Onlayn ictimai-siyasi qəzet
ABŞ Daxili Təhlükəsizlik Departamenti Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan 131 miqrantın deportasiyasını asanlaşdırdığına görə Özbəkistan rəhbərliyinə təşəkkür edib.
Musavat.com xəbər verir ki, Nyu-Yorkdan Daşkəndə uçuş aprelin 30-da Özbəkistan Hava Yollarının Boeing-787 təyyarəsində baş tutub.
ABŞ agentliyi Özbəkistanın deportasiya əməliyyatını tam şəkildə maliyyələşdirdiyini bildirib. O vurğulayıb ki, bu, iki ölkə arasında təhlükəsizlik sahəsində sıx əməkdaşlığı nümayiş etdirir və ABŞ-ın müttəfiqləri üçün standart yaradır.
Daxili təhlükəsizlik naziri Kristi Noem ABŞ tərəfinin Özbəkistanla ortaq təhlükəsizliyii gücləndirmək və qanunun aliliyini qorumaq səylərində birgə işləmək niyyətində olduğunu bildirib.
“Fox News” xəbər verir ki, Qazaxıstan və Qırğızıstan vətəndaşları Özbəkistana gəldikdən sonra evlərinə göndəriləcək.
Daha əvvəl Özbəkistan Xarici İşlər Nazirliyi bu reyslə vətənə qaytarılan vətəndaşların sayının 100-dən çox olduğunu bildirmişdi.
“Repatriasiya prosesi humanitar və hüquqi prinsiplər əsasında təşkil olunub və vətəndaşların ləyaqətli və təhlükəsiz qayıtmasını təmin etməyə yönəlib”, - XİN-dən bildiriblər.
Müxtəlif ölkələrdən, o cümlədən Özbəkistandan olan qeyri-qanuni miqrantlarla dolu təyyarələr hələ fevral ayında ABŞ tərəfindən Panama və Kosta-Rikaya göndərilib. Miqrantlar bu ölkələrdə çətinliklərlə üzləşib, pulsuz və sənədsiz halda ortalıqda qalıblar.
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ