Onlayn ictimai-siyasi qəzet
“Bronxoektatik xəstəlik anadangəlmə və qazanılmış olur”
Musavat.com xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri İlqar Mustafayev KİV-ə müsahibəsində deyib.
Müsahibəni təqdim edirik:
- İlqar müəllim, ilk öncə bronxoektatik xəstəliyi barədə məlumat verərdiniz…
- Bronxoektatik xəstəlik – patoloji genişlənmiş və deformasiyaya uğramış bronxların xroniki geridönməz irinli ilthabi xəstəliyidir. Bronxoektatik xəstəliyin təsnifatı müxtəlif kriteriyalara görə aparılır. Belə ki, etiologiyasına görə xəstəlik birincili, yəni anadangəlmə və ikincili, qazanılmış olur. Eyni zamanda, quruluşuna görə silindrik, torbavari və qarışıq, yayılmasına görə isə tək-tək və çoxsaylı ola bilər. Bundan əlavə, bronxoektatik xəstəlik kliniki gedişinə görə bronxitik mərhələ, əhəmiyyətli dəyişikliklər mərhələsi, fəsadlar mərhələsinə bölünür.
Bronxların genişlənməsi və bronxial möhtəviyatın evakuasiyasının ləngiməsi ilthabın inkişafına təkan verir. Bronxların divarında baş verən geridönməz dəyişikliklər bronxoektaziyа ilə nəticələınir. Bronxoektaziya əsasən kiçik bronxlarda inkişaf edir.
- Bronxoektatik xəstəlik hansı hallarda əmələ gələ bilər?
- Bronxoektatik xəstəliyi anadangəlmə və qazanılmış qruplara ayırmaq olar.
Anadangəlmə faktorlara genetik meyillilik (кistik fibroz - mukovissidoz), alfa1-antitripsin çatışmazlığı (hərəkətsiz kirpiciklər sindromu), bronxial ağacın qüsurları (Uilyam-Kembel sindromu), ağciyərlərin kistoz hipoplaziyası (polikistoz), birincili immun çatışmazlığı aiddir.
Qazanılma faktorlara isə respirator traktın xroniki infeksion xəstəlikləri, respirator traktın infeksion zədələnmələrinin qeyri-adekvat və ya natamam müalicəsi və yad cisim daxildir.
- Xəstələr əsasən hansı şikayətlərlə müraciət edirlər?
- Xəstənin əsas şikayətləri əksər hallarda produktiv öskürəkdir. Remissiya dövründə bəlğəm selikli, selikli-irinli, kəskinləşmələrdə isə irinli ifrazatla müşayət edilir. Quru bronxoektazlar deyilən formalarda öskürək quru, az bəlğəmli olur. Səhər daha çox miqdarda bəlğəmin olması və kəskinləşmə zamanı onun miqdarının artması diaqnostik meyardır. Bəzi hallarda qanhayxırma, təngnəfəslik, ümumi intoksikasiya simtomları qeyd olunur.
Belə xəstələrdə qiymətləndirmə anamnezdən, baxışdan başlamalıdır. Eyni zamanda, fiziki müayinə də çox əhəmiyyətlidir. Xəstələrin bir çoxunda əsasən orta ağır və ağır gedişli formalarda emfizematoz döş qəfəsi, çubuqvari barmaqlar və saat şüşəsinə bənzər dırnaqlar, peroral və akrosianoz qeyd olunur.
Perkutor göstəricilər patoloji prosesin miqyası və mərhələsindən asılı olaraq müxtəlifdir (kütləşmə, timpanit, qutuvari səs). Ağciyərlərin auskultasiyasında zədələnmə həcmindən asılı olaraq, bronxoektazlar üzərində bir tərəfli, iki tərəfli quru və yaş xırıltılar eşidilir.
- Bronxoektaziyaya şübhə nə vaxt yaranır?
- Həkimlər xroniki öskürək və bəlğəm ifrazı, qanhayxırma, təkrarlanan pnevoniyalar ilə müraciət edən xəstələrdə mütləq bronxoektatik xəstəliyi nəzərlərində tutulmalıdır. Obyektiv müayinədə ağciyərlərin üzərində eşidilən daimi yaş xırıltılar da bu xəstəliyə bir işarədir.
- Bronxoektatik xəstəliyin təstiqlənməsində, hansı laborator instrumental müayinələrindən istifadə olunur?
- Təbii ki, laborator müayinələrdə qanın ümümi analizi, qanın biokimyəvi analizi əhəmiyyətlidir. İnstrumental diaqnostikada ilkin olaraq ağciyərlərin rentgenoqrafiyası icra olunur. Lakin diaqnostikada qızıl standart yüksək tezlikli komputer tomoqrafiya müayinəsi hesab olunur. Müalicə və diaqnostikada bronxoskopiya, ağciyərlərin xarici tənəffüs funksiyalarını dəyərləndirmək üçün spirometriya müayinəsi aparılır.
- Bronxoektatik xəstəliyin müalicəsi nədən ibarətdir?
- Bu xəstəliyin müalicə prinsipi konservativ və cərrahi olaraq qeyd etməliyik.
Konservativ müalicədə kəskinləşmələrdə virus əleyhinə preparatlar, antibiotiklər, mukolitiklər, bronxolitiklər, dezintoksikasion tədbirlər, oksigen, müalicəvi bronxoskopiya, remissiya dövründə isə postural drenaj, vibrasion massaj, mukolitiklər, immunomodulyatorlardan istifadə olunur.
Cərrahi müalicə patoloji proses birtərəfli olsa (1 və ya bir neçə seqment, hissə) rezeksiyasından (çıxarılmasından) ibarətdir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ