Onlayn ictimai-siyasi qəzet
Hansı dinə mənsub olmasından asılı olmayaraq, dindar şəxs sülh, barış tərəfdarı olmalıdır. Allahın evində oturub, qan-qada, şər-böhtan təbliğ edənin dinə qəti aidiyyəti yoxdur. Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının Primatı, arxiyepiskop Baqrat Qalstanyanın oynadığı məkrli rol onun dinə heç bir dəxlinin olmadığını deməyə tam əsas verir.
Qazaxın 30 ildən artıqdır işğalda saxlanılan kəndlərini səssiz-səmirsiz öz sahibinə qaytarmağı tövsiyə edib, gərginliyə son qoyulmasını, erməni gənclərin özgə torpağı uğrunda qırılmasının dayandırılmasını, köklərinin kəsilməməsi üçün nəhayət, barış əldə olunması zərurətindən danışmaq əvəzinə, həmin bu Baqrat əyninə kəfən geyinib, cəhənnəmə doğru yolçuluqda ətrafına daha çox revanşistlər toplamağa çalışır.
Nə qədər xəstə düşüncəli biri olasan ki, Azərbaycanın Qazax rayonunun kəndlərinin geri qaytarılması barədə hətta Ermənistan hakimiyyətinin məcburi razılığına qarşı çıxasan! Hətta işğaldan sonra bu bölgəyə köçürülmüş ermənilər özləri belə etiraf edirlər ki, ərazilər Azərbaycana məxsusdur. Amma erməni kilsəsinin baş təfriqəsalanı İkinci Qareginin “qara qarğa”sı Qalstanyan deyir yox, mən imkan verməyəcəyəm ərazilər Azərbaycana təhvil verilsin. Bu əbləh heç olmasa 44 günlük müharibə zamanı əlinə silah götürüb Azərbaycana qarşı “sonadək döyüşəcəyini”, deyən keşişlərin sonradan dovşan kimi qaçıb Ermənistana keçdiklərini də xatırlamır yəni? Tovuzqaladan İrəvanadək yürüş edən, indi də Ermənistan paytaxtında həyatı iflic etməyə çalışan keşiş Baqrat boyundan çox yuxarı tullanır, gah Paşinyana impiçment elan edir, gah baş nazirliyə namizəd axtarır, gah da Qazaxın kəndlərinin qaytarılmasının Ermənistanın təhlükəsizliyini təhdid etdiyi barədə gic-gic iddialar səsləndirir.
Əslində səhv Nikol Paşinyanındır. Baqratın başlatdığı “kilsə üsyanı”nın getdikcə genişlənəcəyini bəlkə də gözləmirdi. İlk günlərdə Paşinyan hesab edirdi ki, bu etirazlar onun Azərbaycanla danışıqlarda əlini gücləndirə bilər. Ona görə də etirazların qarşısını almağa həvəsli deyildi. Hətta Baqratın gah maşınla, gah piyada üzü İrəvana yürüş etməsinə də əngəl törədilmədi, bunu “erməni xalqının etirazı” kimi təqdim edilməsinə şərait yaratdı. Amma artıq bu, qanunsuz dəstə Paşinyan üçün təhlükələr vəd edir, hətta onun aradan götürülməsi də baş verə bilər. Kilsəsi “gülüm” olanın “başına külüm olar”.
Budur, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bu etirazların başında II Qaregin və Köçəryan dayanır. Artıq Paşinyan özü də görür ki, “ox yaydan çıxıb”, kilsə etirazları getdikcə, genişlənir və günün birində təhlükəli miqyas ala bilər. Təsadüfi deyil ki, Ermənistanın baş naziri “Katolikos II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, hərəkatın benefisiarı isə Robert Koçaryandır”-dedi və kimin nə oyunlarla məşğul olduğundan xəbərsiz olmadığını nümayiş etdirdi. Paşinyanın dediyinə görə, hələ 2021-ci ildə Robert Koçaryan kilsənin köməyi ilə hakimiyyətin dəyişməsi ssenarisini təqdim edib.
Kilsə etirazının arxasında hansı qüvvələrin dayandığı barədə çoxlu versiyalar var. Heç şübhəsiz ki, burada hətta bir-birindən zəhləsi gedən qüvvələrin və ölkələrin belə, maraqları üst-üstə düşür. Fransa və Avropa İttifaqı Nikol Paşinyanın Azərbaycanla sülh imzalamasını istəyirmi? Təbii ki, yox. Avropa İttifaqının Ermənistandakı missiyasını “gördüm” deyən yoxdur son hadisələrdə. Əslində 209 nəfərlik missiya, cəsus şəbəkəsi guya Azərbaycanla Ermənistan arasında növbəti gərginliklərin baş verməməsi üçün Zəngəzur, Basarkeçər, Göyçə istiqamətinə səpələnmişdilər, əllərində binokl. Amma nədənsə Baqratın Tovuzqaladakı meymunluqlarına onların hər hansı reaksiyası olmadı, yox oldular - əvvəlki dönəmlərdə Dığ və Zod kəndləri istiqamətində iki ölkənin hərbçiləri arasında silahlı toqquşmalar zamanı olduğu kimi.
Kilsə amili varsa, demək burada erməni diasporu və xaricdəki revanşistlər, sağalması mümkün olmayan dəstələr, daşnaklar, həmçinin terrorçular da bu prosesin içərisindədir.
İrəvanda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasiya prosesinə qarşı çıxan etirazçıların nümayişləri davam edir. Son məlumata görə, saxlanılan radikallar arasında “ASALA” terror təşkilatının üzvü olan Ambik Sasunyan da var. Həmin bu Sasunyan 1982-ci ildə Türkiyənin Kaliforniyadakı konsulu Kemal Arıkanı qətlə yetirib. Sasunyan törətdiyi qətlə görə 1984-cü ildə ömürlük həbs cəzasına məhkum olunsa da, 2021-ci ilin fevral ayında Los-Anceles Ali Məhkəməsi tərəfindən azadlığa buraxılmışdı. Türk qatili Ermənistandakı etirazların başına keçib. Bu, çox şeydən xəbər verir. Faktın özü etirazların təkcə Ermənistan-Azərbaycan arasındakı sülhə qarşı deyil, həm də Türkiyə ilə münasibətlərin tənzimlənnəsinə qarşı yönəldiyini deməyə əsas verir. Məsələ təkcə 8 kəndin azadlığı deyil.
Serj Sərkisyan aranın “tozanaq” olduğunu görüb ortadan çəkildi, hətta Ermənistanı tərk elədi. Robert Köçəryan isə əvvəl Baqratla görüşdüyünü dansa belə, sonradan cəsarətləndi. Buna o cəsarəti verən heç şübhəsiz ki, şimal qonşumuzdakı hərbi-siyasi çevrələrdir. Köçəryan Rusiyanın Ermənistandakı “5-ci kolon”unun başında dayanır, Nikol Paşinyandan qisas almaq üçün fürsət gəzirdi, indi o fürsət yaranıb. Rusiya sərhədçilərinin Zvartnotsdan çıxarılması yaxın bir-iki ay ərzində reallaşmalıdır, Kreml təbii ki, İrəvanın bu tələbindən çox narazıdır. Ona görə də Paşinyana elə bir dərs vermək istəyir ki, ömrü boyu yadından çıxmasın. 44 günlük müharibədən sonra Azərbaycanla şərti sərhədlər boyunca yerləşdirilən rus hərbçiləri də ərazidən çıxarılır. Paşinyan həmin əraziləri həm də Avropa İttifaqının missiyası üçün “təmizləyir”. Xatırlayırıq, ilin əvvəlində Zəngilan istiqamətindəki şərti sərhəddə erməni təxribatı törədilən zaman Aİ heyətinin əraziyə getmək istədiklərini, ancaq rus hərbçilərin maneçiliyi səbəbindən bunun mümkün olmadığı bildirilmişdi. Paşinyan missiyanın əl-qolunu açmaq üçün Rusiyanı bölgədən çıxışdırır və bu cavabsız qala bilməz. Köçəryan-Qaltanyan-Qaregin əməkdaşlığı da bu cavabın tərkib hissəsidir.
Hazırda Azərbaycanın qədim və tarixi şəhəri İrəvanda erməni polisi ilə kəfən geyinmiş Qalstanyanın dəstələri arasında “dartma, yaxam cırıldı”, mahnısı oxunur, ölkəni tərk edən Nikol Paşinyan çox güman ki, polisə artıq hərəkətə keçmək göstərişi verib. Səhərdən etibarən irimiqyaslı itaətsizlik aksiyaları keçirilir, küçələr bağlanır. Artıq “qırmızı berelilər” etirazçıların qollarını burub, “içəri” göndərməyə başlayıblar. Mediada yayılan kadrlardan görünür ki, erməni gənclər “Vətən adına Tavuş” hərəkatının lideri, Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının Primatı, arxiyepiskop Baqrat Qalstanyanı YDU-nun həyətində rəqslərlə qarşılayıblar. Məlumata görə,
Qalstanyan İrəvan Dövlət Universitetindən sonra Jurnalistlər İttifaqına, daha sonra İrəvandakı Qaregin Njde meydanına gedəcək.
Tovuqzaladan İrəvanadək mahnı oxuya-oxuya rəqs eləyə-eləyə yürüş eləyən keşiş Baqratın davranışları Paşinyanın özünü xatırladır. Nikolun Şuşada araqla çaxırı qarışdırdıqdan sonra yallı getməsi ona gətirib çıxartdı ki, Azərbaycan torpaqlarını işğaldan azad elədi. Görünür, Baqrat “Vətən üçün İrəvan” hərəkatı təsis etmək arzusundadır.
Hər halda Azərbaycanla sülh əlsə etməyin yeganə alternativ olduğunu anlayan Paşinyanı devirmələri halında, Ermənistanın varlığı suallar doğurur. Hətta Samvel Babayan belə deyir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıxan arasında Kalininqrad nümunəsi tətbiq olunmalıdır. Yəni bu cani belə etirazların erməni xalqı üçün təhlükəli olduğunu anlayır.
Hə, bir də ermənilər “Köçəri” havasına rəqs eləyiblər. Azərbaycan rəqsini özününküləşdirməyə çalışan bu xəstələr hələ də reallığı dərk eləyə bilmirlər. Amma eybi yox, qoy oynasınlar, oynamaqları bizə düşür! “Köçəri” havasına oynaya-oynaya gəldikləri yerlərə köçəcəklər, Köçəryanın fitvasına uyan bədbəxtlər!
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ