Onlayn ictimai-siyasi qəzet
Pakistan siyasətçiləri hökuməti Trampın 2026-cı il Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı tövsiyəsini geri götürməyə çağırıb.
Musavat.com xaici mediaya istinadla xəbər verir ki, "Camiat Ulema-e-Islam" partiyasının lideri Mövlana Fəzlur Rəhman Trampın Yaxın Şərqdəki hərbi əməliyyatlarda İsraili dəstəkləməsini və İranın nüvə obyektlərinə hücum əmri verməsi əsas götürərək onun sülhməramlı olmadığını bildirib.
“ABŞ prezidentinin özünün sülhməramlı səyləri ilə bağlı açıqlamalarının yalan olduğu üzə çıxıb. Pakistan tərəfindən Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsi təklifi geri götürülməlidir”, - Mövlana Fəzlur Rəhman deyib.
O, Trampın İsrailin Fələstinə, Suriyaya, Livana və İrana hücumlarını dəstəklədiyini və bunun sülh istəyinə zidd olduğunu vurğulayıb.
Keçmiş senator Məşahid Hüseyn İrana zərbə endirmək qərarını Amerika prezidentinin vəzifəyə gəldikdən sonra ən böyük səhvi adlandırıb.
“Tramp İrana qarşı müharibəyə başlayandan sonra sülhməramlı sayıla bilməz”, - deyə siyasətçi X sosial şəbəkəsində yazıb və Rəhmanın müvafiq fikrinə şərik çıxıb.
Analoji tələblərlə müxalifətdə olan “Ədalət uğrunda hərəkat” partiyasının parlament üzvü Əli Məhəmməd Xan, “Camaat-e-İslami” partiyasının rəhbəri Neymur Rəhman, Pakistanın ABŞ-dakı keçmiş səfiri Maliha Lodhi, eləcə də tanınmış jurnalistlər və ictimai xadimlər hökumətə müraciət ediblər.
Xatırladaq ki, ötən cümə günü Pakistanın Nazirlər Kabineti Trampın Hindistanla hərbi qarşıdurmanın həllində vasitəçilik etdiyinə görə Nobel Sülh Mükafatına namizədliyini tövsiyə etdiyini açıqlayıb. O zaman iddia edilirdi ki, ABŞ prezidentinin səyləri ilə may ayında Kəşmirdə baş verən hərbi toqquşmalardan sonra İslamabadla Yeni Dehli arasında gərginliyi azaltmaq mümkün olub.
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ