İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan bir, komandası başqa söz deyir - Bakıya qarşı ikili oyun

Ermənistanda sülh danışıqları ilə bağlı Təhlükəsizlik Şurasının katibi və spikeri konstruktiv mövqe, XİN başçısı isə destruktiv yanaşma nümayiş etdirir; Nikolun hədəfi nədir - sülh, ya hakimiyyətini qorumaq?

Ötən həftəsonu Ermənistanın baş naziri Nikol Paşinyanın yenə “sülh damarı” tutmuşdu. Bu dəfə o, Tiflisdən bəyan etdi ki, qonşu Azərbaycan və Türkiyə ilə anlaşma olmadan ölkəsi təcriddən çıxa bilməyəcək. Az öncə o, Ermənistan konstitusiyasını mövcud reallıqlara uyğunlaşdırmağın vacibliyindən də danışmışdı. 

Paşinyan Gürcüstan səfəri zamanı həmçinin ümid etdiyini bildirib ki, Azərbaycandakı 7 fevral prezident seçkisindən sonra danışıqlar daha intensiv və məhsuldar olacaq. Sanki hazırda prosesi irəli aparmağı əngəlləyən Azərbaycandakı seçkidir. Guya seçkidən əvvəl nala-mıxa vuran Ermənistan rəhbərliyi deyilmiş. 

Sülh danışıqlarına gerçəkdənmi seçki maneə yaradır? Bakının göndərdiyi sülh müqaviləsinin yekun variantına İrəvan daha neçə dəfə düzəliş edib geri qaytaracaq? Yeri gəlmişkən, Azərbaycan tezliklə İrəvana son variantı yollayacaq. Bu haqda yanvarın 27-də XİN başçısı Ceyhun Bayramov deyib. Maraqlısı həm də odur ki, Nikolun komandasında heç də hamının ağzından eyni avaz gəlmir. Müşahidələr göstərir ki, sülhlə bağlı daha konstruktiv mövqe Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və parlamentin spikeri Alen Simonyan tərəfindən sərgilənir. XİN başçısı Ararat Mirzoyan və xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan isə əksinə, bir qayda olaraq, destruktiv yanaşma nümayiş etdirirlər. Bəs Nikol Paşinyan bütün bunlardan bixəbərdirmi? Yoxsa özü qəsdən buna rəvac verir ki, xaricdə sülhpərvər imicli komanda kimi görünməklə yanaşı, daxildə radikal-revanşist qüvvələri sakitləşdirsin? Yekun etibarilə isə öz hakimiyyətinin ömrünü uzatsın. Nikolun əsas hədəfi nədir - Bakı və Ankara ilə sülh anlaşmaları, yoxsa hakimiyyətini qorumaq? 

Yeri gəlmişkən, İrəvan sülh müqaviləsinin imzalanması gecikəcəyi halda Bakıya “hücum etməmək” haqqında pakt bağlamağı təklif edib. Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmini, habelə sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi ortaya çıxarsa, hücum etməmək haqqında pakt imzalamağı təklif etdik”, - o bildirib. Qeyd edək ki, sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır. Yanvarın əvvəlində Azərbaycana Ermənistanla sülh müqaviləsi bağlamaq üçün növbəti təkliflər paketi göndərilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyi kimi, yaxın həftələrdə Azərbaycan bu təkliflər paketi ilə bağlı Ermənistana cavab verəcək.

Elxan Şahinoğlu: Prezident yeni bir ənənənin başlanğıcını qoydu - "İki  sahil"

Elxan Şahinoğlu

Siyasi analitik Elxan Şahinoğluna görə, Azərbaycan yalnız Ermənistana görə silahlanaraq ordusunu modernləşdirmir. Onun fikrincə, Azərbaycan qonşularla normal münasibətlərin tərəfdarı olsa da, Rusiya və İranda istənilən an durum dəyişə və bunun bölgəyə mənfi təsirləri ola bilər. “Bu səbəbdən Azərbaycan həm ordusunu gücləndirməli, həm də ən müasir hərbi texnikaya malik olmalıdır. Azərbaycanın silahlanmasına heç bir ölkə nəzarət edə bilməz. Rusiyanın Ermənistandakı hərbi bazasındakı silahlara kim nəzarət edəcək? Nikol Paşinyan deyəcək ki, bunların Ermənistana aidiyyəti yoxdur, ancaq müharibə halında raketlər havada uçuşacaq. İkinci Qarabağ müharibəsində bunun şahidi olduq. Paşinyan hücum etməmək barədə pakt irəli sürməkdənsə, ərazi bütövlüklərinin tanınması şərtilə sülh sazişini imzalasa, bu onun ölkəsi üçün daha faydalı olar”, - deyə politoloq belə dəyərləndirir. Ekspert hesab edir ki, Paşinyan bunun əvəzinə “paktla” Azərbaycanın 8 kəndini güc yolu ilə geri qaytarmayacağı barədə təminat əldə etmək istəyir: “Dünya tarixində müxtəlif ölkələr arasında o qədər hücum etməmək barədə paktlar imzalanıb ki, maraqlar toqquşduğu halda zibil qutusuna atılan kağız parçalarına çevriliblər”.

Nikolun Tiflisdən verdiyi bəyanatlara gəlincə, analitikin sözlərinə görə, normalda həm Azərbaycanın, həm də Ermənistanın strateji tərəfdaşı olan Gürcüstan bölgədə sülh və üç ölkə arasında əməkdaşlığın formalaşması üçün çalışmalıdır: “Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın vasitəçi rolunda çıxış etməsinə və görüş yeri kimi Tiflisin seçilməsinə müsbət yanaşır. Böyük ehtimalla Paşinyanla Qaribaşvili arasında bağlı qapılar arxasında Tiflisin vasitəçi rolunun artırılması ilə bağlı danışıqlar aparılıb. Gürcüstanın vasitəçiliyi Azərbaycan və Ermənistan üçün ən optimal variantdır, əks halda, Kreml "tərəfləri Moskvaya dəvət edirik" israrı ilə həm Bakıya, həm də İrəvana təzyiqi artıracaq ki, bu da Cənubi Qafqaz ölkələrinin maraqlarına cavab vermir".

Fuad Əliyev: Xarici siyasətdə qazanılan uğurların davamı və daha da  genişləndirilməsini tətəfdarıyam

 Fuad Əliyev

Paşinyan komandasında ikitirəliyin olmasına isə şərh verən prezidentliyə namizəd Fuad Əliyevin qəzetimizə dediyinə görə, rəsmi İrəvan sülh oyununu davam etdirir: “Ermənistan hakimiyyəti anlayır ki, sülhün alternativi yoxdur. Amma bu sənədin hansı masada imzalanması əlahiddə mövzudur. Paşinyan təzyiqlərdən çəkinir. Bu səbəbdən sülh imzalamır. Çünki hansı vasitəçi sülh sazişi bağlanmasında iştirak etsə, digər moderator olmaq istəyən güc İrəvanı sıxma-boğma edəcək. Hətta Ermənistanda hərbi çevriliş də istisna deyil. Həmçinin Müstəqillik Aktına düzəliş etmədən sülh mümkün görünmür. Bunu da ehtiyatla dilə gətirir. Ona görə də Qriqoriyanın ağzından bir hava, Mirzoyandan bir hava eşidirik. Bundan əvvəlki xarici işlər naziri Ayvazyan da tərs idi, komandanın kursunu tam ifadə etmirdi. Məncə, erməni hiyləgərliyi burada rol oynayır. Üstəlik, onların başına ağıl qoyan amerikalı məşvərətçiləri var”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR