Onlayn ictimai-siyasi qəzet
“The Washington Post” nəşri yazır ki, Mərkəzi Asiyada Rusiyaya qadağan olunmuş texnologiyaların və materialların tədarükü üçün gizli sistem təşkil olunub.
Qeyd olunur ki, rəsmi Moskva Çinin pilotsuz təyyarələrinə və alman elektronikasına qoyulan qadağadan yan keçməyə kömək etməyə hazır tərəfdaşlar axtarır və bir çox hallarda onları tapır.
“Nəqliyyat etiketində Çin dronları meyvə bağlarında və böyük təsərrüfatlarda istifadə olunan güclü kombaynlar kimi göstərilir. Mayın əvvəlində bir ədədi təqribən 14 000 dollara olan dronların bütün partiyasını alan Rusiya şirkətinin adi isə bu “kombayn”ların isifadəsində başqa variantların olacağına işarə edir", - məqalədə bildirilir və malı alan Rusiya şirkətinin heç də aqrar müəssisə yox, hərbi-sənaye müəssisəsi olduğu iddia olunur.
Nəşr yazır ki, pilotsuz təyyarələrin qarşısı Qazaxıstan və Qırğızıstan sərhədi yaxınlığında gömrük əməkdaşları tərəfindən kəsilib. Hadisədən bir neçə həftə sonra danışan Amerika rəsmiləri üçün bu epizod qeyri-adi olay olub. Onların fikrincə, əksər hallarda belə mallar Rusiyaya maneəsiz, gizli şəkildə daxil olur.
Co Bayden administrasiyasının nümayəndələri bildirirlər ki, onları xüsusilə Qırğızıstanın rolu narahat edir, çünki bu ölkə pilotsuz təyyarələr partiyasının gətirildiyi və ötürüldüyü tranzit dəhlizdir.
“6,7 milyon əhalisi olan dağlıq, dənizə çıxışı olmayan respublika bir vaxtlar sovet imperiyasının cənub sərhədi olub və indi burada Qərb və Asiya malları üçün kanala çevrilmiş çoxsaylı müəssisələr var. Rusiya Federasiyası qanuni olaraq başqa heç bir yerdən birbaşa ala bilmədiyi materialları o müsəsisələrin vasitəsi ilə əldə edir”, - deyə rəsmi şəxs müsahibəsində bildirib.
O qeyd edir ki, 2022-ci il fevralın 24-dən sonra Qırğızıstanda əsasən Rusiya ilə iş aparan idxal-ixrac şirkətlərinin sayında təəccüblü artım müşahidə olunub. Durumu şərh edən yüksək rütbəli amerikalı məmur bildirib ki, firmalar sanksiyalara məruz qalan Çin və Avropa mallarının satışında kəskin artımdan gəlir əldə edirlər - pilotsuz uçuş aparatları və təyyarə hissələrindən tutmuş optik nişangahlara və qabaqcıl bomba sxemlərinə qədər, onların əksəriyyəti quru yollarla Rusiya Federasiyasındakı şirkətlərə çatdırılır.
Hesabatlar göstərir ki, 2023-cü ilin fevral və mart aylarında Qırğızıstan şirkətləri yüz minlərlə dollar müqabilində Çin və Cənubi Koreya firmalarından həssas elektronika, o cümlədən ixtisaslaşdırılmış yarımkeçiricilər və gərginlik gücləndiriciləri alıb. Həmin dövrdə Qırğızıstandan Rusiyaya təxminən eyni miqdarda elektronika ixrac edilib.
“Yüksək rütbəli amerikalı məmurun sözlərinə görə, malı alan Rusiya şirkətləri əksər hallarda Rusiya müdafiə sənayesinin tanınmış təchizatçıları olub. Üçüncü tərəflərin əməliyyatlarının açıq-aydın xoreoqrafiyası Rusiya xüsusi xidmət orqanlarının işi kimi qəbul edilir, ABŞ rəsmilərinin fikrincə, hazırda bir sıra hərbi möhtəkirlərlə birlikdə iqtisadi sanksiyalardan yayınmağa yönəlmiş sxemlərdə birbaşa iştirak edirlər”, - “The Washington Post” yazır.
Məqalədə qeyd olunur ki, Co Bayden administrasiyası Qırğızıstanı ticarəti dayandırmağa məcbur etmək üçün yeni iqtisadi tədbirlər hazırlayır.
Qırğızıstanın Vaşinqtondakı səfirliyi bəyan edib ki, ölkə rəhbərliyi beynəlxalq normalara riayət olunmasına, qaçaqmalçılıq və digər qeyri-qanuni ticarətə qarşı mübarizəyə sadiqdir. Moskva ilə ticarətin artması qismən dövlət sərhədlərindən malların hərəkətini izləmək üçün elektron sistemlərin təkmilləşdirilməsi ilə izah olunur.
“Qırğızıstan və Rusiya Avrasiya İqtisadi İttifaqının üzvləridir və ümumilikdə Rusiya Federasiyası bizim əsas ticarət tərəfdaşlarımızdan biridir. Bir milyondan çox vətəndaşımız Rusiyada işləyir”, - məlumatda deyilir.
Eyni zamanda, Qırğızıstan Respublikasının rəsmiləri Çinin pilotsuz təyyarələrinin Rusiyaya ixracı cəhdi ilə bağlı xəbəri şərh etməkdən imtina ediblər. Onlar bu faktların həm Qırğızıstanda, həm də iki ay əvvəl təyyarələrin müsadirə olunduğu qonşu Qazaxıstanda yerli xəbərlərdə dərc olunmasına baxmayaraq şərh verməyiblər.
Çinin DJI Agras T-30 pilotsuz təyyarələrinin bir partiyasını Qırğızıstan şirkəti Rusiyadakı bir şirkətə satmaq niyyəti ilə alıb.
14 pilotsuz uçuş aparatı Qazaxıstan ərazisindən yerüstü nəqliyyat vasitəsi ilə daşınarkən gömrükçülər tərəfindən müvafiq ixrac sənədləri olmadığına görə saxlanılıb. Qazaxıstan mətbuatının məlumatına görə, təyyarə qazaxlar tərəfindən müsadirə edilib və Rusiya sərhədinə çatmayıb. Qazaxıstan Respublikasının Vaşinqtondakı səfirliyinin rəsmi nümayəndələri də insidentlə bağlı şərh verməkdən imtina ediblər.
Göründüyü kimi, Rusiya ona tətbiq edilən boğucu beynəlxalq sanksiyaları dəlmək üçün müxtəlif üsullardan və müxtəlif ölkələrdən istifadə edir. Bundan ötrü onun işinə ən çox yarayan ölkələr məhz keçmiş SSRİ-yə daxil olan müstəqil dövlətlərdir. Rusiya bu ölkələri öz qanadı (və təzyiqi) altında ona görə saxlayır ki, belə günlərdə həm süni peyk, həm də bufer kimi istifadə etsin.
Hələlik Kremlin bu siyasəti pis-yaxşı effektiv nəticələr verir. Müstəqil dövlətlərin bir çoxu özlərini Rusiyanın tədarük kontorları, distribütorları kimi aparır, bu ölkəyə birbaşa satılmayan strateji məhsulları xarici ölkələrdən alır, özlərində saxtakarlıqla sənədləşdirdikdən sonra Rusiyaya keçirirlər. Bununla da onlar həm Rusiyaya mal sata bilməyən, amma satıb pul qazanmağa çalışan ölkələrin işinə yarayırlar, həm Rusiyanın beynəlxalq sanksiyalardan az əziyyət çəkməsini təmin edirlər, həm də özləri transmilli kontrabandadan pul qazanırlar.
Ancaq ABŞ və digər üstün izləmə qurğularına, sayıq kəşfiyyat xidmətlərinə malik ölkələr bu cür maxinasiyalardan vaxtında xəbər tutur və lazımi tədbirlər görməyə çalışırlar.
Odur ki, gələcəkdə vasitəçi ölkələrə də sanksiyalar tətbiq edilsə, bu, təəccüblü olmayacaq.
Araz Altaylı, Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ