orduya müraciətində bildirdi ki, o, Ermənistanı da qorumağa hazır olmalıdır. Heç şübhəsiz ki, bu cür detallar Paşinyanı sözün əsl mənasında şirnikləndirir, onda revanşist ümidlər yaradır. Odur ki, erməni baş naziri vaxtı uzatmağa və bir növ vaxt udmağa çalışır ki, görsün, bütün bu qəbildən olan vədlər-bəyanatlar necə olacaq?
“Bəlkə də qaytardılar!” - çox təəssüf ki, erməni baş naziri də nə qədər realist olmağa çalışsa da, ürəyinin dərinliklərində belə ovqatdan qurtula bilmir. Amma onun bütün bu cəhdləri əbəsdir. Qədim yunan filosofları demişkən, bir çaya iki dəfə girməzlər...
Bir neçə il bundan əvvəl ermənilərin müəyyən şansları vardı - Azərbaycan onlara ən yüksək muxtariyyət təklif edirdi. Amma onlar Bakının bu təkliflərini dəyərləndirmədilər. İndi isə, necə deyərlər, qatar gedibdir. Növbəti qatar isə daha olmayacaq...
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ