Onlayn ictimai-siyasi qəzet
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə qurumun 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edib.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, 2022-ci ilin iş planına uyğun olaraq keçirilmiş nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpasına dair təkliflərlə bağlı qalan 25,5 milyon manatın icrası ötən il davam etdirilib:
“Həmin məbləğin 17 milyon manatı üzrə hesabat dövründə tədbirlər həyata keçirilib, o cümlədən 9,5 milyon manat bərpa olunub, 0,9 milyon manat müqavilə məbləğindən azaldılıb, 6,6 milyon manat isə əvvəlki illərin öhdəliyinin bağlanmasına yönəldilib. Eyni zamanda, 2022-ci ildə maliyyə hesabatlarının auditi nəticəsində aşkarlanmış 564,5 milyon manat əhəmiyyətli təhriflərin 254,7 milyon manatı üzrə hesabat dövründə müvafiq düzəlişlər edilib. Bundan əlavə, əvvəlki illərin İş Planları üzrə daha 1,3 milyon manatın müvafiq büdcələrə bərpası təmin edilib”.
Palata sədri qeyd edib ki, ötən il Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2020-2022-ci illəri əhatə edən 6 uyğunluq auditi keçirilib:
“Ümumilikdə İdarə tərəfindən auditlərlə müəyyən edilmiş pozuntu məbləği 120 milyon manatdan çox olub. Bütün auditlər üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Hesabat ilində İdarə tərəfindən aparılan 6 tədbir də daxil olmaqla, 15 nəzarət tədbiri üzrə müvafiq materiallar kollegiyanın qərarına əsasən Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilib. Hesabat tərtib edildiyi tarixə olan məlumatlara əsasən, hesabat ilində 2023-cü ilin və əvvəlki illərin nəzarət tədbirləri üzrə 0,9 milyon manatın bərpası təmin edilib və bu istiqamətdə işlər davam etdirilir”.
Müzakirələrdən sonra Hesablama Palatasının hesabatı qəbul edilib.
E.Paşasoy,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ