Onlayn ictimai-siyasi qəzet
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta dəhlizlə yükdaşımalarda ciddi azalma var. Bu barədə məlumat Dünya Bankı ekspertlərinin hazırladığı “Orta Ticarət və Nəqliyyat Dəhlizi: 2030-cu ilə qədər yüklərin həcmini üç dəfə artırmaq və səyahət vaxtlarını yarıya endirmək üçün lazım olan tədbirlər və investisiyalar” adlı hesabatda əksini tapıb. Hesabatdan aydın olur ki, 2022-ci ildə Orta dəhlizlə konteyner daşımalarının həcmi 2021-ci illə müqayisədə 33 faiz artsa da, 2023-cü ilin səkkiz ayı ərzində 2022-ci ilin eyni dövrü ilə müqayisədə 37 faiz azalıb.
Bu rəqəmlər Orta dəhlizin Ukraynadakı işğalçı müharibəyə görə Qərbin Rusiya ərazisindən kənarda yükdaşıma marşrutları yaratmaq planından kənarda qalması təhlükəsi yaradır. Baxmayaraq ki, son aylarda Orta dəhlizin inkişafı üçün layihə iştirakçısı dövlətlərin Avropa İttifaqından dəstək almaq istiqamətində kəskin fəallaşması hiss olunur, yükdaşımaların azalması marşruta olan marağın xeyli düşməsindən xəbər verir.
Dünya Bankının adıçəkilən hesabatına görə, Orta dəhlizə “Rusiyanın Ukraynaya təcavüzündən sonra diqqət artıb. Bu marşrut "ticarət yollarını şaxələndirməyə və iqtisadi dayanıqlığı artırmağa, Rusiya ərazisindən keçən dəhlizlərdən asılılığı azaltmağa" imkan verir. İşğalçı müharibə başlanandan sonra yükgöndərənlər ondan fəal şəkildə istifadə etməyə başlayıblar, lakin tezliklə “dəhlizin imkanlarının sərhədləri görünüb”: “Orta dəhlizin imkanları tükənməmişdi, lakin sərhədi keçmək, daşıma və koordinasiya ilə bağlı problemlər nəqliyyatda çox böyük gecikmələrə və sonradan alternativ dəhlizlərə qayıtmağa səbəb oldu”.
Dünya Bankı ekspertləri bildirirlər ki, “Qara dəniz marşrutuna hazırda operatorlar tərəfindən üstünlük verilir, çünki Türkiyədə adekvat infrastruktur səmərəsizdir və ya mövcud deyil”. Buna görə də ilkin mərhələdə Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçən marşrut nəzərdən keçirilir, Türkiyəni əhatə edən uzantı isə sonra müzakirə olunacaq: “Bu marşrutla yüklərin daşınması Şimal marşrutu ilə (Rusiya üzərindən) müqayisədə üç dəfə uzun çəkir və çoxlu sərhəd keçidləri, yüklərin bir nəqliyyat növündən digərinə yüklənməsi, təşkilati səmərəsizlik üzündən vaxt baxımından dəniz yolu ilə müqayisə edilə bilər. Nəticədə Orta dəhliz transkontinental ticarətdə daha aşağı prioritetə malikdir”.
Dünya Bankı Orta dəhlizin problemlərini də qeyd edib: “Dəhlizin koordinasiyasının və vahid idarəçiliyin olmaması; Xəzər və Qara dənizlərdəki limanların, o cümlədən Xəzər dənizində dəniz nəqliyyatının aşağı istismar səmərəliliyi; tamamlanmış dəmir yolu infrastrukturunun olmaması; müxtəlif ölkələrin dəmir yolu nəqliyyatı operatorlarının qarşılıqlı əlaqədə olduğu sərhəd keçid məntəqələrində gecikmələr; tərəflərin istifadə etdiyi müasir informasiya texnologiyaları həllərinin vahidliyinin və inteqrasiyasının olmaması”.
Hesabatda Orta dəhlizi inkişaf etdirmək üçün təkliflər də hazırlanıb: “Növbəti on il ərzində Orta dəhliz əhəmiyyətli həcmdə investisiya tələb edəcək ki, bu da bir çox cəhətdən ölkələr tərəfindən artıq müəyyən edilib və razılaşdırılıb (müvafiq yol xəritəsi 2022-ci ilin noyabrında imzalanıb). Bununla belə, qısa müddətdə əhəmiyyətli səmərəlilik, digər məsələlərlə yanaşı, daha yaxşı koordinasiya, logistika və rəqəmsallaşma vasitəsilə əldə edilə bilər.
Orta dəhlizin əhəmiyyəti və faydaları onun regiondaxili ticarət dəhlizi kimi gətirə biləcəyi faydalardadır. Azərbaycan, Gürcüstan, Qazaxıstan və Avropa arasında ticarət dövriyyəsinin artması tələbin əsas amilidir. Dəhlizin keçdiyi ölkələrarası ticarətdə 37 faiz, bu ölkələrlə Avropa İttifaqı arasında ticarətdə isə 28 faiz artım var".
Hesabatda qeyd edilir ki, düzgün sərmayələr və siyasət qərarları ilə Orta dəhliz boyunca ticarət həcmi 2030-cu ilə qədər üç dəfə artırıla, eyni zamanda marşrutla yükdaşıma müddəti iki dəfə azaldıla bilər: “Bu, yerli və regional iqtisadiyyatların inkişafına töhfə, həmçinin iş yerlərinin yaradılması, dəstəkləyici sənayelərə tələbin stimullaşdırılması və biznesin cəlb edilməsi vasitəsilə daha geniş əhaliyə fayda verəcək”.
Hesabat müəllifləri hesab edirlər ki, bu nəticələrə nail olmaq üçün bir sıra addımlar atılmalıdır: “Orta dəhlizi iqtisadi dəhliz kimi yenidən nəzərdən keçirmək; dəhlizi tam əhatə edəcək logistik həllər təklif etmək; prosedurları və sənədləri yenidən nəzərdən keçirmək və sadələşdirmək; məlumat axınlarının rəqəmsallaşdırılmasının verdiyi imkanlardan yararlanmaq; prioritetləri aydın şəkildə müəyyən edərək, dəhliz boyunca infrastrukturu və avadanlıqları təkmilləşdirməyə davam etmək”.
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani bildirir ki, Orta dəhliz layihəsi marşrut ölkələri üçün mühüm əhəmiyyətə malikdir: “Bizim yeni məlumatlarımız təsdiqləyir ki, Orta dəhliz təkcə həyat qabiliyyətli deyil, həm də marşrut boyunca yerləşən ölkələrin iqtisadiyyatı üçün kritik ola bilər. Azərbaycan, Gürcüstan və Qazaxıstan digər ölkələrlə birlikdə bu dəhlizin təşviqi ilə bağlı öz baxışlarının razılaşdırılmasında mühüm irəliləyiş əldə ediblər. Dünya Bankı marşrut boyu hökumətlər və digər çoxtərəfli təşkilatlarla tərəfdaşlıqda Orta dəhlizin inkişafına dəstək verməyə hazırdır”.
Orta dəhlizdə problemlərin olduğunu digər qurumlar da deyirlər. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) baş katibi Umberto de Pretto bildirib Çin və Avropa ölkələri arasında trafikin artmasını nəzərə alaraq Orta dəhlizdən maksimum yararlanmaq imkanlarını araşdırırlar. Onun sözlərinə görə, Azərbaycandan keçən bu dəhliz Çin və Avropa arasında ən qısa, amma eyni zamanda ən çətin marşrutdur: “Çünki Orta dəhliz multimodal nəqliyyatdan istifadəni tələb edir, iki dənizdən və bir çox ölkələrdən keçir. Bundan əlavə, bizim Şimal və Cənub dəhlizləri kimi seçimimiz var”.
Qeyd edək ki, Prezident İlham Əliyev hələ ötən il Orta dəhlizin inkişafı üçün marşrut ölkələrinin vahid mövqe, vahid tarif, gömrük siyasəti həyata keçirməsinin vacib olduğunu bildirmişdi. Bu il ərzində dəhlizin təşəbbüskarı olan ölkələr - Qazaxıstan, Azərbaycan və Gürcüstan fəaliyyətlərin sürətli koordinasiyası, vahid siyasətin formalaşdırılması üçün bir sıra addımlar atıblar. Bu il oktyabrın 26-da Tiflisdə keçirilən “İpək Yolu” forumu çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir Yolu” SC və “Gürcüstan Dəmir Yolu” SC tərəfindən paritet əsasda birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb. Bununla da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda multimodal xidmətin inkişafı üçün üç ölkənin dəmiryolçuları səylərini birləşdiriblər.
Açıqlanan məlumata görə, “Middle Corridor Multimodal Ltd.” adlı yeni şirkət Astana Beynəlxalq Maliyyə Mərkəzinin bazasında yaradılır. Birgə fəaliyyət çərçivəsində şirkət “bir pəncərə” prinsipi üzrə xidmətlərin göstərilməsinə, yüklərin çatdırılma müddətinə zəmanət verilməsinə və Çin-Avropa/Türkiyə-Çin istiqamətində multimodal xidmətin inkişafı üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsinə imkan yaradacaq.
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin dediyinə görə, ölkəsi Orta dəhliz üzərindəki çətinliklərin aradan qaldırılması məqsədilə Azərbaycanla yaxından əməkdaşlıq edir: “Orta dəhliz ənənəvi nəqliyyat dəhlizlərinə stabil və təhlükəsiz alternativ kimi ortaya çıxır. O, artıq ən qısa və ən etibarlı Şərq-Qərb nəqliyyat dəhlizlərindən birinə çevrilib. Hazırda biz azərbaycanlı və qazaxıstanlı həmkarlarımızla birlikdə infrastrukturu və imkanları inkişaf etdirərək, prosedurları sadələşdirərək və vahid tarif tətbiq edərək çətinliklərin aradan qaldırılması üçün yaxından işləyirik”.
Orta dəhliz ölkələri arasında tranzit daşımalara aid məlumatların öncədən mübadiləsini təmin edən elektron gömrük qeydiyyatı portalının yaradılmasına da başlanıb. Azərbaycan Dövlət Gömrük Komtəsinin sədr müavini Natiq Şirinovun verdiyi məlumata görə, bu ilin mart ayında 6 ölkə arasında protokol imzalanıb. Protokola əsasən Orta dəhliz boyu malların hərəkət edəcəyi ölkələrin sistemə daxil edilməsi, tranzit məsələlərinin maksimum sadələşdirilməsi hədəflənib: “Həmin protokol əsasında çərçivə sazişi hazırlanıb. Müvafiq prosedurlardan sonra aidiyyəti ölkələrə imzalanması üçün göndəriləcək”.
Əli Əsədov
Azərbaycanın baş naziri Əli Əsədovun dediyinə görə, Orta dəhlizin səmərəliliyinin artırılması üçün görülən işlər nəticəsində istər qiymət, istər sürət, istərsə də keyfiyyət parametrləri üzrə qısa zaman ərzində mühüm nəticələr görünür: “Məsələn, Qazaxıstandan Gürcüstan limanlarına çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldılmışdır. Növbəti il üçün hədəfimiz bu müddəti iki dəfəyə qədər, yəni 11-15 günə endirməkdir. Düşünürəm ki, yaxın perspektivdə görülən işlər bəhrəsini verəcək və bu dəhliz dünya miqyasında ən təhlükəsiz və operativ dəhlizlərdən birinə çevrilə biləcək”.
Ötən ildən Avropanın aparıcı logistika şirkətləri, xüsusən Dannimarkanın “Maersk”, Avstriyanın “Rail Cargo Group”, Finlandiyanın “Nurminen Logistics” və Niderlandın “Rail Bridge Cargo” şirkətləri Orta Dəhlizə az da olsa, yüklər cəlb edir. Noyabrda açıqlanan məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi - “ADY Konteyner” MMC “Maersk” və “Cosco” yükdaşıma şirkətləri ilə əməkdaşlığa başlayır. “ADY Konteyner” elan edib ki, bu layihələr çərçivəsində dəniz xətləri və dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə konteynerlərlə yükdaşımaların həyata keçirilməsi nəzərdə tutulur.
Orta dəhliz ölkələri bir qədər ləng də olsa, marşrutu cəlbedici hala gətirmək üçün addımlar atırlar. Lakin prosesin sürətləndirilməsi, qısa müddətdə böyük nəticələrin əldə olunması son dərəcə vacibdir. Əks halda, yüklər daha əlverişli şərtlərin tətbiq olunduğu marşrutlara axacaq. Belə marşrutlardan birinin əsas noyabrın 2-də İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən toplantısı çərçivəsində qoyulub. Özbəkistan, Türkmənistan, İran və Türkiyə beynəlxalq multimodal dəhlizin yaradılması barədə razılığa gəliblər. Dörd ölkənin nəqliyyat qurumlarının rəhbərləri tərəfindən razılaşma protokolu imzalanıb. Özbəkistan Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, dəhlizin yaradılmasında əsas məqsəd Asiyadan Avropaya yükdaşımaların həyata keçirilməsidir. Tərəflər marşrutu daşıyıcılar üçün cəlbedici etmək məqsədilə vahid və rəqabətqabiliyyətli tariflərin tətbiqi, hüquqi-normativ bazaların uyğunlaşdırılması barədə razılığa gəliblər.
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ