İnsanlara hürriyət, millətlərə istiqlal!

Orbanın gözlənilməz Kiyev və Moskva səfərləri - AB silkələnir...

Macar baş nazirin Zelenski ilə görüşdən sonra Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməsi Brüsseldə etirazla qarşılanıb və ona belə mandat verilmədiyi açıqlanıb; ekspertlərə görə, Budapeşt vasitəçi olmağa can atır

Macarıstan Baş naziri Viktor Orban Rusiyaya səfər etmək üçün Avropa İttifaqından mandat almayıb. “Yeni Müsavat” xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib. 

O, Brüsselin Moskva ilə təmasları istisna etdiyini söyləyib. İyulun 1-dən etibarən Aİ Şurasına sədrlik altı ay müddətinə Macarıstana keçib. Macarıstanın Baş nazirinin Moskvaya mümkün səfəri ilə bağlı xəbərlər yayıldıqdan sonra Avropa Şurasının rəhbəri Şarl Mişel Budapeştin Aİ adından Rusiya ilə qarşılıqlı əlaqədə olmaq səlahiyyətinə malik olmadığını bildirib. Bildirilir ki, Orban Moskvada Putinlə görüşməyi planlaşdırır. Orban Ukrayna və Rusiya arasında vasitəçi kimi çıxış etmək niyyətindədir. “Məncə, onun strategiyası hər iki tərəfi dinləməkdir”, - adı açıqlanmayan mənbə “Faynənşl Tayms” nəşrinə bildirib. 

Bundan əvvəl Orban gözlənilmədən Kiyevə səfər etmiş və atəşkəs təklifi ilə çıxış etmişdi. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, Budapeşt Orbanın Kiyevə səfərindən əvvəl Moskva ilə əlaqə saxlamayıb və Kreml Macarıstanın Baş nazirinin Ukraynaya səfərindən heç nə gözləmir. Avropa Parlamentinin üzvü Sergey Laqodinski isə Orbanın Kiyevə səfəri zamanı təklif etdiyi sülh formulunun perspektivinə inanmadığını deyib. 

“Macarıstanın baş naziri Viktor Orban müstəqil siyasət yürüdən Aİ üzvü olan dövlətin praktiki olaraq yeganə lideridir”. Bunu fransalı politoloq, Rusiya-Fransa Münasibətləri Tarixi İnstitutunun direktoru Emmanuel Leroy deyib. “Bu Avropa İttifaqında cənab Orban müstəqil siyasət yeritməkdə praktiki olaraq təkdir, Avropa İttifaqı 1960-cı illərdə London və Vaşinqtonun maraqlarına tam tabe olmaq ruhunda qurulmuş Anglo-Sakson hərbi maşınıdır”, - deyə Leroy ifadə edib. O, əlavə etib ki, Orban “gözlərini açıb” və Avropa Birliyinin azadlıq və demokratiya anlayışları ilə faktiki olaraq heç bir əlaqəsi olmadığını başa düşüb. Ümumən, Orban Aİ-də Rusiya ilə təmas saxlamağa üstünlük verən avropalı liderdir. Onunla yanaşı Serbiya prezidenti Aleksandr Vuçiçi də göstərmək olar. Orban Rusiya qazını rublla almağa razılaşan tək dövlət rəhbəridir. O, Aİ-nin Kiyevə ayırdığı 60 milyard avronun təsdiqlənməsinə də əngəl olmağa çalışırdı, lakin sonda 27 ölkə ilə həmrəylik göstərdi. 

Rizvan Hüseynov: "İnformasiya müharibəsi real müharibədən daha təhlükəli və  effektivdir" Sitat.info

Rizvan Hüseynov

Siyasi şərhçi Rizvan Hüseynovun qənaətinə görə, əslində Orbanın Zelenskiyə atəşkəs təklifinin müəllifi özü deyil. Onun fikrincə, bu təklifin müəllifi ilk növbədə ABŞ-da hakimiyyətə gəlmə ehtimalı yüksək olan Respublikaçılar Partiyası, yəni Tramp, sonra Vatikandır: “Əlbəttə, buraya Avropadakı bir sıra siyasi dairələr, xüsusilə mühafizəkar qüvvələr də daxildir”. Ekspertin sözlərinə görə, sözügedən seçim Zelenski üçün çox çətindir və onun siyasi karyerasının sonu ola bilər. Ona görə də onun təklifdən imtina etməsi başadüşüləndir. Lakin bu, tamamilə imtina kimi anlaşılmamalıdır. R.Hüseynov bütün hallarda təklifin Ukraynada dövlət idarəçiliyində təmsil olunan siyasi elitanın da nəzərinə çatdırıldığını düşünür: “Biz indi İngiltərənin də əvvəlki kimi səsinin çıxmadığını görürük. Nəticə etibarilə cəbhədə şiddətin artması və sadaladığımız səbəblər atəşkəs təklifinin tamamilə gündəmdən düşməyəcəyini, Zelenskinin qəbul etməməsi halında belə ətrafı tərəfindən müzakirə ediləcəyini deməyə əsas verir”.

Rüstəm Tağızadə: Xarici Agentlər haqqında qanun təsdiqi olarsa Gürcüstanı  nələr gözləyir? - Ajmedia.info

Rüstəm Tağızadə

Siyasi şərhçi Rüstəm Tağızadənin dediyinə görə, Avropa daxilində bəzi ölkələr NATO-ya çox pul köçürmək istəmir: “Bununla mübarizə aparmaq alyansın yeni baş katibi Rutterin üzərinə düşəcək. Cənubi Avropa dövlətləri bu kateqoriyaya aiddir. Macarıstan hökumətinin Rusiya ilə yaxşı əlaqələri NATO-da müəyyən problemlərə yol açır. Rutte ”Brexit" danışıqları zamanı fəal rol oynadı və ölkəsini daha çox Aİ qərarlarının mərkəzinə yönəltdi. Məsələn, O, Avropa dəyərlərinin qorunması, korrupsiya ilə mübarizə və Avropada qanunun aliliyinin qorunması ilə bağlı daha çox səsləndi. Brüsseldə keçirilən Avropa sammitində, insayderlərin dediyinə görə, o, Macarıstanın baş naziri Viktor Orbanı təkcə mətbuat otağında deyil , həm də bağlı qapılar arxasında sərt şəkildə tənqid edib". 

Təhlilçinin fikrincə, ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi onu göstərir ki, Avropa ölkələri daha çox təhlükəsizlik haqqında düşünməlidir və praktiki addımlar atılmalıdır: “Son İsveçrə konfransında əvvəl Rusiya Prezidentinin sülh şərtləri Rusiyanın ambisiyalarından xəbər verir. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya tam miqyaslı müdaxiləsindən sonra G7 ölkələri və Aİ tərəfindən təxminən 325 milyard dollar aktiv dondurulub. Bu aktivlərdən gələn faiz ildə təxminən 3 milyard dollar təşkil edir. G7 planına əsasən, bu 3 milyard dollar beynəlxalq bazarlarda Ukraynaya verilən 50 milyard dollarlıq kreditin illik faizlərini ödəmək üçün istifadə olunacaq. Hazırda Avropada milliyyətçi partiyaların hakimiyyətə gəlməsi onu göstərir ki, Rusiya-Ukrayna müharibəsi Avropa dövlətlərinin hökumətlərini hərəkətə gətirib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR