Onlayn ictimai-siyasi qəzet
Fransa ilə nə qədər yaxşı və isti münasibətlər olsa da, Ermənistana hücum edilməsi halında Paris öz qoşunlarını köməyə göndərməyəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyan deyib.
Erməni icmasının nümayəndəsi hesab edir ki, Paris ən yaxşı halda dəstəyi bir az artıracaq, amma bundan artığını etməyəcək. Papazyana görə, Ermənistan Rusiya ilə münasibətləri bərpa etməli, müttəfiqi düşmənə çevirməməlidir.
“Hakimiyyət istefaya getməli, yeni təhlükəsizlik mexanizmləri yaradılmalıdır ki, Türkiyə və Azərbaycan Ermənistana hücum edə bilməsin. Əsas strateji prioritet Rusiya ilə münasibətləri bərpa etməkdir. Rusiyanı sadəcə olaraq ölkədən çıxarmaq mümkün deyil... Biz (Ermənistan-red.) yaxın olduğumuz tərəfdaşı az qala düşmənə çevirdik”, - deyə Papazyan qeyd edib.
Qərbin təhlükəsizlik baxımından alternativ ola biləcəyi ilə bağlı suala gəlincə, Papazyanın sözlərinə görə, təkcə Qərb ölkələri ilə deyil, Hindistan və Çinlə də yaxşı münasibətlərə malik olmaq lazımdır.
Xatırladaq ki, Papazyan 2021-ci il iyunun 1-də Fransaya səfəri zamanı Paşinyanın kortejinə yaratdığı əngəldən sonra Ermənitanda persona non-qrata elan edilib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ