İnsanlara hürriyət, millətlərə istiqlal!

Pandemiya bitir demişdi, indi isə... - ÜST rəhbərindən yeni xəbərdarlıq

“ÜST-in baş direktoru bir az tələskənlik edib...” - infeksionist

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının artacağı gözlənilir. Amma peyvənd və terapevtik vasitələrimiz var. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, COVİD-19-un Omikron ştamı qlobal miqyasda dominant versiya olaraq qalır: “Bundan başqa, əməkdaşlarımız 300-dən çox alt variantı müşahidə edirlər. Bu dönəmdə iqtisadi böhran, həm qida təhlükəsizliyində problemlər görəcəyik”.

Maraqlıdır ki, cəmi iki həftə əvvəl ÜST rəhbəri “pandemiyanın başa çatması göz önündədir”, demişdi. Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirmişdi ki, dünyada COVİD-19 səbəbindən təsdiqlənmiş ölüm hallarının sayı 2020-ci il mart ayından bəri ən aşağı səviyyədə olub. “Pandemiyanın başa çatması ilə bağlı biz heç vaxt daha yaxşı nəticəyə nail olmamışıq. Lakin pandemiyanın başa çatması göz önündədir” demişdi.

Mütəxəssislər bunu pandemiyanın başa çatmasının anonsu kimi qiymətləndirirdi. Bildirilirdi ki, ilin sonunadək pandemiyanın başa çatdığı rəsmən elan olunacaq. Bəs ÜST rəhbərinin indiki xəbərdarlığı necə qiymətləndirilməlidir?

Mərdan Əliyev: “Ölkəmizdə də artıq vaksin istehsalına başlanılmalıdır”

Mərdan Əliyev 

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Pandemiya idarəolunan məsələ deyil. Onu öncədən proqnozlaşdırmaq çətindir. Filan vaxtı, yaxud bu ay bitəcək, demək çətindir. Görünür, ÜST-in baş direktoru bir az tələskənlik edib. Amma pandemiyanın bitməsinə dair əlamətlər təbii ki, görünür. Əslində bitmək üzrədir. Artıq əhalidə kollektiv immunitet formalaşıb. Bizdə, gördüyünüz kimi, yay aylarının sonlarından artmağa doğru davam etdi. Yoluxma 500-ə qədər artdı. Sonra təbii şəkildə azalmağa doğru getdi. Bu, öz-özünə baş verdi. Karantin qaydası, məhdudiyyət olmadan, insanlar maska da taxmadı. Yoluxma öz-özünə enməyə doğru getdi. Bu, yaxşı bir haldır. Kollektiv immuniteti bir qədər də gücləndirdi. İndi aktiv xəstə sayı mindən aşağı düşüb. Gündəlik yoluxma sayı da xeyli dərəcədə azalıb. Əgər hər hansı bir sürpriz olmasa, koronavirusun Omikron variantının alt variantları yox, koronavirusun yeni bir variantı ortaya çıxmasa, pandemiyanın bitməsi ehtimalı yaxındır. Açığı, pandemiyanın bitdiyini düşünürəm. Bunun artma ehtimalı yoxdur. Payız-qış mövsümündə yoluxma sayında müəyyən artımlar ola bilər. Çünki həm günəşin aktivliyi azalır, insanlar evlərə çəkilir, hava soyuq olur, immunitet zəifləyir. Buna görə də kəskin respirator virus infeksiyalarında artım ola bilir. O cümlədən koronavirusa yoluxmada da artma ola bilər. Amma bu artımın əhəmiyyətli olacağını düşünmürəm. O fikirdəyəm ki, pandemiya həqiqətən də bitir”.

Həkim “Son günlər insanlar arasında virus yayılıb, şikayət edirlər ki, xəstəlik üç həftələrlə sağalmır, bu, yeni koronavirus ştamıdır” sualına belə cavab verib: “Son günlər yayılan infeksiya el arasında qrip dediyimiz, amma bu qrip deyil, hər hansı kəskin respirator infeksiyalardan biridir. Qripə bənzəyir. Bu virusların sayı 200-ə qədərdir. Ona görə bunlardan hansı törədir, bunu dəqiqləşdirmək üçün xəstə ancaq müayinə olunmalıdır. Təbii ki, bu xəstəliklərin içində koronavirus infeksiyası da var. Yüngül keçdiyi üçün heç həkimə müraciət etmirlər. Açığı, son günlər bizə, Şamaxıda dövlət xəstəxanasına bununla bağlı müraciət edilmir. Ola bilsin, Bakıda yayılıb. Hər halda, ölkə üzrə çox deyil. Amma bunun koronavirus infeksiyası olduğunu düşünmürəm. Çünki koronavirus infeksiyası get-gedə virulent və patogenliyini itirir və üç həftəyə sağalan bir xəstəliyə çevrilməsi olmaz. Amma başqa viruslar, adenavirus, rotavirus, koronavirusun əvvəlki növləri var, onlardan biri ola bilər. Bunu dəqiqləşdirmək üçün müayinə etmək lazımdır”.

Nəzərə çatdıraq ki, bundan əvvəl dünyada koronavirusa yoluxanların sayında azalma müşahidə edildiyi bildirilmişdi. Sentyabrın 26-dan oktyabrın 2-dək olan həftə ərzində 2 milyon 900 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 8 min 300-dən çox insan dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına əsasən, yoluxmaların sayı əvvəlki yeddi günlə müqayisədə 6%, ölənlərin sayı isə 12% azalıb.

Qeyd edək ki, koronavirusa ilk dəfə 2019-cu ilin dekabr ayında Çində rast gəlinib. ÜST 2020-ci ilin fevral ayında bu xəstəliyi pandemiya elan edib. İndiyədək 358,549,410 nəfərdən çox insan bu virusa yoluxub. Bunların 300 milyondan çoxu sağalıb, 5,615,597 çoxu isə ölüb.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR