İnsanlara hürriyət, millətlərə istiqlal!

“Atla gediş” əməliyyatı - rus kəşfiyyatçı xilas olmaq üçün Çörçillin sərxoş oğlunu döyüb

1944-cü ilin mayında almanlar “Atla gediş” əməliyyatına başlayıblar. Məqsəd İosif Broz Titonun Yuqoslaviyadakı Xalq Azadlıq Ordusunun (YXAO) qərargahını, eləcə də qərargahda olan müttəfiq missiyaların nümayəndələrini və hərbi mütəxəssisləri məhv etmək olub. Almanlar əməliyyatı həyata keçirmək üçün mexanikləşdirilmiş piyada qoşunlardan və hava-desant bölmələrindən istifadə ediblər. Bu bölmələr arasında 500-cü SS hava-desant batalyonu xüsusilə seçilib.

500-cü batalyon 1943-cü ildə yaradılıb və onun döyüşçülərinin bir qismi könüllülər təşkil edib. Digələri isə cəza düşərgələrinin “günahlarını yumaq” üçün orduya cəlb edilən məhbusları olub. Almaniya məhdud qüvvələrlə Titonun Drvardakı qərargahını sürətli şəkildə məhv edəcəyini planlaşdırıb. Hauptsturmfürer Kurt Ribknin komandanlığı altında SS adamlarının yerə enməsi hər kəs üçün tam sürpriz olacağı güman edilib. Eyni zamanda, SS-ə Vermaxtın II tank ordusu və 5-ci SS dağ korpusu yerdən dəstək verib.

scale_2400 (4).png (131 KB)

Almanlar YXAO-nun qüvvələrini təəccübləndirə biliblər, onların hücumu həqiqətən həm Yuqoslaviyanın antifaşistləri, həm də müttəfiqlər üçün sürpriz olub. Mayın 25-də marşal Vasilevski Stalinə XAO-nun qərargahı ilə əlaqənin kəsildiyini bildirib. Qərargahda bir neçə sovet kəşfiyyatçısı işləyib, onların arasında Konstantin Kvaşnin də olub. Kvaşnin həmin hadisələri belə xatırlayır:

“Saat 8-də xəbər verdilər ki, almanlar güclü desant dəstəsi endirib, onu havadan mühafizə edirlər. Dərhal rabitə kəsildi. Küçə döyüşləri gedirdi, dəmiryol vağzalı dağıdılmışdı... 12 bombardmançı təyyarə üstümüzdə peyda olduqdan sonra partlayış səsləri eşidldi. Hamı dağıldı, mən kazarmadan təxminən 30 metr kənara tullandım və burnumu çürük kötüyə vurdum. Dəhşətli dərəcədə xoşagəlməz təcrübə idi. Bombardmandan sonra bir az da dağlara doğru geri çəkildik. Saat 11-də missiyanın bir hissəsi gəldi. Yorğun idik. Bir gündən çox atəş altında gəzmişdik...”.

scale_2400 (3).png (242 KB)

İngiltərə də olduqca çətin vəziyyətdə düşüb. Məsələ burasındadır ki, İngiltərənin Yuqoslaviyadakı diplomatik missiyasının tərkibində Uinston Çörçillin tək oğlu Rendolf da olub. Almanlar Drvarı tutanda Tito və onun yoldaşlarını qərargahda tapa bilməyiblər. Marşal bəzi sovet, ABŞ və ingiltərəli zabitlərlə birlikdə şəhəri tərk edib. Qrup Böyük Şator dağının yaxınlığında parçalanıb. Tito və bəzi zabitlər Kupres şəhərinə gediblər. Yerli əhali partizanlara fəal kömək edib və onları almanlardan gizlədib. Nəticədə nasistlər Titonu heç vaxt ələ keçirə bilməyib.

Çörçillin oğluna gəlincə, o, sovet kəşfiyyatçısı Kvaşninlə digər qrupda olub. İngilislər sovet zabitlərini diplomatik missiya üzvləri ilə birlikdə təyyarə ilə təxliyə etməyə söz veriblər. Lakin almanların irəliləməsi o qədər sürətli olub ki, evakuasiya ilk dəfə uğursuzluqla nəticələnib. Kvaşnin-Çörçill qrupu təqibdən qaçıb bir neçə gün dağlarda gizlənməli olub.

scale_2400 (1).png (149 KB)

SSRİ kəşfiyyatçısı müsahibələrinin birində deyib: “İyunun 8-nə qədər bizi qoyun sürüsü kimi dağların arasından qovdular. Yalnız gecələr gəzirdik, gün çıxan kimi gizlənirdik və kəşfiyyat işi aparırdıq. Bu, bir neçə gün davam etdi və bu müddət ərzində biz təhlükəsiz bir yerə qaça bildik”.

Partizan müharibəsinin misilsiz ustası Kvaşnin bir neçə gün alman bölmələrini aldatmağı bacarıb. Qrup ingilis təyyarələrinin onları gözlədiyi Bari aerodromuna çatmalı olub. Bununla belə, nasistlərin say üstünlüyü özünü hiss etdirib. Dağların yüksəkliyində almanlar Kvaşninin dəstəsini üç tərəfdən sıxışdıra biliblər. Dördüncü tərəfdəki sıldırım qayalardan aşağı düşmək xilas olmağın yeganə yolu olub.
Kvaşnin eniş üçün hər şeyi hazırlayıb və o, Rendolf Çörçilllə birlikdə enməli olub. Ancaq sərxoş Rendolf 500-cü SS datalyonunun yaxınlaşdığı vaxt qəfildən uca səslə mahnı oxumağa başlayıb. Bununla belə, Kvaşnin özünü itirməyib Rendolfu var gücü ilə yumruqla vurub və o, huşunu itirib. Özünə gələndə isə artıq yerdə olub.

scale_2400.png (650 KB)

Kvaşnin və bir neçə zabit yoluna çıxan düşmən patrulunu zərərsizləşdirərək sağ-salamat Bari aerodromuna çatıb. Saat səkkizdə dörd “Duqlas” on “Spitfire” təyyarəsi ilə birlikdə ərazini tərk ediblər. İngilis onu xilas etdiyi üçün sovet kəşfiyyatçısına minnətdar olub və kin saxlamadan onun əlini sıxıb.
Qeyd edək ki, həmin qrupun içərisində yazıçı, səyahət kitabları və avtobioqrafiyaların müəllifi İvlin Vo da olub.

Almanların əməliyyatı ildırım sürətinə və düşünülmüş olmasına baxmayaraq, uğursuzluqla nəticələnib. Almanlar nə Titonun özünü, nə də müttəfiq missiyasını tutub məhv edə bilməyiblər. Müharibədən sonra Konstantin Kvaşnin özü SSRİ Xalq Daxili İşlər Komissarlığının məktəbində dərs deyib, döyüş kəşfiyyatı təcrübəsi barədə danışıb. 1960-cı illərdən Moskva Texniki Rabitə və İnformatika Universitetində baş mühəndis işləyib.

Kəşfiyyatçı 2007-ci ildə dünyasını dəyişib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR