Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı dinlənilir.
Musavat.com-un xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumatı təqdim edərkən bildirib ki, təqdim olunan məlumat 3 bölmədən, 240 səhifədən ibarət olmaqla (2023-cü ildə 150 səhifə), 62 dövlət orqanı, 76 yerli icra hakimiyyəti və Naxçıvan Muxtar Respublikasından daxil olan informasiyaları əhatə etməklə Dövlət Statistika Komitəsinin və digər dövlət orqanlarının məlumatlarına əsaslanıb:
“Hər il müvafiq dövlət qurumlarının fəaliyyətinin genişləndiyi və hesabatlılıq səviyyəsinin artması səbəbindən 2024-cü il üzrə nəticələr daha əhatəli və geniş tərtib olunub.
2023-cü ildən fərqli olaraq Məlumata gender büdcəsi, gender bərabərliyinin tədrisi, COP29, gender məsələləri üzrə məsul şəxlərin fəaliyyətləri, qızların təhsilinə dəstək layihələri və azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı yeni hissələr daxil edilib.
Həmçinin Məlumatda Dövlət Komitəsi tərəfindən aparılan üç araşdırmaya istinad edilib, araşdırmaları komitənin internet səhifəsindən tam şəkildə əldə etmək mümkündür”.
B.Muradova qeyd edib ki, məlumatın ilk bölməsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, gender əsaslı ayrıseçkilik halları ilə bağlı mövcud vəziyyət, idarəetmədə qadın və kişilərin təmsilçiliyi barədə məlumatlar öz əksini tapıb.
Komitə sədri 2024-cü ildə qanunvericiliyə mühüm dəyişikliklər edildiyini də vurğulayıb:
“Ailə Məcəlləsinin nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasını nəzərdə tutan 10.2-ci maddəsi ləğv edilib. Erkən evlilik və məişət zorakılığı ilə bağlı cinayət və inzibati məsuliyyəti nəzərdə tutulan subyektlərin dairəsi genişləndirilib.
Ümumi bioloji baba və nənəsi olan qohumlar arasında nikahın bağlanması qadağan edilmiş, qısamüddətli mühafizə orderinin müddəti artırılmış və onun verilməsi icbarı olub.
Zərərçəkmiş şəxslərə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardımın göstərilməsi qaydası təsdiq edilib, məişət zorakılığının qarşısının alınması üzrə monitorinq və əlaqələndirmə mexanizmi yaradılıb”.
E.Paşasoy,
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ