İnsanlara hürriyət, millətlərə istiqlal!

“Oxumağı bilmirsə, OBA-da necə müdir işləyib?” - Prokurordan hakimə etiraz TƏFƏRRÜAT

OBA marketlər şəbəkəsindən 10 min manat mənimsəmədə ittiham edilən şəxs məhkəmədə bəraət alıb.

Musavat.com xəbər verir ki, söhbət Valeh Qurbanovun cinayət işindən gedir. Ona qarşı mənimsəmə maddəsi ilə ittiham irəli sürülmüşdü.

İstintaqla müəyyən edilib ki, 34 yaşlı Valeh Qurbanov “Oba Nizami 2” mağazasında administrator vəzifəsində işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən istifadə edərək 10 min manat dəyərində mənimsəmə edib.

Yasamal Rayon Məhkəməsi aparılan araşdırmadan sonra V.Qurbanovu təqsirli bilməyib və onun barəsində bəraət hökmü çıxarıb.

Hökmdən dövlət ittihamçısı və zərərçəkmiş şəxs kimi tanınan “Veysəloğlu” MMC apellyasiya şikayəti verərək V.Qurbanov barəsində ittiham hökmü çıxarılmasını istəyiblər. “Veysəloğlu” dəymiş zərərin ödənilməsini tələb edib.

Apellyasiya şikayətini onunla əsaslandırıblar ki, Yasamal Rayon Məhkəməsi işi düzgün araşdırmayıb və “maraq” göstərərək V.Qurbanov barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, iş üzrə dindirilən şahidlər - “OBA” marketin işçiləri istintaqda V.Qurbanovun mənimsəmə etdiyini desələr də məhkəmədə bunu inkar ediblər. Məhkəmə də həmin ifadələri nəzərə alıb. Həmçinin təqsirləndirilən şəxs V.Qurbanov da istintaqda ifadə verən zaman məniməsəmə etdiyini etiraf etsə də məhkəmədə bunu inkar edib, aldadıldığını söyləyib.

V.Qurbanov Yasamal Rayon Məhkəməsində istintaq aparılan zaman 2-ci sinifə qədər təhsil aldığını, savadının olmadığını deyib. Bildirib ki, oxumağı bacarmır. Ona görə də ifadəsində nə yazıldığını bilməyib.

Apellyasiya protesti verən prokuror Yasamal Rayon Məhkəməsinin bu qərarını əsassız hesab edərək qeyd edib ki, məntiqlə məsələ yanaşılsaydı, V.Qurbanovun yalan danışdığını bilmək olardı.

“Azərbaycan əlifbasında yazıb-oxumağı bilməyən bir şəxs necə ola bilər ki, mağaza müdiri işləsin? Bu şəxs gündəlik və ya həftəlik mal qəbul edib, siyahılar və sənədlər imzalayıb. İş prosesində şirkətin baş ofisinin aidiyyəti əməkdaşlarının elektron poçt ünvanına müxtəlif vaxtlarda elektron məktublar göndərib. Hətta bir dəfə də mağazada baş verən oğurluq hadisəsi barədə polisə yazılı formada ərizə ilə müraciət edib, izahat verib. Bu şəxsin telefonunda sosial şəbəkə hesablarında yazışmaları var. Oxumağı bilmirsə, bu mesajları necə yazıb?”, - deyə prokuror apellyasiya şikayətini əsaslandırarkən qeyd edib.

Dövlət ittihamçısı Yasamal Rayon Məhkəməsinin nəzərə almadığı digər məqamları da apellyasiya məhkəməsinin diqqətinə çatdıran zaman deyib:

“4 nəfər şəxs istintaqda verdiyi ifadəsini təkzib edib. Müstəntiq tərəfindən aldadıqlarını deyiblər. Amma müstəntiq məhkəməyə dəvət edilib, ifadəsi alınmayıb. Məhkəmə Baş Prokurorluğa müraciət edib müstəntiq barəsində xidməti yoxlamanın keçirilməsini tələb etməyib. Şahidlərdən biri məhkəmədə dedi ki, müstəntiq komputerdə hazır ifadəni çıxararaq ona verib. Guya müstəntiq sadəcə yazının sonundakı ad və soy adı dəyişib.

Necə olur ki, şahid və təqsirləndirilən şəxs ifadələrini oxumağa diqqət etməyiblər, amma müstəntiqin komputerində dəyişiklik etməsinə diqqət ediblər? 10 illik peşəkar istintaqçı təcrübəmə əsaslanıb deyə bilərəm ki, heç bir ibtidai istintaq orqanında müstəntiqin kompüteri ifadə və ya izahat verməyə gələn şəxslərin aşkar formada müşahidə edə biləcəyi formada quraşdırılmayıb. Onlar ən yaxşı halda müstəntiqin yazı yazdığı kompüterin monitorunun arxasını görə bilərdilər. Hətta hüquq fakültəsi tələbəsinin belə inanmayacağı bu uydurma və əsassız iddiaya nədənsə məhkəmə “inanmağa” məcbur olub”.

Qeyd edək ki, şahidlər istintaq zamanı ifadə verən V.Qurbanovun mənimsəmə etdiyini təsdiq ediblər. Deyiblər ki, V.Qurbanov depoda olan malları başqa şəxslərə satıb. Buna görə kameraları söndürüb. Həmçinin nisyə mal satılan şəxslərdən aldığı pulları də öz ehtiyacları üçün xərcləyib.

Təqsirləndirilən V.Qurbanov məhkəmədəki ifadəsində bunları deyib: “Ali təhsilim yoxdur. İkinci sinifə qədər oxumuşam. Yazmaqda və oxumaqda çətinlik çəkirəm. Buna baxmayaraq 2019-cu ildə satıcı-kassir kimi işə düzəlmişəm. Mağazaya gün ərzində 2000-2500 nəfər gəlirdi. Həmin ərazidə narkomanlar çox olduğu üçün mağazaya girənlərin çoxu narkomanlar olurdu. Ona görə də xeyli sayda xırda oğurluq hadisələri baş verirdi. Kassir işləyən işçi də dəfələrlə mağazaya məxsus ümumilikdə 200-300 manat dəyərində məhsulları sataraq pulu kassaya vurmamışdı. Bu barədə rəhbərliyə məlumat vermişəm. Mənim barəmdə deyilənlər yalandır. Daxili nəzarətin yoxlaması zamanı hər hansı bir sübut aşkar olunmamışdı. Kamera görüntülərində də heç nə tapa bilmədilər. Mənim savadsız olmağımdan istifadə edib catışmazlığı üzərimə yıxmaq istəyirlər”.

Bakı Apellyasiya Məhkəməsi V.Qurbanovu mənimsəmədə günahkar bilməyib. Tərəfləri dinləyən məhkəmə belə qənaətə gəlib ki, V.Qurbanov mağazada çalışan zaman səhlənkarlığa yol verib. Buna görə də V.Qurbanov səhlənkarlıqda təqsirli bilinməlidir.

Apellyasiya məhkəməsi V.Qurbanovu Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə təqsirli bilib. Lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən təqsirləndirilən şəxsə cəza təyin edilməyib.

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR