Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Krasnoyarsk şəhərində hüquq-mühafizə orqanları məscidin yaxınlığında spontan şəkildə formalaşmış ticarət məntəqəsini bağlayıblar.
Musavat.com xəbər verir ki, yerli sakinlərin “azərbaycanlıların bazarı” adlandırdığı bu ticarət yeri əsasən cümə namazı ərəfəsində fəaliyyətə başlayıb və burada müxtəlif ərzaq və gündəlik tələbat malları satılıb.
Hadisə Sobor məscidinin yaxınlığında baş verib. Polis əməkdaşları əraziyə gələrək ticarətə son qoyub, satıcılardan bir neçəsini saxlayıb və məhsulların mənşəyi ilə bağlı yoxlamalar aparıb.
Rəsmi məlumatda qeyd olunur ki, ümumilikdə 59 xarici vətəndaş aşkarlanıb. Onlardan 5 nəfər ət və süd məhsullarının satış qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib, 15 nəfər isə miqrasiya statuslarının yoxlanılması üçün polis şöbəsinə aparılıb.
Krasnoyarsk diyarının hakimiyyət nümayəndələri bildiriblər ki, regionda satılan ət və digər qida məhsullarının mənşəyi və təhlükəsizliyi ciddi nəzarətdə saxlanılır, bu kimi spontan ticarət məntəqələri qanunsuz sayılır.
Rusiya tərəfi tez-tez “qanunçuluq” motivi ilə bu kimi reydləri əsaslandırsa da, Musavat.com-a görə, bu, Rusiyada azərbaycanlılara münasibətdə davam edən təzyiq tendensiyasıdır. Halbuki Bakı öz tərəfindən “Sputnik Azərbaycan” rəhbərliyinin həbsdən buraxılmasını təmin edib.
Azərbaycan-Rusiya münasibətləri Kreml rəsmiləri səviyyədə “dostluq və strateji tərəfdaşlıq” kontekstində təqdim olunur, lakin Rusiya ərazisində azərbaycanlılara qarşı münasibətdə agressiv nəzarət, inzibati təzyiq və selektiv polis əməliyyatları adi hal almağa davam edir.
Bu insident də göstərir ki, Rusiya cəmiyyətində və yerli idarəetmədə Azərbaycan diasporuna qarşı münasibət hələ də sabitləşməyib və “sıxışdırma siyasəti” davam edir.
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ