Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 23-də Parisdə Fransa və Ermənistan arasında imzalanan hərbi-texniki əməkdaşlıq haqda müqavilələr kapitulyant ölkədə az qala eyforik ovqat yaradıb. Hərçənd söhbət bahalı hücum silahlarından və ya hədiyyələrdən getmir. Çünki Fransa nə qədər ermənipərəst ölkə olsa da, onun silah satışı sahəsində konkret geosiyasi və kommersiya maraqları var.
“Ermənistanın Fransa ilə bir neçə yüz milyon avroya çata biləcək hərbi müqavilələrə görə necə ödəniş edəcəyi məlum deyil”.
“Yeni Müsavat” xəbər verir ki, bu barədə Fransanın aparıcı “Le Monde” qəzeti yazıb.
Nəşr bildirir ki, Fransanın Ermənistana dəstəyinə hərbi tədris, eləcə də radarların və zenit-raketlərin satışı daxildir.
“Lakin bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata bilən müqavilələrdir. İrəvanın isə onların pulunu necə ödəyəcəyi hələ ki, bilinmir”, - qəzet vurğulayıb.
Yəni söhbət Ukrayna timsalındakı kimi Ermənistana hansısa pulsuz hərbi köməkdən və ya hədiyyədən getmir. O zaman yoxsul Ermənistan alacağı bahalı sistemlərin və hərbi tədrisə görə pulu gerçəkdən necə ödəyəcək?
Hərbi ekspert Emin Həsənli erməni tərəfin etdiklərinin zərərini yenə də özlərinin çəkəcəyini söylədi:
“44 günlük müharibəsindən sonra belə bir sual yaranırdı ki, Ermənistana ordu lazımdır. Ermənistana qonşu ölkələr Türkiyə, İran, Azərbaycan və Gürcüstandır. İndi sual olunur, Ermənistan Gürcüstan istisna digər adları çəkilən 3 ölkə ilə müharibə aparmaq gücündədirmi? Ordunu niyə saxlayır? İqtisadiyyatı çöküb. Ordu üçün əlavə xərclər niyə çəkməlidir ki? Məlumdur ki, onun sərhədlərini uzun müddətdir ki, Rusiya qoruyur. Ermənistanda insan artımı da bəllidir. İnsan amili həm də ordunu formalaşdırmağa imkan vermir. İqtisadiyyatı da bunun qarşısını alır. Zamanında Rusiyadan kreditlə aldığı silahların kreditini ödəyə bilmir. Həmin silahlar da Qənimətlər Parkında nümayiş olunur. Ermənistan bu silahların əvəzinə Rusiyaya bir çox zavodlarını, yerlərini uzun müddətli icarəyə verib, bəzilərini də satıb. İndi də Fransadan silahlar almağa başlayıb. Rəsmi İrəvan nə etmək istəyir? Zamanında Rusiyadan “İsgəndər”ləri, raket komplekslərini alanda reklam edirdi, şou göstərərək, təlimlər keçirir, bunları nümayiş etdirirdi. Yaxud da işğal etdiyi ərazilərdə təlimlər həyata keçirirdi. Bunların hamısının sabun köpüyü olduğu ortalığa çıxdı. Ermənistan ard-arda məğlub oldu, milyardlarla vəsait zərər etdi, böyük sayda insanlar itkilər verdi. Bütün bunlardan sonra indi Ermənistan nə etmək istəyir? Hansı xəyallara düşüb? Bu silahlardan Azərbaycana qarşı istifadə etmək istəyir? Azərbaycanla müharibə etmək iqtidarında olmadığını bilə-bilə məqsədi nədir? Bu dəfə hər kəs bilir ki, Ermənistanın mövcudluğu sual altına düşəcək. Onlar 200 ildir ki, bu bölgəyə gəliblər, yüz ildir Azərbaycan ərazisində dövlət qurublar. Onlar gələndən bu bölgədə qan, soyqırım, terror var. Çar Rusiyası, sovet dövründə, müstəqilliyimizin ilk vaxtlarında zəif olmağımızdan istifadə edib, etnik təmizləmə siyasəti həyata keçirdi, ərazilərimizi işğal etdi, mülki əhaliyə qarşı terror siyasəti həyata keçirdilər. Amma indiki Azərbaycan həmin Azərbaycan deyil. Güclü dövlətimiz, ordumuz var. Xalq, ordu birliyi ölkəmizdə mövcuddur. Azərbaycan xalqı hər şeyi çox gözəl bilir. Xalqımızı beynəlmiləlçi nağıllarla aldatmaq olmur. Kimin kim olduğunu dost, düşmən daxil hər kəs bilir. Bu gün ölkəmizdə sorğu keçirilsə, hər kəs hansı dövlətlərin dost və ya düşmən olacağını deyəcək. Sadəcə Ermənistan bu cür davranışları, siyasəti ilə Azərbaycan tərəfin layiqli cavabı ilə üzləşəcək. Zamanında Rusiya, Amerika, İran, Fransa kimi ölkələrə arxayın olub addımlar atırdı və sonda bunun zərərini Ermənistan özü çəkdi. İndi də Fransaya yaxınlaşıb nümayiş etdirdiyi bu cür davranışlarla çəkəcəyi zərərlə üz-üzədir. Onun dövlət kimi mövcudluğu Türkiyə və Azərbaycan kimi qonşu ölkələrlə normal münasibət qurmaqdan keçir. Bu iki dövlətlə normal münasibət qurmayacaqsa, daim bölgədə mövcudluğu sual altında olacaq. Xəstə ideyalarından, bu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyəcəksə, böyük dövlətlərin əllərində alət olmağa davam edəcəklərsə, unutmasınlar ki, hələ pis günləri qarşıdadır”.
Hərbi icmalçı Səxavət Məmməd hesab edir ki, Fransa Cənubi Qafqaz regionu uğrunda mübarizə üçün Ermənistana dəstək yönünü seçib:
“Fransa siyasi dəstəklə yanaşı Ermənistana hərbi dəstək də verəcək. Çox maraqlıdır ki, Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, ancaq NATO üzvü olan Fransadan silah alır. Rusiya ilə Ermənistan arasında hazırda gərginlik yaşanır. Fransa Rusiyanın Cənubi Qafqazdan çıxma ehtimalını nəzərə alaraq Ermənistanda möhkəmlənmək yolunu seçib. Faktiki olaraq Ermənistan 44 günlük müharibədən sonra Rusiya silah bazarına üz tutmur. Əvvəlcə Hindistandan, indi isə Fransadan silah alır. Ermənistan bu addımı atmaqla təkcə sözlü yox, əməli olaraq da Rusiyadan qopmaq niyyətində olduğunu ortaya qoyur. Fransanın siyasi maraqları olduğu kimi, maddi maraqları da var. Fransa həm də fürsətçilik edir. Belə ki, Avropa İttifaqı Ermənistana 100 milyon dollar vəsait ayırıb. Bunun ardınca Fransa elə bu məbləğ civarında Ermənistanla silah satışı barədə müqavilə imzaladı. Dolayısı ilə Fransa Avropa İttifaqının ayırdığı pulu Ermənistandan qoparmış oldu. Ermənistan hazırda elə Fransa və Almaniyadan məişət avadanlıqları alaraq, onların mikrosxemalarını Rusiyaya satır. Bundan da ciddi qazanc əldə edir. Hesab edirəm ki, Ermənistan bu yolla gələn vəsaiti də silah alışına xərcləyə bilər. Ermənistan lobbisi dünyada əlində ən böyük pul kütlələrindən olanlardandır. Hesab edirəm ki, onlar Ermənistan dövlətinin var olması üçün müxtəlif adlarda maddi yardımlar edəcək. Bu yardımlar daha çox "məcburi köçkünlər" adına gələcək. Ermənistan tərəfi isə bu pulları ehtimal ki, yönləndirəcək silah alışına. Əlavə olaraq onu qeyd etmək lazımdır ki, obrazlı desək, Ermənistan silah almır, 44 günlük müharibə zamanı itirdiklərinin yerini doldurur. Ermənistanın hava məkanı demək olar ki, mühafizəsizdir. Bu baxımdan Ermənistanın silah alması məntiqə uyğundur. Ermənistanın aldığı silahlar müdafiə xarakterlidir. Ermənistan ordusu hər nə qədər silah alsa da, 2020-ci ilin 27 sentyabrı səviyyəsinə çatması üçün bir neçə ili və bir neçə yüz milyon xərcləməsinə gərək var”.
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə qeyd etdi ki, Ermənistan rəhbərliyi Fransanın onları necə aldatdığını və uçuruma apardığını sonradan anlayacaq:
"Fransa heç vaxt Ermənistan üçün Rusiyaya alternativ ola bilməz. Həm siyasi, həm hərbi, həm də iqtisadi baxımından Moskvanın Ermənistan üçün etdiklərini Paris edə biləcəyi mümkünsüzdür. Ermənistanın müdafiə qabiliyyətini Fransa ilə bağlanılmış hərbi texniki əməkdaşlıq edəcəyinə ümid bağlanılması sadəcə illüziyadır. Moskva Ermənistana silah sursatı, hərbi texniki dəstəyi demək olar ki, havayı verirdi. Hətta 1 milyard dollarlıq ödəniş silah ötürülməsi faktı üzə çıxandan sonra Bakı-Moskva arasında gərginlik yarandı. Parisin isə belə havayı silah tədarükü ağlabatan deyil və iqtisadi cəhətdən çökən Ermənistan üçün hətta on milyonlarla ölçülən vəsaitlərin ödənilməsi də çox çətin olacaq. Parisin Ermənistana can yanğısı əslində Fransanın milli maraqlarının təmini üçündür. Məqsəd kiçik bacısına dəstək olmaq deyil, onun vasitəsi ilə regiona daxil olmaq, maraqları üçün oynamaqdır. Ermənistan həmişə olduğu kimi burda alətdir. Ukraynaya silah tədarükü Rusiyanın potensial rəqib olar beynəlxalq siyasi sistemdəki rolunu azaltmağa və Moskvanın çoxqütblü dünya düzəni ambisiyalarını önləmək üçün edilir. Ukrayna Rusiya müharibəsinin necə sonuclanması birbaşa dünyanın yenidən şəkilləndirilməsinə və dünya düzəninin formalaşmasına təsir edəcək faktordur. Lakin Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi və ya silahlandırılması qlobal xarakter daşımadığından Fransa üçün kommersiya məqsədlidir. Odur ki, Parisi maraqlandırmır iqtisadi çöküşdə olan Ermənistan müqavilənin şərtlərinə uyğun ödənişləri necə və ya hansı vəsaitlə həyata keçirəcək. Azərbaycan sabah eyni silahları Fransadan almaq istəsə Azərbaycana da satacaq. Yəni burda siyasi və strateji mənafe deyil sırf ticari-kommersiya mənafeləri güdülür. Lakin buna görə İrəvan Kremllə aralarında olan narazılıqları və ziddiyyətləri daha da dərinləşdirmiş oldu. Onu da nəzərə alaq ki, Fransa ilə Ermənistan arasında hərbi texniki əməkdaşlıq regionda gərginliyi və eskalasiya təhlükəsini artırdığından yaranacaq mürəkkəb vəziyyət yenə də Parisin işinə yaracaq. Paşinyan hakimiyyəti isə bu acı gerçəkliyi anlayanda lap gec olacaq".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ