Onlayn ictimai-siyasi qəzet
Kişilər arasında 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal qazanan italiyalı üzgüçü Tomas Cekkon Paris Olimpiya kəndindəki şəraiti sərt tənqid edib.
Musavat.com xəbər verir ki, idmançının parkda gecələməsi Olimpiya kəndindəki neqativ halları yenidən gündəmə gətirib.
Bununla bağlı açıqlamasında Cekkon "Kənddə kondisioner yoxdur, hava isti, yeməklər pisdir. Buna görə də bir çox idmançı başqa yerlərə köçür. Bu, kapriz və ya bəhanə deyil, bəlkə də hər kəsin bilmədiyi bir həqiqətdir", - deyib.
O, xüsusilə günorta saatlarında havanın isti keçdiyini və səs-küy səbəbindən yatmaqda çətinlik çəkdiyini bildirib.
İdmançının parkda hamam dəsmalı üzərində yatması ilə bağlı görüntülərini səudiyyəli avarçəkən Hüseyn Əlireza lentə alaraq instaqramda paylaşıb.
Paylaşımda üzgüçünün yatdığı yer olaraq Olimpiya kəndinin ərazisi qeyd olunur. Fotonun İtaliyanın kişilər arasında üzgçülük yarışından kənarlaşdırılmasından əvvəl və ya sonra çəkildiyi məlum deyil.
Tennisçi Coco Gauff, üzgüçü Ariarn Titmus və Asya Tuati kimi idmançılar da 23 yaşlı Cekkona qoşularaq təşkilatın Parisdəki yerləşdirməsini sərt tənqid ediblər.
400 metr məsafəyə sərbəst üzməyə görə Olimpiadanın qızıl medalını qazanan Ariarn Titmus bildirib ki, yerləşdirmə şəraiti yaxşı olsaydı, dünya rekordunu qıra bilərdi. Onun sözlərinə görə, Olimpiya kəndindəki şərait yüksək performans göstərmək üçün uyğun deyil.
Olimpiya kəndindəki çarpayılar da narahatlığına və yöndəmsizliyə görə tənqidlərə məruz qalıb.
"Airwave" tərəfindən istehsal olunan tək adamlıq çarpayılar karton çərçivələrlə təchiz edilib. Bu vəziyyətin idmançılar arasında diskomfort yaratmaqla yanaşı, onların performansına mənfi təsir göstərdiyi düşünülür.
İdmançılar daha yaxşı yaşayış imkanlarının təmin edilməli olduğunu bildirərək təşkilatçıları bununla bağlı addımlar atmağa çağırıblar.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ