İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar öz ata yurdlarında firavan yaşayacaqlar”

Azər Badamov: “Bütün tikinti-quruculuq işlərini öz gücümüzlə həyata keçiririk”

30 il erməni işğalçılarının tapdağı altında qalan Qarabağ torpaqlarımızın Şanlı Ordumuz tərəfindən azad edilməsindən 3 il ötür. Artıq bu illər ərzində vaxtilə o yerlərdən didərgin salınmış məcburi köçkünlərimiz dədə-baba torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Onların qayıdış prosesinin də sürətlə getdiyini söyləmək olar.

Heç şübhəsiz ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri milyardlarla vəsait tələb edir. Bunu da Azərbaycan dövləti təkbaşına özü həll edir. Bu da dövlətimizin qüdrətindən xəbər verir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə bu barədə diqqətçəkən fikirlər səsləndirdi. O, çıxışında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə gələn il ən azı 2,4 milyard ABŞ dollarının ayrılması nəzərdə tutulur: “Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur”.

Böyük Qayıdış Proqramının icra olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.

Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, keçmiş məcburi köçkünlər 30 ildə doğma yurd həsrəti ilə yaşayıblar:

16566676934405347716_1200x630.jpg (260 KB)

“Üç il əvvəl rəşadətli ordumuzun torpaqlarımızı erməni işğalından azad etməsi sayəsində keçmiş məcburi köçkünlərin intizarına son qoyuldu. Torpaqlarımız işğaldan azad olunandan dərhal sonra ermənilərin darmadağın etdikləri ərazilərin yenidən qurulması və bərpasına başlanıldı. Qısa bir zaman kəsiyində Şuşaya ordumuzun piyada keçdiyi yolsuz ərazilərdən Zəfər yolu çəkilərək istifadəyə verildi. O cümlədən iki Beynəlxalq Hava Limanı, müxtəlif istiqamətlərdə avtomobil və dəmir yolları çəkilib başa çatmaq üzrədir. Ağalıya, Laçına, Füzuliyə və digər ərazilərə keçmiş məcburi köçkünlər qayıtmağa başlayıb. Son üç ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurma və bərpa işlərinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrılıb. O cümlədən 2024-cü ilin dövlət büdcəsində də 2,4 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərin həcmi 10 min kvadrat kilometrdən çoxdur. Ermənilər 30 ildə bu əraziləri minalarla çirkləndirib. Yenidən qurma və bərpa işlərinə ən böyük mane ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır. Son üç ildə 100 min hektardan çox ərazi minalardan təmizlənib. 2026-cı ilin sonuna qədər isə 280 min hektar ərazinin minalardan təmizlənərək dövriyyəyə buraxılması nəzərdə tutulur. Dünya praktikasında minalardan təmizlənmə prosesinin aparılmasına beynəlxalq dəstək göstərilir. Bizə gələndə isə hələ ki heç bir beynəlxalq tərəfin minatəmizlənmə işləri ilə bağlı dəstək göstərdikləri ilə əlaqədar real bir hərəkəti olmayıb. Minalardan təmizlənmə işi həm bahalı, həm də zaman tələb olunan bir prosesdir. Azərbaycan dövləti öz iqtisadi gücü vasitəsilə həm ərazilərin minalardan təmizlənmə işlərini aparır, həm də yeni infrastruktur və yaşayış məntəqələri tikir. Yenidən qurma və bərpa işlərində bu günə qədər ancaq qardaş Qazaxıstan və Özbəkistanın dəstəyi ilə Füzulidə orta məktəb və yaradıcılıq mərkəzi tikilib. Qalan bütün tikinti-quruculuq işlərini öz gücümüzlə həyata keçiririk”.

Deputat bu yöndə qəbul olunan dövlət proqramından da danışdı:

“İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul olunub. Bu proqrama əsasən işğaldan azad olunmuş ərazilərdə 8 şəhər və 100-dən çox kəndin yenidən tikilməsi nəzərdə tutulur. Artıq şəhərlərin və kəndlərin baş planları təsdiq olunub və tikinti işlərinə başlanılıb. Dövlət proqramına əsasən, 2026-cı ilin sonuna qədər işğaldan azad olunmuş ərazilərə 140 mindən çox keçmiş məcburi köçkün qayıdacaq. Həm də işğaldan azad olunmuş ərazilərdə öz doğma yurdlarına qayıdacaq insanların işlə təminatı məsələləri qabaqcadan həll olunur. Yeni müəssisələr tikilir, sənaye parkları yaradılır və güzəştlər tətbiq etməklə bu ərazilərə investisiyalar cəlb olunur. İş yerlərinin yaradılması həm də bu ərazilərin iqtisadi potensialının dövriyyəyə qaytarılması deməkdir. 2027-ci ilə qədər işğaldan azad olunmuş ərazilərdə məktəblər, ali məktəb, ASAN və DOST xidməti mərkəzləri yaratmaqla öz doğma yurdlarına qayıdacaq insanlar layiqli həyat şəraiti ilə təmin ediləcək. Qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinə Prezident İlham Əliyev şəxsən nəzarət edir. Cənab Prezident son üç ildə işğaldan azad olunmuş ərazilərə 100 dəfədən çox səfər edib. Ölkə başçımızın bütün səfərləri təməl qoyma və açılış mərasimləri ilə zəngin olub. Səfərlər çərçivəsində ölkə başçımız həyata keçirilən layihələrin tikintisi ilə yerində tanış olur və yüksək keyfiyyətlə icrası üçün tapşırıqlarını verir. Bu gün işğaldan azad olunmuş ərazilərin yenidən qurulması dövlətimizin qarşısında dayanan bir nömrəli vəzifədir. Hesab edirəm ki, ölkə başçımızın imzaladığı dövlət proqramı yüksək keyfiyyətlə icra olunacaq və keçmiş məcburi köçkünlər öz ata yurdlarına qayıdaraq firavan yaşamağa davam edəcəklər”.

Yazını hazırladı: Cavanşir ABBASLI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR