İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament büdcəyə dəyişiklikləri təsdiqlədi

Milli Məclisdə Ermənistanın təxribatına etirazlar və “taksi müzakirəsi”

İyunun 16-sında Milli Məclisin növbəti iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Cari məsələlər zamanı deputat Fazil Mustafa çıxışında 15 iyunda törədilmiş erməni təxribatından bəhs edərək bildirdi ki, bu gün Azərbaycanın sərhəd bölgələrindən Ermənistan işğalçı dəstələri və onu dəstəkləyən Avropanın, İranın addımları nəticəsində ölkəmizə qarşı təxribatlar törədilir.

“Bu məlumatlar biz tərəfdən həyəcanla izlənilir. Amma orada olan hərbçilərimizin taleyini həm də burada düşünməliyik” deyən F.Mustafa Youtube kanallarında və digər platformalarda hərbçilərimizin pensiya təminatı ilə bağlı narazılıqların yayıldığını qeyd etdi. Bildirdi ki, 2006-cı ilədək hərbi xidmət keçmiş hərbçilərimizin pensiya kapitalının yığılmaması səbəbindən pensiya təminatında problemlər yaranıb. “Bu gün birinci zərbəni kim alır? Hərbi qulluqçularımız. Onların hansısa şikayəti olmamalıdır. Bunların konkret şikayətləri əsasında dərhal addımlar atılmalıdır”, - deputat əlavə etdi.

F.Mustafa dedi ki, maliyyə naziri Samir Şərifov hərbçilərin problemlərinə operativ reaksiya verir, onların həlli istiqamətində addımlar atır, amma bu, bütün məmurlara xas xüsusiyyət deyil: “Hərbçi bizim üçün ən öndə gələn təbəqədir, bu təbəqəni incitmək olmaz. Odur ki, bu məsələlər həllini tapmalıdır”.

Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Soltan Məmmədov Milli Məclisin iclasında Fransaya son səfəri barədə həmkarlarını məlumatlandırdı. Bildirdi ki, Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pyer Vatan və qrupun üzvləri ilə görüşüblər: “Görüşdə iki ölkə arasında münasibətlərə dair bir çox məsələlər ətrafına müzakirəmiz oldu. Fransalı həmkarlarımız da son illərdə ölkələrimizin qarşılıqlı münasibətlərində yaranan anlaşılmazlıqlardan narahatdır. Fransanın Cənubi Qafqazla bağlı siyasəti, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində tutduğu mövqeyi heç də Fransadakı bütün siyasətçilər dəstəkləmir”.

Deputat Musa Qasımlı da Ermənistanın son təxribatından bəhs edərək dedi ki, ötən gün bizim ərazimizdə terrorçu Ermənistan tərəfindən atəşin açılması Ermənistanın ağıllanmadığını göstərir. “Hamı bilir ki, bu gün Azərbaycanın Gürcüstan, Türkiyə, Rusiya, İranla sərhədlərimiz bağlıdır. Amma Ermənistanla sərhədimiz açıqdır. Ermənistan bunu qiymətləndirə bilmir. Ermənistan ağıllanmaq istəmir və İranla birgə regionu qarışdırmağa çalışır” - M.Qasımlı bildirdi.

Deputat qeyd etdi ki, bu gün Azərbaycan əsgərinə, Azərbaycan dövlətinə, ordusuna, təhlükəsizlik qüvvələrinə atəş açan, buna cürət edən şəxs dərhal yerində məhv edilməlidir: “Biz sərhədimizdən bir quşun icazəsiz uçmasına imkan verməməliyik. İnsan hüquqlarından danışan beynəlxalq təşkilatlar baş vermiş hadisəyə münasibət bildirməli, Ermənistana yerini göstərməlidirlər. Sərhəddə baş verənlərə görə bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür”.

Deputat Vahid Əhmədov da Ermənistanın təxribatından bəhs edərək bildirdi ki,  iyunun 16-da Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən Azərbaycanın Şuşa rayonu istiqamətindəki bölmələrinə atəş açılıb. “Qarabağda nə baş verir? Elə bil ki, 90-cı illər təkrar olunur” deyən V.Əhmədov xatırlatdı ki, o vaxtlar da atəşkəs elan olunurdu, ABŞ, Rusiya, Fransa yığışırdı, sülh sazişinin imzalanması istiqamətində danışıqlar aparılırdı, amma hər hansı nəticə əldə olunmurdu.

Deputat qeyd etdi ki, nəhayət, Azərbaycan Ordusu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın böyük hissəsinin düşmən işğalından azad edilməsi missiyasını şərəflə yerinə yetirdi. Bununla belə, indi də bəzi çevrələrin vaxtaşırı yığışaraq Qarabağ ermənilərinin hüquqlarından bəhs etdiklərini söylədi. Bildirdi ki, cənab Prezident çıxışında amnistiya məsələsinə toxundu və bu, Avropa, Amerika tərəfindən də normal qarşılandı. “Burada İrandan başqa Rusiya da maraqlıdır ki, sülh sazişi imzalanmasın. Çünki sülh imzalanandan sonra rus hərbçilərin burda qalmasına ehtiyac olmayacaq. Rusiya məsələnin maksimim uzanmasını və hərbi kontingentinin bölgədə qalmasına çalışır”, - V.Əhmədov vurğuladı və ardınca həll yolunun artıq ən yüksək səviyyədə göstərildiyini xatırlatdı: “Cənab Prezident Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə çox yaxşı bir cümlə səsləndirdi. Bildirdi ki, "Bu sazişin imzalanmasının perspektivləri var, sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!"

Daha sonra iclasda hökumət üzvlərinin iştirakı ilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanununda dəyişiklik müzakirə edildi. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə məlumat verdi. Təklif olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon 500 min manat, xərcləri 36 milyard 568 milyon 800 min manat  məbləğində təsdiq edilib.

Milli Meclis: MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI BAŞA ÇATIB

Milli Məclisin 2023-cü il üçün xərcləri də artırılıb.  “Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında” qərar layihəsində bu məsələ əksini tapıb. Layihəyə görə, parlamentin 2023-cü il üçün xərcləri 53 milyon 244 min 109 manatdan 55 milyon 794 min 109 manata qaldırılıb.

Büdcəyə dəyişikliklər və Milli Məclisin qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edildi.

Daha sonra parlamentdə son günlər ən çox müzakirə olunan məsələlərdən biri - “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihə barədə ətraflı məlumat verdi. Bildirdi ki, qanunlara təklif edilən dəyişikliklər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçıların qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığım qarşısının alınması, daşımaların təhlükəsizliyinin, əməyin mühafizəsinin təmin olunması məqsədi daşıyır. Bakıda təqribən 28 min taksinin olduğunu deyən T.Mirkişili bildirdi ki, taksi sürücüləri gündə orta hesabla 14-16 saat işləyirlər, qəzaların sayı çox, sürücülərin anlaqsız olması halları artmaqda, sərnişirinlərin isə şikayəti çoxalmaqdadır: “Bakıda istifadə olunan taksi gedişlərinin 60 faizi 1.5-3 km məsafə üçün istifadə olunur. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmadan azalır, son bir ildə avtobuslardan istifadə 40 % azalıb, metrodan istifadə isə hələ də 2019-cu il səviyyəsinə çatmayıb. Taksi sayının əhaliyə nisbətdə yüksək olması diqqət çəkir. Bu məsələ eyni zamanda şəhər nəqliyyat sisteminin, tıxacların idarəedilməsi üçün ciddi çağırışlar yaradır. Qeyd edim ki, məsələn, İstanbulda taksi sayı üçün kvota vardır, bu il üçün kvota 17 325 ədəd müəyyən edilib, əhali 15 mln. Bakı 2.4 mln. - 28 000, hər 85 nəfərə 1 taksi, İstanbulda hər 865 nəfərə 1 taksi düşür”.

Deputat Fazil Mustafa dedi ki, bu gün Azərbaycanda taksi sürücüsü işsiz qalmış müəllim, həkim və ya başqa bir işsiz adamdır: “Ona görə də biz digər sahələrdə problemlərimizi həll etməliyik ki, taksi sahəsinə yalnız peşəkarlar gəlsin. Tıxaclarla bağlı məsələdə də, məncə, taksini bəhanə etmək düzgün deyil. Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?! Buna bir sosial problem olaraq baxmaq lazımdır. Əgər nəqliyyat problemi kimi baxsaq, doğru nəticə əldə edə bilmərik. Əvvəlcə ictimaiyyətin fikri öyrənilməlidir. Bundan əlavə, qanunda qeyd olunur ki, taksi sürücüləri üçün təlimlər və sair keçiriləcək. Bunların hamısı da vəsait tələb edən sahələrdir. Bəs bu vəsaiti kim təmin edəcək, bunlar açıqlanmalıdır”.

Deputat Aqil Abbas bildirdi ki, qanun layihəsinin əleyhinə səs vermək niyyətindəymiş. “Amma burada komitə sədri Tahir Mirkişili qanun layihəsini elə gözəl, yüksək səviyyədə təqdim etdi ki, layihənin çox mütərəqqi əhəmiyyətə malik olduğunu gördüm”.

Oxu.az - Milli Məclis hansı hallarda buraxılır?

Deputat qeyd etdi ki, qanun layihəsinin əleyhinə səs vermək niyyəti onda rəqəmsal inkişaf və nəqliyyat nazirinin mediadakı çıxışından sonra yaranıbmış: “Nazir deyir ki, taksi əlçatan olmamalıdır. Bəs nə əlçatan olmalıdır: təyyarə, vertolyot? Təyyarə də bahadır”.

A.Abbas taksilərin xarici şirkətlərə bağlı olmasının da arzuolunmaz olduğunu söylədi və bir misal çəkdi. Qeyd etdi ki, bir dəfə rəhmətlik Qədir Rüstəmovdan “uşaqlara arvad qohumlarının adını qoyubsan” soruşublar. Sənətkar isə “özümünkülər qırılıb ki, arvad qohumlarının adını qoyum” cavabını verib. “İndi özümüzünkülər qırılıb ki, xarici şirkətlər burada çalışır? Tahir müəllim, siz də sağ olun ki, məni fikrimdən döndərdiniz” - A.Abbas bildirdi.

Deputat Qüdrət Həsənquliyev ilk oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” Qanun layihəsinə dəyişiklik edilməsi barədə danışarkən öncə layihə müəlliflərinə təşəkkür etdi. Amma çatışmazlıqlardan da danışdı: “Məsələn, millət vəkillərinə məlumat verilmədi ki, Qərb ölkələrində təqribən yüz min nəfərə neçə avtobus, neçə metrostansiya düşür? Mən bir dəfə Londonla müqayisə aparmışdım ki, bizdə avtobusların sayı ora ilə müqayisədə minimum 3 dəfə azdır. Hər yüz min nəfərə düşən avtobusların, metro stansiyalarının sayına görə. Məsələn, Londondan fərqli olaraq bizdə tramvay xətləri, kanatlar və sair yoxdur. Ona görə də əslində biz sevinməliyik”.

Q.Həsənquliyevin sözlərinə görə, bu gün taksilərin sayı artıbsa və qiymət aşağı düşübsə, bu, bəlkə də az sahələrdən biridir ki, hökumətin burada uğuru var: “Uğur da ondan ibarətdir ki, rəqabət mühiti var və rəqabət mühiti nəticəsində taksi xidmətlərində qiymətlər aşağı düşüb. Məsələn, BakuBus niyə yaradıldı? Özəl şirkətlər bu işlə məşğul olmaldırlar. Lazım gəlsə, onlara kredit verilməlidir ki, elektirik mühərrikli avtobuslar alsınlar. Avtobusların sayını kəskin artırsaq, sizi əmin edirəm ki, bütün məsələlər qaydasına düşəcək. Bunun üçün də sahibkarlara güzəştli kreditlər vermək lazımdır. Bu barədə müvafiq icra hakimiyyəti orqanları ciddi düşünməlidir. Amma mən ümumiyyətlə bu qanun layihəsini çox məqbul sayıram. Məsələn, vaxtilə parlamentdə qaldırmışdım ki, niyə bizdə sürücünün taxoqraf kartı yoxdur? İndi bu, qanunvericiliyə daxil edilir. Yəni sürücünü çox işlədə bilməyəcəklər. Sürücü hər saat yarım-iki saatdan bir dayanıb, ən azı 10-15 dəqiqə  istirahət edəcək. Yəni bilinəcək ki, bir sürücü sükan arxasında nə qədər əyləşib və sair. Sadəcə olaraq, taksilərə, taksi kimi istifadə olunan avtomobillərə dair tələblər, standartlar yüksək səviyyəyə qaldırılmaldıır. Mütləq avtomobillərin texniki və təhlükəsizlik göstəriciləri nəzərə alınmalıdır ki, hansı avtomobillərdən taksi xidmətində istifadə etmək olar? Yəni bunları etmək lazımdır və mən hesab edirəm ki, bunlar olacağı təqdirdə bu qanun uğurlu olacaq. Bu qanun ümumiyyətlə mütərəqqi qanundur, amma qeyd etdiyim kimi, neqativ hallara yol açmasın deyə mütləq metro tikintisinə ciddi vəsait ayrılmalıdır. Xarici investorlar cəlb olunmalıdır, Bakıya çoxsaylı avtobuslar gətirilməlidir”.

Müzakirələrdən sonra layihə ilk oxunuşda təsdiqləndi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR