İnsanlara hürriyət, millətlərə istiqlal!

Orxon yazıları və ortaq Türk dili təklifi

Türk dünyasının birliyini möhkəmləndirmək üçün bütün türkologiya konfranslarında türk xalqlarının qarşılıqlı inteqrasiyası üçün ortaq türkcənin qəbulu müzakirə olunur. Yaxın zamanda təsdiq olunmuş ortaq türk müasir latın əlifbası, bir çox latın qrafikalı türk əlifbalarındakı hərfləri özündə birləşdirib. Bu hal, daha çox rəqəmsal aləmdə faydalı ola bilər və birbaşa ünsiyyət üçün əhəmiyyəti azdır. Amma buna baxmayaraq, bu cür ortaq qərarların qəbulu sevindiricidir.

Şəxsi əminliyim odur ki, türk dünyasına mənsub hər bir insana ortaq türk dili lazımdır. Ortaq dil ortaq şüur və kimliyimizi möhkəmləndirər, ortaq mədəni mühit yaratmaqla türk inteqrasiyasını gücləndirər. Ortaq dil həm də birgə hərbi, diplomatik, elmi əməkdaşlığı da asanlaşdırar, ortaq media, təhsil, texnologiya sistemləri qurmağı sürətləndirər. Ortaq dil türk kimliyinin rəmzinə çevrilməklə, türk gəncliyi arasında ortaq kimlik hissini gücləndirər.

İsmayıl bəy Qaspıralının “Haqqaniyyət” ideyası - Turkustan.az

İsmayıl Qaspıralı

Türk boyları arasında vahid ortaq ədəbi dilin zəruriliyi ideyası XIX əsrin sonlarından etibarən Türk dünyasının böyük fikir adamlarından sayılan “Dildə, fikirdə, əməldə birlik” məfkurəsinin sahibi İsmayıl Qaspıralı tərəfindən irəli sürülmüşdü. Lakin ortaq Türk dili və onun əlifbası ilə əlaqəli 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaydan bəri davam edən müzakirələr hələ də gözlənilən nəticəni vermir. Ortaq türkcə yalnız texniki məsələ deyil, bu, dərin mədəni, sosial-psixoloji uyğunlaşma prosesini də nəzərdə tutur. Ortaq türk dilinin yaradılması üçün geniş ictimai sifariş, mədəni cazibə, türk elləri arasında ortaq konsensus, qarşılıqlı etimad və iqtisadi-siyasi motivasiya olmalıdır.

Bəziləri ortaq türkcə olaraq  bu gün mövcud olan çoxsaylı türk xalqlarından birinin dilini qəbul etməyi irəli sürürlər. Bu fikir Türk özünüidentifikasiyası tam formalaşmamış və ya bunu unutmuş Türk soyları tərəfindən qəbul olunmaya bilər və onları uzaqlaşdıra bilər. Digər alimlər isə müxtəlif türk xalqlarının əlifba və leksikasından söz, ifadə və hərfləri özündə birləşdirən süni ortaq türkcə yaratmağı müdafiə edirlər. Amma süni bir dili öyrənmək istəyən çoxmu adam tapılar? Bu, axı proqramlaşdırma dili deyil ki, süni olsun. Həm də biz öz ululuğumuz süni dillə mi özümüzə və əcnəbilərə nümayiş etdirəcəyik. İnsanların ünsiyyət dili tarix, ənənə, mədəniyyət və əsrlərlə formalaşmış mentaliteti əks etdirməlidir. Süni dil isə bu funksiyaları daşımaq qabiliyyətində olmur. Nəticədə, ortaq türkcə nə bir qohumun dilin məcburi qəbuletdirmə, nə də süni laboratoriyada hazırlanacaq bir layihə olmalıdır.

İllərdir həllini tapmayan problem: Ortaq Türk Əlifbası - Prosesə əngəl olan  kimlərdir?

Tarix boyu Türk ulusu coğrafiyasında təbii şəkildə ortaya çıxmış müxtəlif ümumtürk dilləri mövcud olub: oğuz, uyğur, çağatay dilləri və s. Onlardan bəziləri — qarluq, qıpçaq və oğuz dialekt qruplarının nümayəndələrinin bir-birinə coğrafi yaxınlığı və fəal təmasları nəticəsində ümumidialekt dillərinə çevrilmişdi. Bəs görəsən, hamımızın ümumi köklərinə dayanan və eyni zamanda barəsində kifayət qədər məlumatımız olan hansı dil və əlifbanı tapmaq olaq ki, bu gün o ortaq Türk ünsiyyət ünsürü kimi çıxış edə bilsin?

Axtardığımız, məhz Orxon-Yenisey-Altay-Talas-Turfan yazıları dövrünün dilidir və əsl türk runi əlifbasıdır, hansı ki, prototürklərin miqrasiyası nəticəsində Şərqi və Şimali Avropaya qədər yayılmışdı. Məhz bu yazıların əsasında ortaq türk dili və əlifbası üçün normalar hazırlanmalıdır. Buna alternativ görmürəm.

Yusif Balasaqunlunun “Türklərin şahnaməsi” kimi tanınan “Xoşbəxtliyə aparan elm” əsəri belə başlayır:

Mən çağırış edirəm izimdən gələnə,

Bələd olacaqsan Türk kəlamın lütfünə...

Qeyd etmək istərdim ki, məşhur danimarkalı alim Vilhelm Tomsenin, 19-cu əsrdə Orxon yazılarını deşifrə edib dərc etdirdiyi ilk jurnalın orijinalına sahibəm. Həmin tarixi əsəri vərəqləyəndə məni bu fikirlər yaxaladı.

Elə ki, Orxon-Yenisey yazılarının dili ortaq türk dili kimi qəbul olunacaq, bu türk xalqları arasında tarixə və sənədlərə marağı kəskin şəkildə artıracaq və qarşılıqlı təbii, səmimi bağları möhkəmləndirəcək. Mən əminəm ki, bu hadisə dolayı yolla Avropa xalqları və slavyan-türk icmaları ilə dostluğun möhkəmlənməsinə də xidmət edəcək. Çünki bizim eramızın ikinci minilliyinin başlanğıcındakı dastanlarımız tez-tez bir-biri ilə üst-üstə düşür. Məsələn, türklərlə qohumluq əlaqələrini qəbul edən və Türk Şurasının üzvü olan macarlar son illərdə şəhərlərdə bəzi küçə adlarını türk runi əlifba ilə də yazmağa başlayıblar. Əfsus ki, Türkiyəmizdən fərqli olaraq, Azərbaycanımızda və digər Türk dövlətlərində Göytürkcə kursların sayı son dərəcə məhduddur. Orada runi əlifba xaricində, ortaya qoyulan nəzəriyyələrə dayanaraq dil rekonstruksiyası ilə tələffüzü də öyrədirlər.

Türk dili və əlifbası Türk Dövlətləri Birliyinin ortaq dili ...

Ərəb və fars dillərindən təsirlənməmiş, türklər tərəfindən əsrlər boyu formalaşdırılmış və “İrk Bitig” (“Əlamətlər kitabı”) kimi yazılı abidələrin yaranmasından əvvəlki dil bizim əzəli dilimizdir. Türk runi yazısı, hansını ki, onu unudan türklər sonradan əfsanəvi adla “səbir bitik” (yəni “igidlərin yazısı”) adlandırmağa başladılar, əvvəlcə qədim uyğur, sonra isə ərəb əlifbası ilə əvəz olundu. Bu ərəb qrafikalı əlifba, İslam dinimizin yayılması ilə əlaqədar geniş istifadə olunsa da, türk dillərinin fonetikasına uyğun gəlmirdi. Təəssüf ki, XIII əsrə qədər bu əlifbamız ərəb yazısı ilə əvəz olundu və nəticədə “Kitabi Dədə Qorqud” bizə ilkin formada deyil, dəyişmiş şəkildə çatdı.

XI əsr Qaraxanilər dövlətinin alimi Mahmud Kaşğarinin “Divani lüğət-it-Türk” əsərində “oğuzlarda”, “qıpçaqlarda” qeydləri ilə təqdim olunan sözlər və dil xüsusiyyətləri yer alır. Bu mənbə, eləcə də XIV əsr İbn Mühnanın lüğətindəki məlumatlar bu dillərlə müasir Azərbaycan dili arasında genetik əlaqənin olduğunu göstərir. “Qutadğu Bilik” kimi qədim türk əsərlərindən də çox şey öyrənmək mümkündür.

Xüsusən qeyd edim ki, Azərbaycan bəzi bölgələrində də runi əlifba ilə yazılar aşkarlanıb. Əzəldən biz Türklərin yaşadığı Qərbi Zəngəzur bölgəsində Qarqarlar Daşı dağında tapılan bir metrəlik daşın üzərində mətnin içində “Oğuz” sözünün də həkk olduğu  aşkar edilib.

Ortaq türk dili ilə bağlı YENİ TƏKLİF – Bu ölkənin türkcəsi əsas GÖTÜRÜLƏ  BİLƏR

Əgər biz əcdadlarımızın qədim dilini, Göytürklərin dilini ortaq türk dili edə bilsək, bu dil zamanla bəlkə də bütün dünya üçün də bir “lingua franca”ya çevrilər, çünki o, əzəldən gələn həmrəyliyin, yaradıcılığın, sülhpərvərliyin simvolu olar.

Azərbaycanın 5 manatlıq pul əskinazını əlinizə alın: burada aydın şəkildə qədim türk Orxon yazısı ilə, runi əlifbamızda, böyük türk xaqanı Gültəkinin sözləri yazılıb: “Türk adının və şərəfinin silinməməsi üçün...” Bu yazılarda ülvi bir ruh və milli duyğu vardır. Hətta Bilgə Xaqanın abidəsində Göytürk dövlətinin Çin tərəfindən işğalından sonra həyata keçirilən 50 illik assimilyasiya siyasətinin faciəvi nəticələri də təsvir olunur. Həmin dövrdə  türklər bir-biri ilə çin dilində danışmağa başlayır, milli ruhlarını itirir, uşaqlarına türk adları deyil, yad adlar verirdilər. Nəticədə, xalq öz kimliyini itirməyə başlayır, bu faciə yalnız çox böyük bədəl hesabına, ağır mübarizə ilə aradan qaldırılır.

Doğrudur, bəzən xarici düşmənlə mübarizə aparmaq daxili düşmənlə mübarizədən asandır. Çünki ən böyük təhlükə – insanın öz ruhunu, kimliyini itirməsidir. Bu məsələdə ən vacib silah isə dildir. Ona görə də düşünmək sadəlövhlük olardı ki, qədim runi yazımız təsadüfən milli valyutamızda yer alıb. Bu yazılar milli bayrağımızda türkçülüyümüzü simvolizə edən mavi zolaq kimi, çox mühüm anlam daşıyır.

İdeal halda, əcdadlarımızın dili -  Türk xaqanlıqları dövründə (e.ə. 552–704) istifadə olunmuş dilin və runi əlifbanın - ən optimal variantı seçilərək ortaq türk dili və ənənəvi əlifbası kimi qəbul olunmalıdır. Bu dil zəngin bədii-üslubi vasitələrə və ümumtürk dialekt xüsusiyyətlərinə malik idi və sırf türk leksikasına əsaslanırdı. Əgər bu dil ortaq türk dili kimi qəbul olunarsa, onun təmizliyi qorunmalı, yad sözlərlə çirkləndirilməməli və yeni anlayışlara yalnız türk mənşəli qarşılıqlar tapılmalıdır. Bu dil bizim ümumi böyük tariximizin, həmrəyliyimizin, qarşılıqlı inteqrasiyamızın və anlayışımızın simvoluna çevrilə bilər.

 Rəcəb Tayyip Erdoğan, “dilini itirən bir millətin hafizəsini, şəxsiyyətini və hətta inancını itirəcəyinə” diqqət çəkmiş və zamanında “dünya dili Türkcə” çağırışıyla ilə bir səfərbərlik elan etmişdir.

İlham Əliyev: “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” şüarını da uca tutaraq, ortaq Türk dili və əlifbası qərarlığımızı sürətləndirməliyik və onu dünya dilləri, birləşmiş millətlər dilləri arasına salmalıyıq.



Uzman Dr. Aydın Talışinski
“Dialoq və İnkişaf Naminə” QHT-nın təsisçisi və idarə heyətinin üzvü
UİD Azərbaycan (United International Democrats) idarə heyətinin üzvü

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR