İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə nikah müqaviləsinin məcburi olması təklif edildi

Milli Məclis Prezidentə və Birinci vitse-prezidentə təbrik ünvanladı

Martın 18-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova əvvəlcə bayramlar münasibətilə təbriklərini, xoş arzularını çatdırdı. Daha sonra gündəliyin müzakirəsinə keçildi. Milli Məclisin sədri birinci məsələnin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu söyləyərək bildirdi ki, beynəlxalq sənədlə bağlı olduğuna görə layihə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edilməlidir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov bu qanun layihəsini təqdim edərək  diqqətə çatdırdı ki, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi” 6 noyabr 2024-cü il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən TDT-nin 11-ci Zirvə Görüşündə imzalanıb.

Qeyd olundu ki, Sazişin məqsədi üzv ölkələr arasında rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək, elektron ticarət və rəqəmsal xidmətləri asanlaşdırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək və biznes mühiti üçün daha əlverişli şərait yaratmaqdır. Saziş çərçivəsində tərəflər elektron ticarətin inkişafı, gömrük və logistika, maliyyə texnologiyaları və rəqəmsal ödənişlər, kiçik və orta biznesin dəstəklənməsi, istehlakçı hüquqlarının qorunması, kibertəhlükəsizlik və məlumat mübadiləsi, elektron imzalar və hüquqi uyğunlaşma istiqamətlərində əməkdaşlıq etməyi öhdələrinə götürürlər. Sazişin icrasına nəzarət məqsədilə Birgə Komitənin təsis edilməsi nəzərdə tutulur. Bu komitə Sazişin müddəalarının yerinə yetirilməsini izləyəcək, tərəflər arasında koordinasiyanı təmin edəcək və əməkdaşlıq sahəsində təkliflər irəli sürəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin iqtisadi baxımdan və beynəlxalq münasibətlər nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb etdiyini deyərək, rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini bildirdi.

Deputatlar Aydın Mirzəzadə, Hikmət Məmmədov, Bəxtiyar Əliyev məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verdi.

 

Deputat Razi Nurullayev “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklər zamanı söz alaraq bildirdi ki, işğaldan azad edilmiş ərazilər üzrə iqtisadi fəaliyyət sahələri və mal nomenklaturası üzrə hüquqi şəxslər və sahibkarlıq edən fiziki şəxslər idxal zamanı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilir: “”Lisenziyalar və icazələr haqqında" qanuna edilən bu dəyişiklik çox mütərəqqidir və dəstəkləyirəm. Məhz, bu cür müsbət dəyişikliklər Qarabağ zonasında iqtisadi aktivliyin artmasına səbəb olub. Azərbaycanın müxtəlif şəhər və rayonlarında iqtisadi fəallıq xeyli azalmış, bəzi iş yerləri bağlanmışdır. Bir çox iş adamları rayon və şəhərlərdə zavod və fabriklərini bağlayaraq Qarabağ zonasına yatırım etmişlər. Prinsipcə bu yaxşıdır, həm də narahatedicir".

R.Nurullayev dedi ki, Azərbaycanın bir nöqtəsində iş yerlərinin bağlanması və əvəzində digər nöqtəsində açılması nə dövlətin, nə də hökumətin marağında ola bilməz: “Ölkəmizin müxtəlif yerlərində iqtisadi fəallığın kəskin azalması müşahidə olunur və xarici sərmayələrin də cəlb olunmasında ciddi problemlər yaşayırıq. Bu, dediyim məsələləri nəzərə alaraq, müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə ciddi vergi güzəştlərinin tətbiq edilməsini təklif edirəm. Biz elə etməliyik ki, yerli və xarici sərməyadar pulunu və biznesini Azərbaycana köçürmək istəsin. Bunun üçün ikinci addım olaraq iqtisadi fəaliyyət sahəsində məhkəmə sisteminin yüz faiz şəffaflığına nail olmalı və onlara inamı artırmalıyıq. Üçüncü, vergi məcəlləsini bütövlükdə yenidən yazmalı və ən azı 60-70 faiz sadələşdirməliyik ki, onu oxuyan iş adamı çətin alqoritmik hesablamalar içində başını itirməsin, sadə dildə onu anlamağı bacarsın. Vahid və sadə bir məcəllə. Dördüncü bənd olaraq, əmlak toxunulmazlığı faktiki və konkret olaraq toxunulmaz olmalı və bu sahədə zərrə qədər də şübhəyə nə yerli, nə də xarici sərməyadarda şübhə olmamalıdır. Sonuncu olaraq isə ən vacib məqamlardan birini də qeyd edim. İş yeri yaradacaq bizneslərin qurulması zamanı infrastruktur xərcləri, yəni qaz, işıq, su, kanalizasiya, torpaq sənədləşməsi, icazələrin alınması böyük xərc aparır. Deyək ki, bir nəfərin 5 milyon manatı var və yatırım etmək istəyir. Əgər, güzəştli sənaye parklarında edərsə o zaman yəqin ki, xərclər az olacaq və ona sərf edər. Amma, hər kəs də sənaye ilə məşğul olmaq istəmir və yaxud digər şəhər və rayonlarda biznes qurmaq istəyir. Bu zaman onun 5 milyonunun demək olar ki, hamısı alqı-satqıya, ödənişlərə və icazələrə gedir. Adamın iş görmək həvəsi elə rüşeymində ölür. Onun üçün də təklif edirəm ki, infrastruktur layihələri dövlət tərəfindən həyata keçirilsin, konkret biznes layihələrini hazır paket şəklində simvolik qiymətə sərmayəçilərə satsınlar. Onların üzərinə isə konkret sərmayə və konkret sayda iş yeri yaratmaq öhdəliyi qoyulsun. Ümid edirəm ki, İqtisadiyyat Nazirliyi bu təklifimə cavab verəcək”.

Qanun layihə müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul olundu.

İclasda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirəyə çıxarıldı. Deputat Elçin Mirzəbəyli çıxışında qanun layihələrini təqdir edib və dəstəklədiyini bildirdi: “Dəyişikliklərin reklam daşıyıcısı olan rəqəmsal platformalarda baş verən və bəzən, hətta cinayət məsuliyyəti yaradan özbaşınalığa və xaosa son qoyulması istiqamətində növbəti addım olduğunu düşünürəm”. E.Mirzəbəyli qeyd etdi ki, Rusiyada 2014-cü ildən “dərman vasitələrinin, tibbi xidmətlərin, o cümlədən profilaktika və diaqnostikanın, müalicə və tibbi reabilitasiya üsullarının, habelə istifadəsi xüsusi hazırlıq tələb edən tibbi məhsulların reklamı” qadağan edilib: “Qardaş Türkiyənin Həkimlik Peşəsi Etik Qaydalarının 11-ci maddəsində deyilir: ”Həkim məsləyini yerinə yetirərkən reklam edə, ticari reklamlara vasitə ola, çalışmalarına ticari bir görüntü uyğulaya, insanları təlaşlandıran, yanlış yönləndirən, haqsız rəqabətə yol açan davranışlara yol verə bilməz. Bu baxış bucağı Türkiyənin tibb, reklam və istehlakçıların hüquqları ilə bağlı bütün qanunvericilik aktlarında yer alıb və problem kökündən, birdəfəlik həll olunub. Bu səbəbdən də eyni problemlərin aradan qaldırılması üçün məsələnin hissə-hissə yox, birdəfəlik həll edilməsinin zəruriliyini və qardaş Türkiyənin tibb sahəsindəki hüquqi-normativ aktlarının izahında bildirildiyi kimi “Bütün müvafiq hüquqi və etik qaydalara uyğun olaraq, səhiyyə sahəsində reklamın aparılmasının qəti qadağan edilməsi”nin vacib olduğunu düşünürəm".

 “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev müzakirə olunan məsələ ilə bağlı birinci oxunuşda çıxış edərək,  qanun layihəsini dəstəklədiyini söylədi. Ardınca qeyd etdi ki, qanunvericilikdə yüksək hakim vəzifəsi deyilən bir şey yoxdur: “Birinci instansiya məhkəməsinin hakimləri, Apellyasiya Məhkəməsinin hakimləri və Ali Məhkəmənin hakimləri var. Yəni qeyd etdiyim kimi yuxarı instansiya məhkəmələrinin hakimləri var. Bunu da mütləq biz gərək qanunvericilik qaydasında nəzərə alaq. Amma gördüyünüz kimi, Ali Məhkəmənin xüsusi qaydada təyin olunan üzvlərinə aid tələblər Konstitusiya Məhkəməsinin üzvlərinin təyin olunması ilə bağlı tələblərdən nə qədər sərtdir. Ümumiyyətlə, bir daha hörmətli həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununa görə istisnalara yol verilmr. Yəni ümumi qaydalardan kənar istisnalar hesab olunur ki, bu diskresion səlahiyyətlərin verilməsidir və bu, vətəndaşların qanun qarşısında bərabərliyinin, o cümlədən Konstitusiyanın ”qanunlar bərabər mənafelərə bərabər münasibət ifadə etməlidir" tələbinin pozulmasına yol açmış olur. Həm də sui-istifadə hallarına yol açır. Yəni bu, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun tələblərindən ibarətdir".

Millət vəkili təklif etdi ki, komitə sədri Əli Hüseynli bunu qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etsin: “Hesab edirəm ki, belə qayda müəyyən olunmalıdır ki, birinci instansiya məhkəmsində 5 il işləmiş hakim Apellyasiya Məhkəməsinin üzvü təyin oluna bilər, 5 il Apellyasiya Məhkəməsinin üzvü işləyən hakim Ali Məhkəmənin üzvü təyin oluna bilər və ən azı 5 il Ali Məhkəmənin üzvü təyin olunmuş şəxs Konstitusiya Məhkəməsinin üzvü təyin oluna bilər. Yoxsa indiki halda qeyd etdiyim kimi, baxın, 9 Konstitusiya Məhkəməsinin üzvündən cəmi 3-ü hakim işləmiş şəxsdir. Amma Konstitusiya Məhkəməsi Ali Məhkəmənin dediyim kimi, qərarlarını ləğv etmək səlahiyyətinə malikdir. Ona görə də bu, daha doğru olar, həm də o istisnaları biz bununla da aradan qaldırmış olarıq. Yox, əgər biz yenə də bu istisnalara yol verəcəyiksə, o halda heç olmasa həm Ali Məhkəməyə, həm Konstitusiya Məhkəməsinə aid tələbləri eyniləşdirmək lazımdır. Burada da hesab edirəm ki, 10 il müddət nəzərdə tutulsa, yəni hüquqşünas ixtisası üzrə 10 il işləmiş şəxslərin təyin olunması daha doğru olar”.

 “Mediasiya haqqında” qanunun müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Fazil Mustafa dedi ki, nikah müqaviləsi könüllü yox, məcburi olmalıdır: “Mediasiyaya müraciətlərin çoxu da bu sahə ilə bağlıdır. İnsanlar bir birinə üzük aparır, qazan aparır, nə aparırsa, heç birini sənədləşdirmir. Sənədləşdirmə olmadığı üçün də məhkəmənin, mediasiyanın üstünə bu tələblərlə gəlirlər. Uşaq varsa, uşağın taleyi qalır bir yana, başlayırlar ki, üzüyün qaşı dəyişib. Ona görə nikah müqaviləsində məcburi elementləri bura tətbiq etməliyik. Bundan sonra heç bir şəxs hansısa şəkildə apardığı əşyaların geri qaytarılması tələbi ilə bu qədər uzun mübahisəyə girməyəcək. Bu məsələlər bir də qisas xarakterli amilə çevirilib. Bir çox hallarda həmin əşyalara ehtiyac olmasa da, prinsip onun alınması üçün ailə dəyərləri üzərində manipulyasiya edilməsinə səbəb verir. Bu, insanlar arasında barışmaz ziddiyyətlər yaradır”. F.Mustafa bildirdi ki, belə nikah müqaviləsi olarsa, sabah boşanma prosesi, məhkəmələrin işi uzanmaz: “Avropada bu praktika var. Avropada bizim bu ”gözəl" adətlərin bir çoxu yoxdur. Ailə qurmadan öncə tibbi müayinədən keçməyi əvvəl bizdə qəbul etmirdilər, amma indi bu, qəbul edilir. Mediasiya institutuna dəstək vermək istəyiriksə, nikah müqaviləsinin zəruri elementlərinin burada əksini tapmasını tələb etməliyik. Nikah müqaviləsi məcburi olsa, bu kimi hallar da olmaz. Kim kimə nə apardı, nə gətirdi davası uzun çəkməz".

 Sonda Milli Məclisin sədri Sahibə Qafarova bildirdi ki, bu gün İlaxır çərşənbədir, iki gün  sonra da xalqımız Novruz bayramını, ayın sonunda isə Ramazan bayramını qeyd edəcək. Spiker bildirdi ki, xalqımızın milli-mənəvi dəyərləri arasında müstəsna yeri olan Novruz birliyi, bərəkəti və bolluğu təcəssüm etdirir. Ramazan bayramı isə insanları həmrəyliyə və əmin-amanlığa dəvət edir.

S.Qafarova təklif etdi ki, bu gözəl bayramlar  münasibəti ilə möhtərəm cənab  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, onlara xalqımızın və dövlətimizin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində yeni böyük uğurlar arzulayaq!

Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Sahibə Qafarova qarşıdan gələn bayramlar münasibəti ilə deputatları, həmçinin iclası izləyən media nümayəndələrini səmimi qəlbdən təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR