İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiyaların hesabat vaxtı gəldi - aprelin 1-dək...

MSK hansı partiyaların qeydiyyatının ləğvi məsələsini qaldıra bilər?

Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası 2023-cü il üzrə maliyyə hesabatı açıqlayıb. Rəsmi məlumata görə, ötən il partiyanın gəliri 32,9 milyon manatı ötüb, bunun 29,6 milyon manatdan çoxu üzvlük haqlarının, 2,4 milyon manata yaxını dövlət yardımının, qalanı başqa mənbələrin payına düşüb.

2023-cü ilin xərcləri 22,7 milyon manatdan çox göstərilir.

Qanunvericiliyin tələbinə görə, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Hazırda 26 partiya dövlət qeydiyyatındadır.

MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Məlumata görə partiyaların bəziləri hələ hesabat verməyiblər. Hesabat verməyənlərin qeydiyyatı ləğv oluna bilərmi? 

Tural Abbaslı seçkilərdə kimə səs verəcək? - Özü AÇIQLADI

Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, rəhbərlik etdiyi partiya illik hesabatını MSK-ya təqdim edib: “Buraya ildə iki dəfə partiya üzvlərinin reyestrinin təqdim olunmasından, rüblük vergi hesabatlarının verilməsi, MSK-ya illik maliyyə hesabatı verilməsi kimi öhdəliklər də daxildir ki, partiyaların üzərinə qədərindən artıq məsuliyyət qoyur. Məsələnin daha bir tərəfi var ki, dövlət büdcəsindən maliyyələşməyən partiyaların MSK-ya maliyyə hesabatı verməsinin məntiqi yoxdur. Maliyyə hesabatını məntiqlə dövlət büdcəsindən maliyyələşən siyasi partiyalar verməlidir. Partiyaların vergi hesabatları verməsi isə ümumiyyətlə aradan qaldırılmalıdır. Çünki partiya kommersiya təşkilatı deyil. Parlamentdə təmsil olunmayan partiyalar dövlət büdcəsindən maliyyələşmir. Bu da vəziyyəti daha da ağırlaşdırır. Amma buna baxmayaraq, həmin partiyalardan da maliyyə hesabatı tələb olunur. Hətta qanunda qeyd olunur ki, maliyyə hesabatı verməyən partiyanın ləğvi ilə bağlı MSK müvafiq orqanlara müraciət edə bilər. Düzdür, indiyə qədər belə bir addıma gedilməyib, amma qanunvericilkdə bu məsələ əksini tapıb. Məncə, hesabatlardan daha çox partiyaların maliyyələşməsi üzərində islahatlar aparılmalıdır”.

Akif Nağı:\"Qarabağa Elçibəydən fərqli yanaşırdım\"

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, maliyyə hesabatının verilməsi qanunvericiliyin tələbi olduğu üçün normal qarşılanmalıdır: “Bizim hesabımızda pul yoxdur, amma ötən il də, bu il də maliyyə hesabatı vermişik. Sıfırlanmış variantla hesabat verilir. Biz də bu cür etdik. Bir az çətin qəbul elədilər. Audit də yoxladı və arayış verdi. Bunun əsasında hesabatı təqdim etdik. İstərdik ki, prosedur yüngülləşdirilsin. Qanunda belədir ki, davamlı şəkildə maliyyə hesabatı verilməyəcəksə, partiyanın bağlanması məsələsi qaldırıla bilər. "Mənim maliyyə əməliyyatım olmayıb, ona görə hesabat vermirəm, verməməliyəm" yanaşması düzgün deyil. İnad göstərmək və problem yaratmaq yanlışdır". 

Xatırladaq ki, partiyaların bəzilərinin maliyyə hesabatlarını təqdim etməməsi problemi hər il yaşanır. Ötən il bu problem yaşanan zaman Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov illik maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların qeydiyyatının ləğv edilməməsinin səbəbini açıqlamışdı: “İllik maliyyə hesabatı verməyən siyasi partiyaların qeydiyyatının ləğv olunması məsələsi qaldırıla bilər. Buna səlahiyyətimiz çatır. Hesabat verməyən siyasi partiyanın varlığı ilə yoxluğunun bizim üçün bir fərqi yoxdur. Amma Ədliyyə Nazirliyi qarşısında partiyanın qeydiyyatının ləğvi məsələsi qaldırılsa, hamı deyəcək ki, Azərbaycanda siyasi partiyanın qeydiyyatı ləğv edildi”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR