İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuz baş tacımız: Silahlı Qüvvələrimizin yaradılmasından 107 il ötür

Polkovnik: “Geosiyasi arenada gedən proseslər fonunda hər bir ölkənin güclü olması onun suverenliyinin, müstəqilliyinin göstəricisidir”

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gündür.

Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci ilin 26 iyununda Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Cümhuriyyət hökumətinin ilk müntəzəm ordu hissəsini - Əlahiddə Azərbaycan korpusunu yaratmaq barədə qərarı müstəqil dövlətin öz sərhədlərini qorumağa və təhlükəsizliyi təmin etməyə qadir hərbi gücə malik olmasının vacibliyini anlamasını göstərirdi. Lakin Cümhuriyyət cəmi 23 ay yaşadığından ordu quruculuğu prosesi də yarımçıq qaldı. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və müstəqil ordu quruculuğuna son qoyuldu. Sovet dönəmində Azərbaycan ərazisində yerləşən hərbi hissələr SSRİ ordusuna tabe idi. Bu illərdə Azərbaycan vətəndaşları da sovet ordusunda xidmət edib, hərbi təcrübə qazanıblar.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yenidən formalaşdırılması zərurəti yarandı. 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Milli Ordusunun yaradılması haqqında” qərar qəbul etdi. Lakin ilk ordu birləşmələrinin yaradılmasına hələ SSRİ dağılmamışdan əvvəl, məhz 1990-1991-ci illərdə başlanmışdı. 26 iyun tarixi isə simvolik olaraq milli ordu quruculuğunun başlanğıcı kimi qəbul edildi və 1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Silahlı Qüvvələr Günü elan edildi.

Müstəqil Azərbaycanın Silahlı Qüvvələri 1990-cı illərin əvvəllərində həddən artıq mürəkkəb  şəraitdə formalaşmağa başladı. Həm Ermənistanla hərbi münaqişə, həm də siyasi sabitliyin olmaması ordu quruculuğunu ləngidir və çətinləşdirirdi. Lakin sonrakı illərdə ordunun strukturlaşdırılması, peşəkar kadrların hazırlanması, hərbi texnikanın modernləşdirilməsi istiqamətində ciddi addımlar atıldı.

2020-ci il sentyabrın 27-də başlayan və 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi gücünü və Silahlı Qüvvələrin peşəkarlığını bir daha nümayiş etdirdi. Müharibədə əldə olunan qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Müasir texnologiyalarla silahlanmış  Azərbaycan Ordusu strateji planlama ilə zəfər qazandı. Hazırda Azərbaycan Ordusu regionda güclü və peşəkar silahlı qüvvələrdən biri sayılır. Müasir texnika ilə təchiz olunmuş, döyüş qabiliyyəti yüksək olan bu ordu ölkənin təhlükəsizliyinin qarantıdır. Orduda aparılan islahatlar, beynəlxalq hərbi əməkdaşlıqlar və kadr hazırlığı Azərbaycanın hərbi potensialını daha da artırır.

Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabatda bildirilib ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və digər ehtiyat vəsaitlərdən ayrılmış 99,1 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla 2024-cü ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,7 faizi həcmində və ya 6661,3 milyon manat məbləğində vəsait yönəldilib.

2024-cü ilin dövlət büdcəsindən cari ödənişlər üzrə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 6562,2 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2023-cü illə müqayisədə 707,4 milyon manat və ya 12,1 faiz çoxdur. Bu xərclər ÜDM-in 5,2 faizini (2023-cü illə müqayisədə 0,4 faiz-bənd çox), dövlət büdcəsi xərclərinin isə 17,4 faizini (2023-cü illə müqayisədə 1,3 faiz-bənd çox) təşkil edib.

Dövlət büdcəsindən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 3492,9 milyon manat vəsait yönəldilib.

“Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq aparılan tədbirlər çərçivəsində hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35,0 milyon manat vəsait ayrılıb və həmin vəsait hesabına (Bakı şəhəri, Hövsan Yaşayış Kompleksi və Sumqayıt şəhəri, Sumqayıt Yaşayış Kompleksi) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan cəmi 512 ədəd tam təmirli mənzil alınıb. Həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.

2024-cü ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 21,7 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5,0 milyon manat və ya 29,9 faiz çoxdur.

Şair Ramaldanov: “Azərbaycan Ordusu regionda sülh və təhlükəsizliyin  təminatçısıdır”

Şair Ramaldanov 

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov “Yeni Müsavat” a şərhində bildirdi ki, Azərbaycan Ordusu yüksək peşəkarlığı sayəsində dünyanın ən güclü orduları sırasında yer alır və ordumuzun daha da güclənməsi üçün hər cür dəstək göstərilir: “Elə ordular var ki, onlar haqqında danışırlar, elə ordular da var ki, özü danışır. Azərbaycan Ordusu özü danışan ordulardandır, danışmağa sözü var. Əldə edilən nəticələr, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, işğalçı qüvvələrin darmadağın edilməsi, ərazi bütövlüyünün bərpa olunması, müharibədən bir qədər keçdikdən sonra yüksək səviyyədə antiterror əməliyyatının  aparılması, nəticədə suverenliyin bərpa edilməsi bunu sübut edir. Ordumuz bu gün də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevin tapşırıqlarını yerinə yetirir. Hazırda Türkiyə modelinə keçid prosesi gedir. Bununla bağlı Azərbaycan ordusunda çox böyük islahatlar aparılır. Düşünürəm ki, Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən verilən tapşırıqların sonuncu mərhələsindədir. Azərbaycan Ordusu bu gün beynəlxalq təlimlərdə öz peşəkarlığını göstərir və təsdiq edir. Silahlı Qüvvələrin Ali Baş Komandanı qələbədən sonra Azərbaycan Ordusunun dövlət tərəfindən diqqət və nəzarət altında olmasını bilavasitə bildirən cümlə işlətdi. Prezident "Azərbaycan Ordusu lazım olanı alacaq" dedi. Mənə elə gəlir ki, Azərbaycan Ordusuna verilən dəyər, göstərilən diqqət, bundan sonra da güclü ordu kimi inkişaf etdiriləcəyi məhz bu cümlədə tam şəkildə ifadə edilib. Azərbaycan çox mürəkkəb regionda yerləşir. Hazırda Ermənistanla gərginlik davam edir, Rusiya Ukrayna ilə müharibə şəraitindədir, İranda baş verənlər göz önündədir, yəni 3 tərəfdən müharibə şəraitində olan dövlətlərlə əhatə olunan respublikanın Silahlı Qüvvələri çox güclü olmalıdır. Geosiyasi arenada gedən proseslər fonunda hər bir ölkənin güclü olması onun suverenliyinin, müstəqilliyinin göstəricisidir. Hər bir ölkənin gücünün əsas göstəricilərindən biri onun güclü ordusunun olmasıdır. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti yüksək peşəkarlığa malikdir. Bunun üçün lazımi şərait yaradılıb. Azərbaycan Milli Müdafiə Universitetinin tərkibində xüsusi təyinatlı ali hərbi məktəblər yaradılıb. Bu məktəblərdə yüksək peşəkarlığa malik olan savadlı zabit heyəti yetişir. Bu gün Azərbaycanda demək olar ki, bütün ixtisaslar üzrə savadlı kadrlar hazırlanır. Əminəm ki, iqtisadi potensialı yüksək olan Azərbaycan Ordusunun gələcəkdə ən güclü ordular sırasında pillə-pillə irəliləməsi təmin ediləcək".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR