Onlayn ictimai-siyasi qəzet
ABŞ-da - Ağ Evdəki “Oval Otaq”da ev yiyəsi Prezidentlə Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuat brifinqi ilk baxışda, sadəcə, siyasi kommunikasiya idi; lakin bu, yalnız səhnənin görünən hissəsi olmasın?.. Gerçəkdə nə baş verdiyini anlamaq üçün diplomatiyanın teatrallığını və güc siyasətinin incə mexanizmlərini oxumaq lazımdır.
Donald Tramp və ABŞ vitse-prezidenti Ceyms Devis Vensin jurnalistlərin gözü qarşısında Zelenskini, sanki (əslində “sanki”siz) “sınağa çəkməsi” bir neçə səviyyədə oxuna bilər. Birincisi,
bu, ictimai riyakarlığın klassik örnəyidir – qapalı qapılar arxasında verilən vədlərlə kameralar qarşısında edilən jestlər arasındakı fərqin zirvə nöqtəsi! (Zirvə nöqtəsi deyib də nida qoyuruq, qoy elə zirvə nidası olsun)! Bu halda, Zelenskinin o cür situasiyaya öncədən hazırlıqlı olub-olmaması sual doğurur. Ola bilərmi, ABŞ rəsmiləri gizli müzakirələrdə “bu, sadəcə, publika üçünüydü, rahatsız olma” deyərək, Ukrayna liderini növbəti siyasi psixodramanın baş rolunda sabitləmiş olsunlar?
İkinci mümkün ssenari – bu, həqiqətən, Ukraynaya verilən açıq-aydın bir siqnaldır: Tramp “oyunun qaydası dəyişib”. Əgər belədirsə, demək, Vaşinqton artıq Kiyevin strateji aktivini zəiflədilmiş, dəyəri azalan bir kart kimi görür. Bu, soyuq gerçəklikdir: hərbi və maliyyə dəstəyi ilə bağlı açıq-aşkar verilən, amma əslində, “şərtlər dəyişib” ismarıcı daşıyan açıqlamlar.
Üçüncü ehtimal isə daha dərindir – ABŞ Administrasiyası Ukraynanın iç siyasi dinamikasına birbaşa girişir. Zelenskinin qarşısında “biz səni öz içində dəstəkləyə bilirik, amma bu, sənə nə qədər sərf edir?” dilemmasını qoyurlar. Yəni, Ukrayna liderinin içəridə və dışarıda siyasi çəkisinin necə formalaşacağı, böyük ölçüdə, onun bu cür təzyiqlərə necə cavab verməsindən asılı olacaq.
Lakin unudulmamalıdır ki, “Oval Otaq”da nə baş verirsə-versin, qərarlar daha çox “arxa otaq”larda verilir. Bu brifinq – simvolik güc nümayişi idi, lakin nümayişin hədəfi Zelenski idisə, onun cavabı nə olacaq? - sualı hələ tam cavab bulmayıb. - Ukrayna lideri ABŞ-ın “B planı”na çevrilmədən, durumdan çıxış yolu tapa biləcəkmi? Cavab yaxın aylarda, səhnənin görünməyən hissəsində veriləcək.
Onu da unutmayaq ki, Aristotel məntiqiylə yanaşıb da, “Zelenski (İkrayna) uduzdu - Tramp (ABŞ) uddu”, “Tramp və Vens uduzdu - Zelenski uddu”, “Ukraynaya ziyan, Rusiyaya xeyir” oldu” və s. kimi ikili düşüncə məntiqi burada doğru deyil; Lütfizadə məntiqiylə daha doğru sonuca vara bilərik: bu, bir diplomatik sürəcdir, hələ udan-uduzan yoxdur, əksinə imkanlar, alternativlər çoxluğu üzərində iş gedir…
Nə gizlədim,
“Oval Otaq”da olanlara, bənzəri dialoqlara, gedişatlara və s. baxınca, öz ölkəmizin tarixi Zəfəri, Zəfərin memarı gözdə, könüldə bir daha və bir daha yüksəlir, yüksəlir! Biz “mümkün olmayacaq” deyiləni mümkün etmişik!..
Bir də, axı “Dünya beşdən böyükdür”… Və bu kəlamın müəllifi olan Cümhurbaşqanının, Sezai Karakoçdan sevərək söylədiyi şeirin ismarıcları yada düşür:
“Ölkəndəki quşlardan nə xəbər vardır?
Məzarlardan belə yüksələn bir bahar vardır.
Eşq cəlladından nə çıxar, madam ki, yar vardır,
Yoxdan da, vardan da ötədə bir Var vardır.
Həmişə məndə deyil suç, məni yandıran bir nəzər vardır,
O şərqiyə özənib söylənəcək misralar vardır.
Heç vaxt, qədər demə, qədərin üstündə bir qədər vardır.
Nə etsələr boş – göylərdən gələn bir qərar vardır.
Gün batsa nə olar? - Gecəni onaran bir memar vardır.
Yanmışsam – külümdən qurulan bir hisar vardır.
Yenilgi-yenilgi böyüyən bir Zəfər vardır”!
Slava Ukrayna!
Слава Україні!
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ