İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə mühüm müzakirələr - büdcənin əsas prioritetləri...

“İlk dəfə olaraq bütün Azərbaycan üçün dövlət büdcəsi qəbul edilir, bu, çox böyük və qürurverici bir tarixi uğurdur”

13 noyabrda Milli Məclis Sahibə Qafarovanın sədrliyi ilə “2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başladı. İclasda baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirdilər.

“Məmnunluqla qeyd edilməlidir ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri ildən-ilə artır” deyən S.Qafarova qeyd etdi ki, büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib: “Belə ki, gələn il sosialyönümlü xərclərin cari ilə nisbətən 1 milyard 35 milyon manat və ya 7 faiz çox olması nəzərdə tutulur. Dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatı da var”.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd etdi ki, 2023-cü il Azərbaycan bayrağının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Xankəndidə dalğalandığı, uzun illər dövlətimizə və xalqımıza böyük zərər vermiş erməni separatçılığına son qoyulduğu ildir: “XXİ əsrdə öz dövlət suverenliyini tam bərpa edən yeganə ölkə olaraq tarixə düşən Azərbaycan gələcək inkişafı üçün yeni bünövrə inşa etdi. Məhz bu ildə biz ilk dəfə olaraq öz bayrağımızı bütün ərazimizdə görə bildik, ilk dəfə olaraq öz ərazimizin hər qarışına sahib olduq. İlk dəfə olaraq bütün Azərbaycan üçün dövlət büdcəsi qəbul edəcəyik. Bu, çox böyük və qürurverici bir tarixi uğurdur”.

Milli Meclis: Milli Məclisin plenar iclasında

Komitə sədri qeyd edib ki, son 5 il ərzində Azərbaycanda dövlət büdcəsinin qeyri-neft gəlirləri təqribən 6,3 milyard manat və yaxud 60 % artıb: “Neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin azalmasının əsas səbəbləri növbəti ilə təbii qazın satış qiymətlərini kəskin düşməsi, neft hasilatında gözlənilən azalma ilə izah edilir. Bu riskləri nəzərə alaraq ölkəmizdə alternativ enerji layihələrinin uğurla icra edilməsi istiqamətində mühüm işlər görülür və əminliklə demək olar ki, Azərbaycan regionun əsas yaşıl enerji ixracatçısına çevriləcək. Qeyri-neft qaz sektoru üzrə vergi və gömrük orqanlarının vasitəsilə təmin olunan gəlirlərin təqribən 1,1 milyard manat artıq planlaşdırılmasını məqbul hesab edir, buna ölkədə gedən iqtisadiyyatda keyfiyyət dəyişiklikləri, biznes mühitinin şəffaflaşması, dövlət-sahibkar arasında etimad mühitinin artması, həmçinin inflyasiyanın və idxalın artmasının zəmin yaradacağını düşünürük. Ümumiyyətlə, son 5 ildə vergi və gömrük orqanlarının xətti ilə təmin olunan dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 6,3 milyard manat və yaxud 66 % artması təqdirəlayiq haldır”. T.Mirkişili bildirdi ki, baza ssenari üzrə proqnozların hazırlanması zamanı neftin qiyməti 60 ABŞ dolları müəyyən edilib.

Maliyyə naziri Samir Şərifov bildirdi ki, növbəti ilin dövlət büdcəsinin xərclərinin əsas prioritet istiqamətləri müdafiə və milli təhlükəsizlik, Qarabağa Böyük Qayıdış olacaq: “Belə ki, müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsinin xərclərinin 17,5 %-i həcmində və ya 6 milyard 421 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu da 2023-cü illə müqayisədə 366 milyon manat və yaxud 6 % çoxdur. Həmin vəsait ordumuzun qüdrətinin daha da artırılması, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi, silahlı qüvvələrin döyüş hazırlığının və peşəkarlığının yüksəldilməsi, hərbçilərin sosial təminatının, xidməti şəraitinin daha da yaxşılaşdırılması istiqamətində maliyyə təminatını yaradacaq. Eyni zamanda Qarabağa qayıdış üçün isə dövlət büdcəsindən 10,9% və yaxud 4 milyard manat ayrılıb”.

S.Şərifov qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın dövlətçilik əsasları daha da möhkəmlənib: “Ölkəmizin neft-qaz resurslarından məharətlə istifadə olunub. Azərbaycan dövləti 3 ildir ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini sürətlə davam etdirir. Bu müddətdə dövlət büdcəsindən ayrılmış vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib. İndiyə kimi həmin əərazilərin bərpasına ümumilikdə 11 milyard manat xərclənib, cari ilin sonuna bu vəsaitin 12 milyard manata çatması gözlənilir. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas priortet olacaq”.

Nazir dedi ki, neftin 10 ABŞ dolları bahalaşması dövlət büdcəsinin gəlirlərini təxminən 420 milyon manat artırıb. Nəticədə Dövlət Neft Fondunun gəlirləri daha da çoxalıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədəki iqtisadi artımla bağlı bir sıra vacib məsələlərdən bəhs etdi. Nazir bildirdi ki, hazırda Azərbaycanın qeyri-neft qaz sektorunda strateji layihələr üzrə istiqamətlərin müəyyən edilməsi ilə bağlı işlər aparılır: “Əsas vəzifəmiz iqtisadiyyatda yüksək əlavə dəyər yaradan, başlıca olaraq özəl sektorda cəmləşmiş fəaliyyət sahələrində təşviq və yeni stimullaşdırma alətlərinin geniş tətbiqini təmin etməkdir”. M.Cabbarov sahibkarlığa dəstəklə bağlı dövlətin atdığığı addımlardan, ayırdığı böyük vəsaitlərdən bəhs edib. Nazirin dediyinə görə, 2022-ci ildə Azərbaycan İnvestisiya Holdinqinə daxil olan şirkətlər 15 milyard manatdan çox əməliyyat mənfəəti əldə edib. İqtisadiyyat naziri xatırladıb ki, bu göstərici 2020-ci ildə 4-5 milyard manat ətrafında olub: “Qarşıdakı mühüm vəzifələrdən biri dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqla onların fəaliyyətinin səmərəsini artırmaq, dövlət büdcəsinə divident ödənişini aşılamaqdır. Bu, büdcədə öz əksini tapır, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə dövlət şirkətlərinin fəaliyyətində əldə olunmuş nəticələrlə köklü bağlıdır. Təsadüfi deyil ki, holdinqə daxil olan 12 şirkətdən artıq 8-i dividend ödəmək qabiliyyətinə malikdir. Gələn ilin dövlət büdcəsində Dövlət Neft Şirkəti üzrə divident ödənişi əhəmiyyətli dərəcədə artıq nəzərdə tutulub. Növbəti illərdə digər dövlət şirkətləri üzrə də dividend siyasətinin hazırlanmasını vacib hesab edirik. Bu istiqamətdə baş nazirin rəhbərliyi ilə holdinqin Müşahidə Şurasında işlər həyata keçirilir”.

Milli Məclisin iclasının vaxtı və gündəliyi məlum olub - 02.03.2022,  Sputnik Azərbaycan

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd etdi ki, büdcə layihəsi ilə bağlı rəyin hazırlanması zamanı aidiyyəti dövlət orqanları - Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi - ilə qarşılıqlı əməkdaşlıq əsasında təqdim olunan məlumatlar və konstruktiv müzakirələr millət vəkillərinə daha dolğun rəyin təqdim edilməsinə şərait yaradıb: “Rəyin tərtibində büdcə sənədləşməsinə və dövlət orqanlarının məlumatlarına istinad etmiş və qabaqcıl təcrübəni diqqətdə saxlamışıq. Eyni zamanda beynəlxalq audit standartlarını (3400 Standartı) tətbiq edərək məhdud əminliklə mövqeyimizi əks etdirmək üçün proqnoz maliyyə məlumatlarının yoxlanması zamanı 3 istiqamətə dair yetərli sübutların toplanmasına çalışmışıq".

V.Gülməmmədov qeyd edib ki, 2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş məlumatlara əsasən, növbəti ildə ölkə iqtisadiyyatında makroiqtisadi çərçivənin əlverişli olacağı, iqtisadi artım, məqbul inflyasiya, profisitli tədiyə balansı və sabit məzənnənin olacağı nəzərdə tutulub: “Eyni zamanda baza kimi istifadə olunan makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasında "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın strateji məqsədlər üzrə hədəfləri nəzərə alınmışdır. Aparılan qiymətləndirmələr baza ssenaridə əsas şərtlər yerinə yetiriləcəyi təqdirdə makroiqtisadi çərçivənin reallaşacağını deməyə imkan verir".

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirdi ki, Azərbaycanda bank sektorunun dayanıqlılığı diqqətdə saxlanılır.  Qeyd etdi ki, hazırda sektorda kapital mövqeyi minimum tələbi iki dəfə üstələyir: “Sahibkarların maliyyə imkanlarına çıxışı genişləndirilir. Bu ilin 9 ayında bankların kredit portfeli 14 %, biznes kreditlərin həcmi isə 11 % artıb”. Baş bankirin sözlərinə görə, biznes kreditləri bankların ümumi kredit portfelinin 54 %-ni təşkil edir: “Valyuta kreditlərinin payı 19 %-ə enib, bu da tarixi minimumdur. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Qeyri-işlək kreditlərin ümumi kredit portfelinin 3,5 %-i səviyyəsinə enib. Bank sektoruna və milli valyutaya inam artıb. Cari ilin 9 ayında manatla olan əhalinin əmanətləri 15,6 % və ya 1,1 milyard manat artaraq 8 milyard manat təşkil edib”.

Deputat Əli Məsimli bildirdi ki, Azərbaycanda iqtisadi artım tempi dünyanın artım tempindən aşağıdır. Qeyd etdi ki, Azərbaycan üçün sağlam iqtisadi artım tempi 5% təşkil edir: “Buna ölkədə islahatları dərinləşdirməklə, ciddi addımlar atmaqla nail olmaq olar. Bundan əlavə, innovativ məhsulların həcmi artmalıdır. Ölkədə innovativ məhsullar bütün məhsulların 0,5 %-nə bərabərdir. Azərbaycanda istehsal olunan sənaye məhsullarının 90 %-dən çoxu Bakı və Abşeronda yerləşir. Regionlarda daha perspektivli və innovativ iş yerlərinin açılması istiqamətində addımların atılması çox vacibdir”. Ə.Məsimli həmçinin əlavə edib ki, Azərbaycanda iqtisadi artım tempi dünyanın orta artım tempinin altında formalaşmağa başlayıb: “Yəni yavaşımış iqtisadi artım trayektoriyasına keçib. Hesab edirik ki, Azərbaycanın yetərincə potensialı var ki, yavaşımış iqtisadi artım trayektoriyasından sürətlənmişə keçsin”.

Deputat Elşad Mirbəşir dedi ki, gələcək üçün işğaldan azad olunan ərazilərin ayrıca inkişaf strategiyası hazırlanmalıdır. Bildirdi ki, həmin strategiya çərçivəsində həmin ərazilərin bərpası üçün kənar mənbələrdən vəsaitlərin cəlbi uyğun olardı. Deputatın sözlərinə görə, azad edilən ərazilərin bərpası üçün lazım olan vəsaitlərin ilkin proqnozu kimi 50-55 milyard manat, bəzən də daha yüksək rəqəmlər səsləndirilir: “Hesab edirəm ki, həmin məbləğ dövlət büdcəsinin imkanları xaricindədir və əlavə yük deməkdir. Odur ki, gələcək üçün işğaldan azad olunan ərazilərin ayrıca inkişaf strategiyası hazırlanmalıdır”.

Deputat Bəhruz Məhərrəmov dedi ki, təmsil etdiyi Biləsuvarda əsas problem ənənəvi su qıtlığı məsələsidir: “Aydındır ki, məsələ hökumətin diqqətindədir, sadəcə, indiki məqamda quraqlıq və su çatışmazlığı ucbatından ciddi ziyana düşmüş fermerlərlə bağlı müəyyən addımların atılmasını sizdən xahiş edirəm”.

Deputat Ceyhun Məmmədov bildirdi ki, bu gün əksər Azərbaycan televiziyalarının efirini milli-mənəvi dəyərlərimizə zidd şou verilişləri bəzəyir: “Ancaq düşünürəm biz daha çox maarifləndirici, qələbəmizin möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə yönəlmiş verilişlərə üstünlük verməliyik. Bu cür verilişlərin maliyyələşdirilməsi mexanizmləri barədə düşünməliyik”. Deputat qeyd etdi ki, bəzi bölgələrdə, xüsusilə Bakıda çox ciddi məktəb sıxlığı var: “Bu da təhsilin keyfiyyətinə çox ciddi təsir göstərir. Bu məsələnin həlli istiqamətində tədbirlərin sürətləndirilməsinə ciddi ehtiyac var. Ali təhsil müəssisələrində, elmi müəssisələrdə, o cümlədən akademiya sistemində çalışan insanların maaşının artırılması məsələsinə baxılmalıdır. Bu gün bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır”.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dedi ki, darmadağın olunmuş Ermənistan ordusu heç bir potensiala malik deyil: “Amma Ermənistan bizə diplomatik müharibə elan edib. Bu müharibədə də qalib gələcəyik. Haqq, güc bizim tərəfimizdədir. Bu gün ölkəmiz yalnız öz problemlərini həll etmir. Azərbaycan dünyanın problemlərini həll etmək iqtidarında olan məmləkətə çevrilib”.

Deputat Fazil Mustafa bildirdi ki, rayonlarda işsizlik kifayət qədər yüksək səviyyədədir: “Məşğulluq sistemi işsizliyin yükünü götürə bilmir”. Deputat xatırlatdı ki, gələn il bələdiyyə seçkiləri keçiriləcək: “İqtisadiyyatımızın dirçəlməsi üçün çıxış yollarından biri dövlətin yükünün bələdiyyələrə dövr edilməsidir. Nəhayət, 2024-cü ildə bələdiyyəni canlı bir quruma çevirməliyik. Bələdiyyə ölü vəziyyətdə olanda, onun sənədləri tanınmayanda və onun iqtisadi proseslərə qoşula bilməməsi yerli xidmətlərdə böyük sıxıntılar yaradır”.

F.Mustafa əlavə edib ki, bölgələrə qayıdış məsələsi vacib olmalıdır: “Gələn ilin dövlət büdcəsindən gənclər evinin saxlanılmasına vəsait ayrılsa da, içərisini doldura bilmədiyimiz bir çox obyektlər var. Ya onların təyinatı dəyişdirilməli, ya da hər hansı mədəni infrastruktur kimi bölgələrdə işlək vəziyyətə gəlməsini təmin etməliyik. Bundan başqa, idman obyektlərinin təmiri və başqa məsələlərlə bağlı vəsait artırılmalıdır. Misal olaraq, Bakıda çox sayda futbol meydançalarının dam örtüyü yoxdur. Paytaxtın iqliminə görə əksəriyyəti tam sıradan çıxır. Ölkədə son vaxtlar basketbol inkişaf etsə də, meydança tapmaq mümkün deyil. Məktəblərin həyətində bu tip meydançaların məcburi salınması məsələsini həll etmək lazımdır”.

Müzakirələr bu gün davam etdiriləcək.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR