Onlayn ictimai-siyasi qəzet
Ermənistanda parlament müxalifəti baş nazir Nikol Paşinyanın Minskdə keçiriləcək KTMT sammitində iştirak etməmək qərarını demarş kimi qiymətləndirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə parlamentdə “Ermənistan” blokunun üzvü Armen Rüstəmyan danışıb.
“Əgər bu, tək hal üçün olsaydı, izahatlar və əsaslandırmalar tapmaq olardı. Amma uzun müddətdir ki, Ermənistan hakimiyyəti yüksək məmurlar səviyyəsində belə tədbirlərdə iştirak etmir və buna demarşdan başqa bir şey deyilə bilməz”, - deyə A.Rüstəmyan bildirib.
Onun sözlərinə görə, hakimiyyət öz təhlükəsizlik imkanlarını artırmağa çalışsaydı, bu, başadüşülən olardı və müxalifət belə hərəkətləri alqışlayardı.
“Lakin burada söhbət düşərgənin açıq şəkildə dəyişməsindən gedir. Bu isə Ermənistan üçün çox ağır nəticələrə səbəb ola bilər, çünki biz burada Qərblə Rusiya qarşıdurması kontekstində mahiyyətcə düşərgələri dəyişirik. Bu cür ardıcıl addımlar ona gətirib çıxaracaq ki, Rusiya ilə Qərb arasında qarşıdurma başqa yerə, yəni Ermənistan ərazisinə keçəcək. Bu isə bizim üçün bütün fəlakətli nəticələri özü ilə bərabər gətirəcək”, - deyə Rüstəmyan qeyd edib.
Erməni deputatın sözlərinə görə, Ermənistan bu qarşıdurmanın qurbanına çevrilməməlidir, bu kontekstdə, həmin qarşıdurmadan öz xeyrinə istifadə etməyi bacaran Türkiyə və Azərbaycanın mövqeyindən dərs almaq yaxşı olardı.
“Erməni tərəfinin hərəkətləri ona gətirib çıxaracaq ki, bu qarşıdurma Ermənistanın maraqlarının ziddinə işləyəcək. Belə olan halda biz hər bir tərəfin öz maraqları üçün istifadə edəcəyi alətə çevriləcəyik”, - deyə Rüstəmyan vurğulayıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ