Onlayn ictimai-siyasi qəzet
Daşkənd yaxınlığında tikilən yeni beynəlxalq hava limanı üçün yaxın illərdə 75 təyyarənin alınması planlaşdırılır. Musavat.com Gazeta.uz-a istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Şavkat Mirziyoyev bildirib.
Hazırkı donanma 105 təyyarədən ibarətdir və Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Cənubi Koreya, Çin, Hindistan, Malayziya, Türkiyə, Rusiya, Polşa və digər ölkələrdən 51 aviaşirkət Özbəkistana müntəzəm uçuşlar həyata keçirir. Dövlət başçısının sözlərinə görə, növbəti 5 il ərzində donanma 180 təyyarəyə, marşrutların sayı 230-a, daxili və beynəlxalq uçuşların həcmi isə ildə 200 minə çatdırılacaq.
“Biz bütün hesablamaları aparmışıq: əgər biz buraya 180 təyyarə gətirsək və bütün lazımi tədbirləri həyata keçirsək, dövlət ildə 700 milyon dollardan çox mənfəət əldə edəcək”, - dövlət başçısı qeyd edib.
Prezident vurğulayıb ki, layihə ölkənin nəqliyyat infrastrukturunun inkişafına yönəlib.
“Əcdadlarımız deyib: “Yol problemi ən ağır problemdir”. Biz dəmir yolları və metrolar tikirik, indi isə hava yollarını da yaxşılaşdıracağıq”, - deyə Şavkat Mirziyoyev bildirib.
Prezident bildirib ki, yeni hava limanına yol maksimum 25 dəqiqə (24 km) olacaq. “Biz avtobuslar təşkil edəcəyik, inşallah, gələcəkdə metro da tikəcəyik. Hər şey ahənglə işləyəcək", - dövlət başçısı bəyan edib.
Yeni hava limanı ildə 20 milyon sərnişinə xidmət göstərəcək, 129 min ton yükün daşınmasını həyata keçirəcək.
Mart ayında Özbəkistan 14 “Airbus” təyyarəsi almağa və daha beşini icarəyə götürməyə razılaşıb.
2022-ci ilin noyabrında Özbəkistan da təxminən 800 milyon avroya 17 “Airbus” və ATR təyyarəsi almağa dair müqavilələr imzalayıb.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ