İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament 2024-cü ilin büdcəsinə əlavələrə “hə” dedi

Milli Məclisin növbədənkənar sessiyasında hökumətin iştirakı ilə mühüm məsələlər müzakirə olundu

İyunun 7-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başladı. Dövlət himninin oxunması ilə başlayan iclasda Sahibə Qafarova əvvəlcə iyunun 5-6-da Bakıda keçirilən TürkPA-nın 13-cü sessiyası ilə bağlı məlumat verdi. Bildirdi ki, quruma sədrlik Türkiyədən Azərbaycana təhvil verilib. Spiker əlavə etdi ki, Azərbaycan hal-hazırda üç quruma, TürkPA-ya, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Asiya Parlament Assambleyasına sədrlik edir.

Daha sonra hökumətin iştirakı ilə Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən  Milli Məclisə təqdim olunan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin ilk oxunuşda müzakirəsinə başlanıldı. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə dövlət vəzifələrinin əlavə gəlirlər, mövcud ehtiyatlar və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yaranıb. Qeyd etdi ki, 2024-cü ilin dövlət büdcəsi haqqınqa qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 34 173 milyon, xəclərinin 36 763 milyon, dövlət büdcəsi kəsirinin isə 2 590 milyon manat olacağı planlaşdrılmışdı: “Eyni zamanda 2024-cü ildə ÜDM-in real artım tempinin 2.4%, qeyri-neft-qaz ÜDM-nin real artım tempinin 4.6%, inflyasiyanın orta illik səviyyəsinin 5.3% olacağı proqnozlaşdırılmış, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 60 dollar səviyyəsinə uyğun həyata keçirilib. Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 38.2 mlrd. manat olmuş, iqtisadi artım tempi proqnozlaşdırılan illik 2.4%-ə qarşı 3,8% təşkil edib. Artım tamamilə qeyri-neft/qaz sektoru hesabına təmin edilmiş, bu sektorun artımı proqnozlaşdırılan illik 4.6%-lik artıma qarşı 7,7%, neft-qaz sektorunda isə proqnozlaşdırılan illik 1.7%-lik azalmaya qarşı 0,1 faizlik azalma qeydə alınıb. İxrac idxalı 2.5 milyard dollar üstələyib. ”Azeri Light" markalı xam neftin bir barelinin orta ixrac qiyməti 87,3 ABŞ dollarına bərabər olub ki, bu da 2024-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 27,3 ABŞ dolları çoxdur".

Parlament bu ilin büdcəsinə dəyişiklikləri təsdiqlədi

T.Mirkişili əlavə etdi ki, yenidən baxılan “Büdcə zərfi”ndə hesablamalar neftin bir barelinin orta illik qiymətinin təsdiq olunmuş layihədə nəzərdə tutulan qiymətin 15 dollar artırılaraq, 75 dollar səviyyəsinə uyğun həyata keçirilib: “2023-cü ilin yanvar-aprel aylarında inflyasiya tempi azalmaqda davam etmiş, orta illik inflyasiya 0,7%-ə bərabər olub, istehlak səbətinin hər 3 alt qrupu üzrə təkrəqəmli qiymət artımı izlənib. Təqdim edilmiş məlumatlara əsasən, ilkin proqnozlar zamanı 2024-cü ildə orta illik inflyasiyanın 5,3% olacağı nəzərdə tutulsa da, yenidən baxılma zamanı bu göstəriciyə düzəlişlər edilmiş və orta illik inflyasiyanın cari ildə 2,7% olacağı proqnozlaşdırılıb”.

Maliyyə naziri Samir Şərifov çıxışında bildirdi ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsində qeyri-neft-qaz sektorundan gəlirlərin payı 51,8 % çox olub ki, bu da proqnozdan 1,5 faiz bəndi çoxdur: “4 ay ərzində büdcənin qeyri-neft-qaz gəlirləri 6,867 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % çoxdur”. Nazir həmçinin qeyd edib ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13,259 milyard manat, xərcləri isə 10,75 milyard manat təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 % və 20,4 % çoxdur. Son nəticədə 4 ayda büdcədə 2,509 milyard manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 22,4 % azdır.

S.Şərifov dedi ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsində gəlirlər üzrə proqnozun 48,9 %-i neft-qaz, 51,1 %-i isə qeyri-neft-qaz sektorunun payına düşəcək: “Beləliklə, qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 0,8 faiz bəndi artırılıb. Yenilənmiş büdcədə Dövlət Neft Fondundan transfertin məbləği dəyişdirilməyib. Priroritet istiqamətlərdən Qarabağda və Şərqi Zəngəzurda tikinti, bərpa və yenidən qurma işləri üçün 1,4 milyard manat, müdafiə və təhlükəsizlik tədbirləri üçün 800 milyon manat, infrastruktur layihələri üçün isə 977 milyon manat nəzərdə tutulub. Büdcə xərclərinin 38,7 %-i əsaslı xərclər, 58 %-i cari xərclər, 3,3 %-i isə dövlət borcuna xidmət xərcləri olacaq”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edərək dəyişikliklərə rəhbəri olduğu qurumun rəyini təqdim etdi. V.Gülməmmədovun sözlərinə görə, son illər Azərbaycanın dövlət büdcəsində aparılan dürüstləşmələr arasında ilk dəfədir ki, büdcə kəsiri ilkin proqnoza nisbətən bu qədər - rekord məbləğdə - artırılır. V.Gülməmmədov bildirdi ki, Azərbaycanın yenidən baxılma ilə 2024-cü il büdcəsinin kəsirinin 764,3 milyon manat məbləğində böyüdülməklə 3 milyard 354,3 milyon manata çatdırılması nəzərdə tutulub. Kəsirin artımının 600 milyon manatı daxili borclanmadan cəlb olunan vəsait, 105,9 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığı və 58,4 milyon manatı Məqsədli Büdcə Fondlarının vəsaitlərinin qalığı hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 % olacaq.

“2024-cü ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcənin mühüm tərkib hissəsi kimi ”Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin edilməsini zəruri edib". Bunu isə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev söylədi. Komitə rəhbəri bildirdi ki, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin edilməsinə ehtiyacın yaranması əsasən dövlət sosial müdafiə fondunun gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqədardır: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980,0 manat göstərilmiş, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990,0 manat olacağı proqnozlaşdırılır. Belə ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları, qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqlarının artımını şərtləndirir. Bunu nəzərə alaraq, Dövlət sosial müdafiə fondunun 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərəkmövcud 3.387,1 milyon manatdan 190,0 milyon manat artırılaraq3.577,1 milyon manata çatdırılması məqsədəmüvafiq hesab olunur. Eyni zamanda əmək pensiyalarının ödənilməsi xərclərinin məbləği 25,0 milyon manat artılaraq 6500,0 milyon manatdan  6525,0 milyon manata çatdırılması təklif olunur”.

M.Quliyev qeyd etdi ki, bununla yanaşı, Fondun aparatının və yerli bölmələrinin saxlanılması xərci 5,0 milyon manat artırılaraq 135,1 milyon manata çatdırılıb, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərcləri 30,0 min manat artırılıb: “Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160,0 milyon manat azaldılaraq 1232,0 milyon manat təşkil edəcək. Beləliklə, Fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6949,9 milyon manata çatdırılıb. Yekun olaraq, DSMF büdcəsinin 2024 cü il üçün dürüstləşmiş gəlirləri və xərcləri 30 milyon manat artaraq  6.949.860 min manat təşkil edəcək”.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi. Qanun layihəsinə əsasən, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180,0 milyon manat və ya 6,4 faiz çoxdur. Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39707,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2944,3 milyon manat və ya 8,0 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3249,4 milyon manat və ya 8,9 faiz çoxdur.

İclasda “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Deputat Razi Nurullayev çıxışında bildirib ki, məşğulluğun artırılması üçün edilən bu dəyişikliklər çox yaxşıdır və bu layihə ilə bağlı zəhməti keçən hər bir kəsə təşəkkür etdi: “Bununla bərabər, dəyişikliklərdən irəli gələn müddəaların həyata keçirilməsi üçün infrastruktur zəifdir və bir çox rayon və şəhərlər bu dəyişikliklərdən yararlana bilməyəcəklər. Bu dəyişikliklərin səmərəsini görmək üçün yüksək ixtisaslı peşə məktəblərinə, peşə tədrisinə və yeni peşə ixtisaslarına ehtiyac var”. R.Nurullayev deyib ki, apardığı araşdırmanın nəticəsinə görə, ölkədə mövcud olan peşə məktəblərinin yarıdan çoxu ən bərbad vəziyyətdədir: “İnfrastrukturu yoxdur və təchizatı da sıfırdır. Faktlarla danışım. Deputatı olduğum İmişli şəhərində peşə məktəbi uçub-dağılıb və mən orada görüş keçirib bunu sosial media hesablarında da paylaşmışam. Səbəb budur ki, peşə məktəblərinin təmirinə, təchizatına cüzi vəsait ayrılır. Mən bunu başa düşmürəm və qəbul da etmirəm. Peşə təhsili işsizliyin aradan qaldırılması, kadrlara olan ehtiyacın təmin edilməsi üçün ən vacib amilidir”. 

Deputat Emin Hacıyev Qarabağa dair Elmi Araşdırmalar Mərkəzinin yaradılmasını təklif etdi. Bildirdi ki, bu Mərkəz yalnız Qarabağın tarixini deyil, coğrafi, təbii ehtiyatlar, musiqi, mədəniyyət, bioloji, antropoloji araşdırmaları və sair sahələrini də əhatə edə bilər: “Hesab edirəm ki, Şuşada yaxud Xankəndidə belə bir Mərkəzin yaradılmasının yaxın zamanlarda reallaşdırılmasının əsl vaxtıdır. Bu, Qarabağın resurslarından istifadənin keyfiyyətinin təminatına, erməni yalanlarının ifşasına, Azərbaycan - Qarabağ həqiqətlərini elmi nəzərdən dünya ictimaiyyətinə çatdırılmasına, eyni zamanda həmin bölgədə elmi mühitin möhkəmlənməsinə töhfə verər”. E.Hacıyev əlavə edib ki, bu elmi tədqiqat Mərkəzi həm də Qarabağ Universiteti ilə simbioz - tandem şəkildə işləyə və qarşılıqlı fayda verə bilər: “Həm də o baxımdan ki, tələbələr buradakı tədqiqatlara cəlb oluna bilər və praktiki olaraq elmi tədqiqatların işində iştirak edə bilərlər”.

Deputat Azay Quliyev isə “Məşğulluq haqında” qanun layihəsinin müzakirəsi zamanı vakansiya ilə bağlı yanlış məlumat verən qurumları tənqid etdi. Bildirdi ki, idarə, müəssisə və təşkilatlar boş vakant iş yerləri barəsində Məşğulluq Agentliyinin vakansiya bankına yanlış məlumat yerləşdirirlər, bundan başqa bəzi işəgötürən qurumlar tərəfindən iş axtaranlara süni maneələr yaradılır və onlar süründürməçiliyə məruz qalırlar: “Beləliklə, vətəndaşların işlə təmin olunması istiqamətində dövlətin yaratdığı mexanizm və alətlərin tam gücü ilə işləməsinə problem yaradılır”. A.Quliyev aidiyyəti qurumun rəhbərliyinə xitabən təklif edib ki, bu məsələ ciddi araşdırılmalı, vakansiya ilə bağlı yanlış məlumat verən və ya iş axtaranları incidən müəssisə, təşkilat və idarələrə qarşı cərimə sanksiyası tətbiq edilməlidir.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR